Rus politoloq: “Rusiya qələbə qazanmadı, Türkiyə ilə hesablaşmalı oldu”
29-12-2020, 07:18

Qarabağda qarşıdurma davam edir.
Hətta Rusiya sülhməramlılarının bölgəyə gəlişi də bunun qarşısını almayıb. Əksinə, bəzən elə təəssürat yaranır ki, qanunsuz birləşmələr məhz ruslara güvənir.
KONKRET.az xəbər verir ki, Moskva Karnegi mərkəzinin direktoru Dmitri Trenin Azadliq Radiosuna müsahibə verib. Politoloq gündəm barədə sualları cavablandırıb.
Müsahibəni Azadliq Radiosunun Ermənistan xidmətinin rəhbəri Qrayr Tamrazyan götürüb. Trenindən əvvəlcə Rusiyanın niyə fəal əməliyyatlara imkan verməsi soruşulub. Politoloqun fikrincə, problemin diplomatik həll yolu alınmadığından, bu variant qaçılmaz olub: “Bir çox analitiklər də qeyd edir ki, Azərbaycan son 20 ildə xeyli güclənib. Türkiyənin bölgədə fəallığı da artıb. Hər şey indiki ssenariyə aparırdı. Azərbaycanın aşkar üstünlüyü şəraitində yalnız danışıqlar aktiv əməliyyatların qarşısını ala bilərdi. Rusiya rəhbərliyinə qulaq asanda belə anlaşılır ki, Madrid prinsiplərinə əməl olunmalıydı, Dağlıq Qarabağ ətrafında 5+2 rayon azad edilməliydi. Amma Ermənistan rəhbərliyi bunu yaxına buraxmırdı. Suala başqa tərəfdən yanaşaq: Rusiya Azərbaycan ordusunun qarşısını ala bilərdimi? Ala bilərdi. Amma bu həm də perpektivdə istər Azərbaycanla, istər də Türkiyə ilə açıq toqquşmaya başlamaq anlamına gələcəkdi. Bu isə Rusiyanın milli maraqlarına ziddir”.