“Baş nazir və parlament sədri prezidentə qarşı cəbhə açıblar” - MÜSAHİBƏ
1-05-2015, 17:51
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasını bu ölkənin parlamentində təmsil edən azərbaycanlı deputat Azər Süleymanov Modern.az saytına müsahibə verib.
- Azər müəllim, Gürcüstanda ətraf mühit və təbii sərvətlər naziri Elquca Xokrişvilinin, onun ardınca idman və gənclər naziri Levan Kipianinin istefa verməsindən sonra hökumətdə böhran yarandı. Baş nazir bu gün Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması ilə bağlı namizədlərin siyahısını açıqlasa da, prezident bir həftə bu məsələnin parlamentdə səsverməyə çıxarılmasını yubadıb. Gürcüstan hökumətində yaranan böhran barədəki fikirləriniz necədir?
- “Gürcü Arzusu” bloku hakimiyyətə gələndən sonra qarşıya qoyulan məqsədlərdən heç birinə nail ola bilməyib. Gürcüstanda hazırda hökumət böhranı ilə yanaşı, iqtisadi böhran də yaşanır. İqtisadi böhran zamanı isə idman naziri ilə ətraf mühit nazirinin istefası təəccüb doğurur. Halbuki, iqtisadi böhrana görə məsuliyyət daşıyan başqa nazirlər var idi.
Onlar, yəni ölkənin iqtisadi fəlakətə sürüklənməsinə görə məsuliyyət daşıyan nazirlər yerində qaldı, günahsız olmayan hökumət üzvləri istefa verdi. Bu onu göstərir ki, Gürcüstan dövlətində ciddi siyasi böhran mövcuddur. Nazirlərin dəyişilməsi ilə heç nə düzəlməyəcək.
- Bir az aydınlaşdıraq, siz konkret nəyi nəzərdə tutursunuz?
- Gürcüstanda kriminal hadisələrin, narkotik ticarətinin, “qanuni orğular”ın sayı artıb, iqtisadiyyat gündən-günə geriləyib. İndiki hakimiyyətin isə bundan çıxış yolu tapacağına ümid yoxdur.
- Sizcə, çıxış yolu nədir?
- Yeganə çıxış yolu ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsidir. Bidzina İvanaşvili isə kənardan müdaxilələrə, dövləti idarə etməyə son qoymalıdır.
- Gürcüstanda baş nazirlə prezident arasında da qalmaqal yaşanırdı. Sizcə, proseslərin mürəkkəbləşməsində bu amil də rol oynayıbmı?
- Gürcüstan prezidenti Georgi Marqvelaşvili Bidzina İvanaşviliyə tabe olmadığına görə baş nazir və parlament sədri ona qarşı cəbhə açıblar. Prezident bu komandanın içərisində yeganə insandır ki, ancaq Gürcüstan haqqında fikirləşir. Ancaq təəssüflər olsun ki, Bidzina İvanaşvili heç bir vəzifədə olmadan hakimiyyətin işinə nəzarət edir. Nazirlərin əksəriyyəti onun tərəfindən idarə olunur.
- Mixail Saakaşvilinin tərəfdarları çoxdur. Bu fakt Saakaşvilinin yenidən hakimiyyətə gəlişini zəruri edə bilərmi?
- Mixail Saakaşvilini istəyənlər çoxdur. Onun yenidən qayıdışına Gürcüstan xalqı qərar verə bilər. Mixail Saakaşvili prezident olanda sübut etdi ki, ölkə tarixindəki ən yaxşı rəhbərdir. Təəssüf ki, onun zamanında tikilən Gürcüstan sökülə-sökülə gedir. Belə getsə, Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi ehtimalları çoxdur.