“Türkiyədə də kino və serial sahəsində qohumbazlıq, tanışbazlıq mövcuddur, lakin...”
18-11-2019, 09:44
“Yeni Müsavat”ın budəfəki qonağı tanınmış rejissor və aktyor, “Qızıl pəri” mükafatçısı Namiq Ağayevdir. Bu günə qədər bir sıra filmlərin müəllifi və iştirakçısı olan N.Ağayev hazırda tarixi “İrəvan xanlığı” filminin həm rejissor, həm də ssenari işi üzərində çalışır.
Rejissorla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində görüşüb, yeni çəkiləcək tarixi film, hazırda nümayiş olunan serial və kinolardakı problemlərdən söz açdıq:
- Hazırda nələr üzərində işləyirsiz, çalışırsınız?
- Həyatımın yarısı teatra həsr olunub, həmişə gün ərzində ikiyə bölünürəm. Hazırda Kukla Teatrında gənc aktyorlara “master-klass” keçirəm və eyni zamanda tamaşa da olacaq. Yəni teatr fəaliyyətimi davam etdirirəm. Lakin bildiyiniz kimi, son illərdə kino sahəsində də aktivləşmişəm və hazırda “İrəvan xanlığı” filminin ssenarisi üzərində işləyirəm. Bu çox strateji əhəmiyyətli mövzu olduğu üçün çox hökumət qurumları, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi bu işə cəlb olunub.
- Film dövlət tərəfindən maliyyələşir?
- Hələ ki, bu film “xalq filmi” statusundadır. Yəni istənilən Azərbaycan vətəndaşı onun ərsəyə gəlməsinə dəstək ola və hətta kütləvi səhnələrdə iştirak edə biləcək. Bununla da film ümumi respublika masştabında çox bahalı layihə olacaq. Bildiyiniz kimi, İrəvan mövzusu çox tarixi, milli mövzudur. Bu yaxınlarda ermənilər Los-Ancelesdə 1915-ci il “soyqırımı” mövzusuna aid 98 milyon dollarlıq film çəkdilər. Həmçinin aprel döyüşlərinə də film həsr ediblər. Buna qarşılıqlı cavab olaraq bizdə də hərbi-vətənpərvərlik mövzusu kənarda qalmır. Lakin bu sahədə böyük aktivlik, hərəkətlilik olmalıdır. Bu baxımdan “İrəvan xanlığı” mövzusunü düşünmüşük. Qeyd edim ki, filmə investorlar cəlb edilib, danışıqlar gedib ki, burada İrəvan şəhərinin maketi tikilsin. Yəni xoşbəxtəm ki, onun ssenarisi yazılır. Filmin rejissoru həmçinin özüməm və ssenarisini Pərviz İmanovla birgə işləyirik. Ssenari də ki, gərək “dəmlənsin”. Film “Run Film” tərəfindən hazırlanır.
- Bu cür böyük çaplı filmlər çəkiləndə rejissorlar şikayətlənir ki, indiki tamaşaçı bu cür filmlərdənsə, yüngül komediyalara üstülük verir.
- Hazırda paytaxtda komediya balansı əyilib. Bir çox hallarda kino mütəxəssisləri günahı tamaşaçının üzərinə yıxır ki, yaxşı filmə baxmaq istəmirlər. Ayıb olsun o kino mütəxəssislərinə ki, “tamaşaçıların səviyyəsi yoxdur, ancaq komediya filmləri istəyirlər” deyirlər. Halbuki bunu deyənlərin özləri səviyyəsiz məhsul ortaya qoyur.
Bildiyiniz kimi, əsasən 5 üslubda film çəkilir. Birincisi eşq filmləri - eşq əslində bir “elm”dir və bizimkilərin bu “elm”lə arası yoxdur. Hərçənd ki, Füzulini, Nəsimini sevərik, amma eşqi kinoya yansıda bilmirik. Bu cür filmlərə o qədər də maliyyə tələb olunmur, yəni daha ucuz başa gəlir. Xatırlayıram ki, tələbə vaxtı canlı küçə müşahidələri keçirirdik. Beləliklə, canlı həyat hadisələrini sonradan film və tamaşalara yansıdırdıq. Amma indi filmlərdə görüntülərdə qeyri-teatrallıq, çox səliqə-səhmanlı həyat tərzi mövcuddur. Yəni əylənmə formaları, münasibətləri çox bəsit və kasaddır. Ona görə də filmlərə gerçəklik yansımır. Tarixi filmlər - bu filmlər bahalı olduğundan çox az hallarda çəkilir. Daha sonra qorxulu, aksion, psixoloji filmlər. Bizdə bu qeyd etdilərim arasında daha çox komediya filmlərinə üstünlük verilir.
- Niyəsə son vaxtlar filmlər əsasən kommersiya və festival kateqoriyalarına bölünür.
- Bu, doğru deyil. İkisinin bir arada olması çox çətindir. Dahi sənətkarlarımız bunu bacarıblar. Hazırda kommersiya tipli filmlərin sanki elə ucuz və səviyyəsiz olmalıdır kimi bir qanunsuz termini yaranıb, bu cür konsepsiya formalaşıb. Qətiyyən doğru deyil.
- Sovet dövründə çoxlu sayda şedevr filmlərimiz çəkilib. Hansı ki, həmin dövrdə heç də texniki avadanlıq indiki kimi deyildi, aktyorlar isə öz obrazlarını fədakarcasına, inandırıcı oynayırdı. Müstəqillik dövründə bir-iki filmi çıxmaq şərti ilə niyəsə sanballı filmlər çəkilmir. Ya da çəkilir, amma təbliğatı aparılmır, biz tamaşaçılar onu görə bilmirik, səs-soraqları yalnız beynəlxalq festivallardan gəlir.
- SSRİ vaxtında avadanlıqlar əla idi və Amerika ilə güclü, qlobal rəqabət var idi. Hətta o dövrdə teatrların və kinostudiyaların bazalarını hərbi sənayenin nümayəndələri tikirdi. Həm də o zaman filmlər daha çox Moskvada çəkilirdi və bu zaman müxtəlif xalqların tanınmış sənətkarları da cəlb olunur və rejissorda bəlli bir dünyəvi temperatim yaranırdı. Müxtəlif temperatimlərin birləşməsi mükəmməl nəticə verir.
İndi filmlərimizin alınmamasının səbəblərindən biri də budur - eyni xalqın içərisində qalırıq, kənara çıxa bilmirik. Doğrudur, gözəl filmlərimiz olur, lakin təəssüf ki, onlar da ancaq festivallarda nümayiş olunur. Kütləvi çıxanlar isə çox bəsit və şitdir. Beləliklə festival üçün çəkilənlər kütləvi deyil, kütləvi olanlar da festivallıq deyil.
Ümumiyyətlə, Azərbaycanın genetikasında qeyri-məntiqi şuür dominantlığı var ki, bu da çox gözəl amildir. Yəni qeyri-məntiqi düşüncə tərzinə malik dahilər yetişir. Xalçada böyüyən və muğam eşidən xalq lirik-qəmgin, publisistik olur. Bu hisslərlə isə böyük bir filmi saxlamaq mümkün deyil. Daha bir məsələ: əfsus ki, sovet dövründə bizim bir çox dahi sənətkarlarımız illərlə kinosuz qaldı. Məsələn, Hüseyn Seyidzadə, o “Dəli Kür” filmindən 9 il sonra “Qaynana”nı çəkib. Belə çıxır ki, rejissor 9 il ərzində passiv qalıb, yeni film çəkməyib. Səbəb isə indi də davam edən qohumbazlıq, yerlibazlıq məsələsi olub. Tutaq ki, film çəkirsən və qohumunun xahişini rədd edə bilmirsən, nəticədə qeyri-peşəkarlar bu sahəyə ayaq açmağa başlayır.
- Elə bunun nəticəsidir ki, tamaşaçılar serial və filmlərdə aktyor oynunu bəyənmir. Əksər hallarda aktyorlar öz obrazlarını inandırıcı təqdim edə bilmir, sönük çıxış edir. Peşəkarlar isə kənarda qalıb. Kənarda qalmaq onların öz seçimidir, yoxsa dəvət olmur?
- Doğrudur. Səbəb isə odur ki, sənət aləmində kompleksli insanların sayı çoxalmağa başlayıb, qorxaqlıq, paxıllıq daha çox kütləviləşib. Məsələn, hər bir ana istəyir ki, oğlu rejissor olsun, ata istəyir ki, oğlu birinci olsun və sairə. Beləliklə, böyük bir axın kütlə kino sahəsini tutub, burada nəzarət yoxdur, qeyri-peşəkarlıq baş alıb gedir. Lakin seriallar gənclər üçün yaxşı praktikadır.
- Seriallarda qeyri-peşəkarlıq daha çox görünür... Məsələn, peşəkar kimi sizə serial çəkmək təklif olunub?
- Əlbəttə ki, olub. Lakin razılaşmamışam.
- Səbəb?
- Serial əslində böyük ölkəyə yaraşan bahalı sahədir, çünki reklam yatırımı böyük olur. Məsələn, kinonu “ac qarına” çəkmək olar, çıxarsan festivala, canın qurtarar. Serial isə publikadır. Biz görürük ki, inkişaf etmiş ölkələrdə serial film səviyyəsində çəkilir, bütün kadrlar muncuq kimi bir araya gətirilir. Azərbaycanda çəkilən seriallar isə reklam yatırımından uzaqdır və çox mənasızdır. Mən bunu qətiyyən dəstəkləmirəm. Lakin tələbə üçün bu lazımdır. Seriallara yaxşı pul verilmir. Məsələn, bir ssenariyə 60-70 manat pul verilir. Demək ki, bu ancaq tələbə statusunda ola bilər, peşəkar necə 60-70 manata ssenari yazsın.
- Yəni maliyyə yaxşı olsa, serial da yaxşı çəkilər.
- Əlbəttə.
- Amma 2011-13-cü illərdə dövlət tərəfindən seriallar üçün ümumilikdə 11 milyon pul ayrıldı, amma ortalığa bir şey çıxmadı.
- Televiziyanın bazasında çəkilən seriallar nisbətən az maliyyə tələb edir. Məsələn, texniki avadanlıqlar verilir, arada çay-kofe, bonuslar təklif olunur. Lakin bu şərtlərlə serial çəkmək mənasızdır və qətiyyən əleyhinəyəm. Kadrlar ya tikintlərdə çəkiləcək, bu da nə qədər olacaq, ya da ki, vilların divarlarına əl vurmaq olmaz, kadrlarda divarlar ağ, krem rəngində olur. Sovet dövründə kinolar niyə alınırdı, ona görə ki, milyon parametr bir xəttin içərisində əriyirdi. Parametrlərə atmosfer, təbiət, rəng, baxış, dramaturgiya və sairə daxil idi və onların hamısı birləşdirilib, bir yumruq kimi bir xəttin içərisinə daxil edirdilər. İndi isə bu yoxdur, ailə-məişət janrından kənara çıxa bilmirik. Ssenaridə mütləq kimsə həbs həyatı yaşamalıdır, kimsə aldatmalı və ya aldanmalıdır, mütləq xəstəxana kadrları olmalıdır. Hər şey “kopy-paste”dir. Bunun axrını da görmürəm. Pessimist deyiləm, lakin bir nəticəsini də görmürəm.
- Sizcə, heç bir dəyişiklik olmayacaq?
- Sizcə, Qarabağ haqqında serial çəkilsəydi, pis olardı? Lakin qeyd etdiyim kimi, buna da maliyyə lazımdır. Tutaq ki, bu mövzuda nəsə çəksən kadrlara tank çıxartmalısan, kütləvi səhnələr, müxtəlif qrafik işləri olmalıdır. Bütün bunlar da xərc tələb edir. Ona görə də seriallarda ancaq villarda baş verən ailə-məişət məsələləri cərəyan edir.
Beləliklə, kinolarımızın inkişaf edəcəyinə inanıram, amma seriallar üçün bunu deyə bilmirəm. Kino çəkməyə imkanı olan rejissorlar var. Lakin onlar da düşünür ki, tək başına kino çəkmək risklidir. Yəni serialı çəkəndə bir seriyası yaxşı olmayanda digər seriyasında düzəliş edə bilirsən. Amma kinoda belə deyil. Ona görə də bəzi rejissorlar sonda nəticənin yaxşı alınmayacağından qorxub, yaxın durmurlar. Əgər sən qorxursansa, onda niyə rejissorsan? Rejissor heç nədən qorxmamalı, bütün hisslərdən dadmış şəxs olmalıdır.
- Bir müddət Türkiyədə yaşadınız. Niyə gedib, niyə geri qayıtdınız?
- Bəli, 10 il orada teatrla məşğul oldum, tam xoşbəxt yaşadım, yaxşı da qayıtdım. Daha doğrusu, vətən həsrətinə görə geri döndüm. Sevindirici haldır ki, mənim oradakı yetirmələrim indi tanınmış aktyor və aktrisa, super stardılar.
- “Yaxşı qayıtdım” dedikdə maliyyəni nəzərdə tutursunuz?
- Həm maddi, həm də mənəvi. Həqiqətən vətən həsrətinə görə geri döndüm. Doğrudur, mən İstanbulda qəribçilik yaşamadım...
- Müqayisə edəndə yerli və Türkiyə yaradıcılıq mühitində hansı fərqliliklər gördünüz?
- Qohumbazlıq, tanışbazlıq Türkiyədə də mövcuddur. Lakin Türkiyədə bu məsələ daha sərtdir və onlar “xeyr” sözünü deyə bilirlər. Biz isə kiminsə vədinə “bəli” deyib, illərlər çürüdə bilirik. Türkiyədə isə birbaşa “xeyr” deyirlər.
Türkiyə də bizim səhvlərimizi keçiblər. Məsələn, bir zamanlar orada da seriallara manikenlər dəvət edilirdi. Amma indi manikenlər kurs keçərək, yaxşı aktyor, aktrisa ola bilirlər. Lakin deyim ki, hazırda Türkiyədə serial daha çox inkişaf edir, kino sahəsi isə getdikcə geriləyir. Çünki kinoların mövzusu “kopy-paste”dir, seriallar isə dəhşətli dərəcədə pul qazandırır. Beləliklə sənət sektorunda olan bütün şəxslər yüzdə-yüz serial sahəsindədir, kinoya isə enerji qalmır...