“Bəzi idmançılarımız səviyyəsizdir...” - Fazil Mustafa

1-05-2015, 17:50           
“Bəzi idmançılarımız səviyyəsizdir...” - Fazil Mustafa
“Bəzi adamlar fikirləşirlər ki, idman yalnız fiziki gücdən ibarətdir. İdman həm də ağıl və zəkadır. Zəkasız, ağılsız futbolçu uğur qazana bilməz. Bu baxımdan Azərbaycan idmançılarının xeyli hissəsinin səviyyəsi aşağıdır”.

Bunu AzVision.az-a açıqlmasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili idmançılarımızın təhsildən yayınmasını tənqid edib. Bildirib ki, idmançılar ağıllı olmalıdırlar.

“Messi və Ronaldonun futbol meydançasında zəka nümayiş etdirmələrinin hər kəs dəfələrlə şahidi olub. İdmançıya yalnız fiziki qabiliyyət sahibi kimi baxmaq olmaz. Gənclərimizin böyük əksəriyyəti futbola gəldikdən sonra təhsili atırlar. Boks və güləşlə məşğul olmağa başlayanda məktəb müdriyyətinin yaratdıqları imkan daxilində formal təhsil almağa başlayırlar. Amma həmin idmançılar özlərini təhsil sahəsində inkişaf etdirmirlər”.

Millət vəkilinin fikirincə, təhsili olmayan idmançılar gələcəkdə çoxsaylı problemlərlə üzləşirlər: “Həmin şəxslər idmanı atdıqdan sonra davranışlarında müsbət olmayan cəhətlər üzə çıxır, hədəflərini düzgün müəyyənləşdirə bilmirlər. Daha hazırlıqlı idmançılarımız isə məşqçilik fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Bu sahədə Azərbaycanda bir natamamlıq hökm sürür. Yoxsa federasiyalar hər bir idmançının arxasınca düşüb, onları tərbiyələndirməyəcək ki? Federasiyaların özünün də demək olar ki, bu imkanları yoxdur. Onlar pedaqoji müəssisələr deyillər. İdmançıların təhsili məsələsinə xüsusi diqqət yetirmək lazımdır”.

F.Mustafa hesab edir ki, gələcəyini düşünən idmançılar fərqli bir dünyagörüşünə sahib olmaq üçün çalışmalıdırlar.
“İdmanıçı sferasına bələd olan bir insan kimi deyə bilərəm ki, ölkəmizdə də müəyyən dərəcədə dünyagörüşlü və imanı yerində olan gənclərimiz var. Ancaq primitiv və bayağılığa üstünlük verən, yalnız güclərinə güvənən idmançılarımızın da sayı az deyil. Həmin idmançıların gələcəyi yaxşı perspektiv vəd etmir. Bizdə adambaşına düşən idmançıların sayı da azdır. İdmançı məktəbdən uzaq qalmamalıdır. Onlar dünyagörüşlərini inkişaf etdirməlidirlər. Kaka, Ronaldonun davranışlarına baxsınlar. Tərbiyyə və səviyyə yetərincə olmayanda, həmin idmançılar da qısa müddətdə sıradan çıxırlar. Bəzən onlar əsəblərini cilovlaya bilmirlər, başqasını təhqir edirlər. Rəqibi ilə hörmətlə davranan futbolçu uzun illər arenada qala bilir. Türkiyəli Oğuz Çətinin bütün davranışları çox səviyyəlidir. O, aristokrat kimi hərəkət edir. Azərbaycana da gəlmişdi. İdmançılarımız özlərinə bu cür yanaşmalıdırlar”.

Sonda isə millət vəkili qeyd edib ki, idmançılarımız pis vərdişlərdən uzaq olmalıdılar: “İdmançılar narkomaniyadan uzaq olmalıdırlar. Ümumiyyətlə siqaret və içkinin nə olduğunu bilməməlidirlər. Çünki bunlar idmançıların fiziki güclərini məhdudlaşdırır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.