“ABŞ asan şəkildə Güləni Türkiyəyə verməz”

18-02-2019, 11:57           
“ABŞ asan şəkildə Güləni Türkiyəyə verməz”
“Yeni Müsavat”ın bugünkü sayının qonağı Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıldır. Müsahibimizlə Türkiyənin İdlib əməliyyatının yubanmasının səbəblərini, qardaş ölkədə gələn ay keçiriləcək bələdiyyə seçkilərini və bir sıra məsələləri dəyərləndirdik.

- Toğrul bəy, nə üçün İdlib əməliyyatı yubanır? Türkiyənin qarşısında hansı əngəllər var?

- Əməliyyatın yubanması və Türkiyənin durdurulma səbəbləri var. Bilirsiniz ki, Amerika bölgədən çəkiləcəyini dedi. Bununla bölgədə yeni bir durum yarandı. Belə olduğu halda əməliyyatın necə olacağı, nə etmək lazımdır kimi suallar yeni diplomatik ortam yaradıb. Bölgədəki oyunçuların fikirlərində dəyişikliklər meydana gəlib. Güvənli bölgə yaradılırsa və bu, Türkiyəyə həvalə edilirsə, bu əməliyyatın olmaması anlamına gələ bilər. Bu məsələlər əməliyyatı ertələyir. Onu da qeyd etmək lazımdır ki, Türkiyə üzərindən bu əməliyyatın keçirilmə variantlarının çox yüksək olduğunu söyləyirlər.

- Sizin təxminləriniz necədir? Yaxın zamanlarda belə bir əməliyyata şahidlik edə bilərikmi?

- Hər an hər şey ola bilər. Nəyisə konkret söyləmək çətindir. Çünki Suriyada vəziyyət elədir ki, hər an hər şey dəyişir. Kim deyə bilərdi ki, Tramp Suriyadan çəkiləcəklərini deyəcək. Soçi görüşlərində də gördüyümüz kimi, bu məsələ gündəmdə oldu. Dolayısı ilə Türkiyə bunu gündəmin əsas məsələlərindən biri kimi öndə tutur. Bu, o deməkdir ki, hər an hər şey ola bilər. Hər şey yaranan vəziyyətlə bağlı olacaq.

- Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda proseslər necə gedir? Bu seçkilərdən gözləntiləriniz, proqnozlarınız necədir?

- Normal proseslər gedir. Hər kəsə bəllidir ki, Türkiyədə seçkilər hər zaman həyəcanlıdır. Bu dönəmdə həyəcan bir azdır. Çünki bələdiyyə seçkiləridir. Burada daha çox partiyaların fəaliyyətləri və ya insanların istədikləri namizədlər önəmlidir. Bu seçkidə yeni koalisiyaların fəaliyyətlərinin şahidi oluruq. Proseslər bir az fərqli gedir. AKP ilə MHP ortaq hərəkət edir. Buna qarşı olaraq da CHP-İyi Partiya birliyi var.

- Şansları necə dəyərləndirirsiniz?

- Bələdiyyə seçkilərində proqnoz vermək çətindir. Bəzi sürprizlərin olacağı söylənilir. Böyük şəhərlərdə ciddi mübarizə gedəcək. Təsəvvür edin ki, prezident Rəcəb Tayyib Ərdoğan İstanbul kimi böyük şəhərə Milli Məclisin sədrinin namizədliyini irəli sürüb. O şəhəri əldə saxlamaq istəyir. Ona qarşı da CHP öz güclü namizədini irəli sürüb. AKP-MHP birliyinin ümumi nəticələrdə önə çıxmaq şansları yüksək görünür. Amma sürprizlərin olacağını təxmin etmək olar. Bu seçkilər iqtisadi krizis çərçivəsində gedir. Bu məsələ seçkilərə təsir edir. Son günə qədər bir şey söyləmək olduqca çətindir. Türkiyə seçicisi son ana qədər fikrini dəyişdirə bilər. Hər an sürpriz yaşana bilər. Ankarada rəqabətin çox böyük olduğunu görürük. Hər iki tərəfin şanslı olduğunu deyənlər var. Hətta CHP namizədinin qalib gələcəyini də söyləyirlər. İstanbulda da eyni fikirdə olanlar var. Son ana qədər hansı addımların atılacağını söyləmək çətindir. Unutmaq olmaz ki, bu seçkilərdə prezident Ərdoğan da tərəfdir. Partiyalı bir prezident var. O da meydanlarda öz partiya tərəfindən çıxış edir. Bunun da təsiri ola bilər.

- FETÖ lideri Fətullah Gülənin Amerikada həbs edildiyi barədə xəbərlər yayılıb. Hətta onun Türkiyəyə yaxın günlərdə ekstradisiya ediləcəyi deyilir.

- Belə dedi-qodular var. Nə Türkiyə, nə də Amerika tərəfindən bununla bağlı rəsmi açıqlama yoxdur. Seçkilər öncəsi ortaya atılmış xəbər də ola bilər. Təki bu həbs reallaşsın. Amma ABŞ asan şəkildə Güləni Türkiyəyə verməz. Rəsmi Ankara bu istiqamətdə əlindən gələni edir. Türkiyə daxilində hələ də həbslər gedir. Bu proseslər davam edir.

- Azərbaycan-Ermənistan arasındakı münaqişənin həlli ilə bağlı gedən prosesləri, yəqin ki, izləyirsiniz. Rusiya-Ermənistan arasındakı hərbi əməkdaşlıq müqaviləsinin Azərbaycanla Türkiyə arasında da imzalanması vacibliyi vurğulanır. Siz necə düşünürsünüz?

- Bu məsələlər haqqında çox danışmışam. Onu deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda müharibənin olma ehtimalları azdır. Azərbaycanın ordusu güclənir, iqtisadi durumu Ermənistandan daha yaxşıdır. Hərbi silahları da qat-qat düşməndən güclüdür. Bunlar bir faktdır. Açığı geopolitik durumun dəyişdiyini görmürəm. Rusiya bölgədə yenə də hakimdir. BMT, Avropa Birliyi bölgədə müharibə deyil, barışıq istəyir. Türkiyə ətrafında da ciddi problemlər olduğu üçün tam şəkildə Azərbaycana dəstək verə bilməz. Bu səbəblər Azərbaycan-Ermənistan arasındakı böyük müharibənin olacağı ehtimallarını azaldır. Açığı Azərbaycanın risk alıb belə bir savaşa girəcəyini düşünmürəm. İndiki halda hərbi anlaşmalar imzalanmalı, digər addımlar atılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.