“İçim qan ağlayır, 3 minə yaxın ananın, bacının, qardaşın gözü yaşlıdır, necə efirə çıxım?”

1-01-2021, 11:12           
“İçim qan ağlayır, 3 minə yaxın ananın, bacının, qardaşın gözü yaşlıdır, necə efirə çıxım?”
Moderator.az-ın 2020-ci ildə son müsahibi tanınmış sənətçi Nadir Qafarzadə olub. O, bizimlə söhbətində yeni ildən gözləntilərindən və geridə qoyduğumuz ildə yaşananlardan danışdı.

Teref.az müsahibəni təqdim edir:

- 2020-ci ilin son günüdür. Ümumilikdə bu ili necə dəyərləndirirsiniz?

- 2020-ci il bizdən doğmalarımızı aldı. İlin 3-cü ayında koronavirus adlı bir bəla qapımızı döydü. Əslində bu virus Dekabr ayında Çində başlamışdı. Mart ayından bizləri öz ağuşuna aldı. Bu virus özü ilə birlikdə işsizlik, xəstəlik, evə qapanma, yoluxma kimi bir bəla gətirdi. Bu yaşadıqlarımız dəhşət idi. 2020-ci ildə çoxlu itkilərimiz oldu. Bununla bərabər Azərbaycan tarixi üçün qızıl hərflərlə yazılan bir il kimi də dəyərləndirmək olar. Belə ki, Sentyabrın 27-dən II Qarabağ müharibəsi başladı. Azərbaycanın rəşadətli orudusu 44 gün ərzində I Qarabağ müharibəsində işğal olunmuş torpaqlarımızı azad etdi. Biz bu müharibədən qalib kimi çıxdıq. Bu qələbə bizə asan başa gəlmədi. Torpaq uğrunda igid övladlarımız, qardaşlarımız canlarından keçdilər. 3 minə yaxın şəhidimiz var. Allah onlara rəhmət etsin. Qələbə xəbərinə sevinsək də bir gözümüz güldüsə, bir gözümüz ağladı. Bilmədik gülək, yoxsa ağlayaq. Amma olan oldu.

Bu gün də 2020-ci ili yola salırıq, yeni il gəlir. Dünya Azərbaycanlıların həmrəylik günüdür. Yeni ili qarşılasaq da üzümüz gülmür. Bayramı evdə oturub, şəhidlərimizə yas tuturaq keçiririk.

- Pandemiya döməmində nələr yaşadınız?

- İnsanların xasiyyətində, bir-birlərinə olan münasibətində xeyli dəyişikliklər baş verdi. Hətta bir qrup insanlar birləşərək kimisə ləkələmək istədilər. Bununla nə əldə etdiklərini bilmədim. O insanı gözdən salmaq üçün tamaşaçını onun üstünə qaldırırlar. İnsan səhv edə bilər. Allahdan başqa hər kəs səhv etməyə qadirdir. Yıxılan insanların üstünə bu qədər gedilməz. Onsuz da ititrə-itirə gedirik. Pandemiyadan insanlar dünyasını dəyişdi. Nə qədər ailələr əziyyət çəkdi, hələ də müalicə olunan, yoluxan, bu virusla mübarizə aparan vətəndaşlarımız var.

- Siz bu müddətdə nələr etdiniz?

- Karantin qyadalarına əməl edərək evə qapanmışam. Günlərlə evdən çıxmıram. Çıxsam hara gedəcəm? Hər yer bağlıdır. Şəhərimiz boz rəng alıb.

- 2021-ci ildən gözləntiləriniz nələrdir?

- 2021-ci ildə çox şey dəyişə bilər. Dəyişikliyin olması üçünsə bizlər də səy göstərməliyik. Eşitdiyimə görə Mart, Aprel aylarında həyat yaxşı mənada dəyişəcək. İş yerləri açılacaq, evlərə ruzi gələcək. Beyinlər təmizlənəcək. Hazırda insanlar çaşqın vəziyyətdədirlər. Bilmirlər sevinsinlər, yoxsa ağlasınlar. Amma həyat davam edir. Bu ağır vəziyyətdən birlikdə səy göstərərək çıxmalıyıq. Hər qaranlıq gecənin bir gündüzü var. Sabaha ümidlə, sevinclə getməliyik. Düşməni özümüzə güldürməməliyik. Şəhid qardaşlarımız bizə görə canlarından keçiblər ki, sağ qalan insanlar gözəl yaşasınlar, sevincli günlər görsünlər. İndi onların ruhu şad olacaq.

- Bundan sonra planlarınız nələrdir?

- İndi elə bir vəziyyətdəyəm ki, beynim də donum. Artıq Zombiləşmişəm. Bu gündən sabah heç bir proqnozum yoxdur, nəinki bir neçə ay sonraya. Hərşey qalıb Allahın ümidinə. Allah nə yazıbsa o da olacaq. İnşallah ki düşünürəm ki, 2021-ci ildə elə gözəl günlərimiz olacaq ki, bu günləri unudacağıq, şəhidlərimizdən başqa. Onları unutmaq mümkün deyil.

- Niyə sizi daha efirlərdə görmürük?

- Çünki içim qan ağlayır. 3 minə yaxın şəhidimiz var. 3 minə yaxın ananın, bacının, qardaşın gözü yaşlıdır. Necə efirə çıxım? Düşünürəm ki, bu da bir imtahandır.

- Pandemiya dönəmində insanlar pissimistliyə kökləndi və hər kəsin içində bir kin, nifrət formalaşdı.

- İnsanlardan xahiş edirəm ki, bu pissimistlikdən çıxsınlar. Özlərini adaptasiya etsinlər. Bir-birlərinə təhqirlə söyüşlə yanaşmasınlar. Hətta sosial şəbəkələrdə başlığı oxumadan ifaçını təhqir etməyə başlayırlar. Nə baş verir axı? Nə oldu bizə? Axı biz belə deyildik. Allah köməyimiz olsun. Hər şeyin yaxşı olacağına ümidim böyükdür.

- 2020-ci ili Azərbaycan mədəniyyətinin çöküşü hesab etmək mümkündürmü?

- Azərbaycan mədəniyyəti, təhsili çökmək üzrədir. Bir cəmiyyətin ki, mədəniyyəti, təhsili zəifdirsə onun gələcəyi təhlükə altındadır deməkdir.

Bu il sənət adamları arasında itkilərimiz də çox oldu. Aktyorlar, rejissorlar evdə oturdular. Yalnız seriallarımız nümayiş olundu, serialla təkcə mədəniyyəti əldə saxlamaq mümkün deyil. Serial əyləncədir. Bu gün nümayiş olunur, onunla da bitir. Yaxşı filmlər çəkilməli, maraqlı tamaşalar hazırlanmalı, istedadlı gənclər teatrlara, filmlərə cəlb edilməlidir.

İndiki zamanda mədəniyyətimiz çöküşünü yaşayır. Əldə etdiyimiz qələbədən sonra peşəkar musiqilərə daha çox ehtiyac yaranır. Ara musiqilərdən uzaqlaşmaq lazımdır. Milliyəti, cinsiyyəti bilinməyən musiqilər gündəm halını alır. Axı bu Azərbaycan mədəniyyəti, musiqisi deyil. Ritmi bəlli olmayan, söz yığını olan bu ara mahnıları gənclərimizi cəlb edir. Olmaz ki yaxşı əsərlər, musiqilər təqdim edək? Bunun üçün hər birimiz çalışmalı, əlimizdən gələni etməliyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.