Kubalı legioner: “Azərbaycana gələnə kimi 30-40 dollara döyüşürdüm”

25-02-2019, 08:08           
Kubalı legioner: “Azərbaycana gələnə kimi 30-40 dollara döyüşürdüm”
Alfonso Dominges: “Ailəmi düşünərək uzaqda qalmağa və onlardan kənarda yaşamağa razı olmuşam”
Azərbaycan Boks Federasiyasının legioner idmançılarından sayılan Alfonso Dominges qısa müddətdə uğurlu nəticələr göstərərək azərbaycanlı azarkeşlərin rəğbətini qazanıb. Sputnik Azərbaycan-a müsahibəsində o, həm Kubadakı, həm də Azərbaycandakı boks həyatından danışıb:

- Kuba dünyada boks idman növü üzrə birinci yerdə olan ölkələrdəndir. Məhz bu səbəbdən boksla məşğul olmağa başladınız?

- Kubada, demək olar, hər bir kişi boksla məşğul olur. Boks ölkədə ən populyar idman növüdür. Mən də sevə-sevə boks ilə məşğul olmağa qərar vermişdim.

- Nə üçün Kubanın bayrağını qaldırmaqdansa legioner olmağı üstün tutdunuz?

- Kubada imkanlar çox az olduğu üçün mənə edilən təklifi qəbul etmək qərarına gəldim. Kubada ancaq bir nömrəli boksçuları yarışlara aparırlar. İki, üç, dörd nömrəli idmançılar isə kənarda qalır. Onu da deyim ki, hətta ölkənin ikinci, üçüncü, dördüncü nömrəsi olmaq da hər kubalı idmançıya nəsib olmur. Çünki orada rəqabət çox güclüdür. Tək mən yox, bir çox güclü boksçu Kubanı tərk etməli olur. Bu, eynən braziliyalı futbolçuların ölkələrini tərk etməsinə bənzəyir.

- Deməli, kubalı idmançılar çalışırlar ki, heç olmasa ikinci, üçüncü nömrə olsunlar və başqa ölkələrə getsinlər...

- Sotomayor Lorenzo da Kubada ikinci, üçüncü nömrə idi. Amma Azərbaycanı Olimpiadada təmsil edib medal qazandı. Ona qalsa, o, heç vaxt Kubadan olimpiadaya getməyəcəkdi.

- Siz Kubada neçə nömrə idiniz?

- Mən Kubada üçüncü nömrə idim. Amma ikinci yerdə olan idmançı sadəcə məndən çox yarışlar keçirdiyinə görə məndən öndə idi. Biz qarşılaşanda isə heç vaxt ona uduzmamışam. Kubada daha çox yarışlarda iştirak edib qalib gələn idmançı öndə olur.

- Kubada boksçu qadınlar da güclüdür?

- Kubada boksçu qadınlar güclü deyil. Çox az qadın boksla məşğul olur, onlar da dünya səviyyəsində tanınmırlar.

- Təklif yalnız Azərbaycandan gəlmişdi, yoxsa başqa ölkələrdən də təklif var idi?

- Yox, tək təklif Azərbaycandan gəldi və şərtlər məni qane etdi, razılaşdım.

- Sotomayor Lorenzo sizin Azərbaycana gəlmənizdə kömək edib?

- Xeyir, Lorenzonun Azərbaycana gəlməyimdə heç bir köməyi olmayıb. Kubada tanıyırdım onu, 8-9 yaş məndən böyük olduğu üçün onunla dostluq münasibətimiz olmayıb.

- Kubada idmançılara dövlət dəstək olur?

- Hamı bilir ki, Kuba kasıb ölkədir. Ona görə də orada boksçu ən çox 50-60 dollar qazanır.

- Əgər pul yoxdursa, niyə idmanda bu qədər rəqabət var?

- Boks artıq ruhumuza işləyib. Ona görə də hamı məhz kubalı olduğu üçün boksla məşğul olur. Ən güclülər 400 dollar alırlar, güclü olan, amma milli yığmaya daxil ola bilməyən bəzi boksçular isə 10 dollar qazanır. O pulla əhalinin necə dolandığını mən izah edə bilmirəm. İnsanlar birtəhər yaşayırlar. Mən Azərbaycana gələnə kimi, təxminən, 500 Kuba pesosu alırdım, bu da 30-40 dollar edir.

- Azərbaycanda nə qədər maaş alırsınız?

- Mən Kubada kasıb ailədə böyümüşəm. Ona görə ailəmə baxmalıyam. Burada aldığım əmək haqqı normaldır. Özümü dolandırıram. Atam rəhmətə gedib, Kubada yaşayan anama və 2 yaşlı qızıma pul göndərirəm. Ailəmi düşündüyümə görə uzaqda, onlardan kənarda yaşamağa razı olmuşam. Balaca övladının səndən uzaq böyüməsi və onu görməmək çox ağırdır, amma məcburam.

- Bildiyimiz qədər, sizin ifa etmək bacarığınız da var, musiqi ilə də məşğulsunuz...

- Əvvəllər oxuyurdum, Kubada hər kəs deyirdi ki, gözəl səsin var. Belə-belə mən də oxumağa davam elədim. İndi də idmanla yanaşı musiqi ilə məşğul oluram.

- İdman ilə musiqi üst-üstə düşmür. Seçim etsəniz hansını davam edəcəksiniz?

Hələ ki, idmanı atmaram, bu mənim peşəmdir. Amma boş vaxtlarda məşq olmayanda restoranlarda oxuyuram. Amma qismət nədirsə, o da olacaq.

- Şəxsi həyatdan danışaq... Azərbaycanlı xanım ilə ciddi münasibət qurarsınız?

- Xeyir. Çünki mənim sevgilim var. O kubalıdır, Almaniyada yaşayır. Yenə deyirəm, sabah nə olacağını bilmək olmaz, çünki ürəyə hökm etmək olmur. Amma hələ ki, sevgilim var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.