"Sözün düzü, məni heç toylara dəvət edən də yoxdur"

4-05-2021, 09:58           
"Sözün düzü, məni heç toylara dəvət edən də yoxdur"
“Ümumiyyətlə mən doğum günlərini sevmirəm. Səbəbini də bilmirəm. Bu ilki doğum günümü isə ümumiyyətlə sevmədim. Çünki əhval-ruhiyyəmiz o deyil. Yalandan niyə deyim ki, hər şey yaxşıdır? Mənim 50 yaşım tamam oldu, amma mənə elə gəlir ki, bu yaşın adamı deyiləm. Düzdür, 50 yaş bir igidin ömrüdür. Mən özümü 50 yaşda hiss etmirəm. Düşüncələrim, həyata baxışım tam fərqlidir. Özümü hardasa 25-30 yaşında hiss edirəm. 50 yaşındakı Şəhla mənə yaddır. Amma reallıqla barışmalıyam. Bu 50 il boşuna keçməyib, şükür bu günümə. Düzdür, mən professional səhnəyə 36 yaşımda gəlmişəm, insanlar məni gec tanımağa başlayıb, buna da şükür”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. Sənətçi bir müddətdir ki, pandemiya ilə əlaqədar olaraq müvəqqəti də olsa sənətini dəyişib.

“5-6 ay olar ki, gözəllik salonunda administrator işləyirəm. Oğlum da işləyir. Deyim ki, bu bizim üçün yetərlidir, yox. Qazandığımız pulla evin kirayəsini ödəyirik və ehtiyaclarımızı qarşılayırıq. Bacı və qardaşlarım da mənə maddi dəstək göstərirlər. Allah onların köməyi olsun. Yeməyə bir tikə çörəyimiz var, kirayə evimizin pulunu verməyi çatdırırıq. Nə gizli toylara gedirəm, nə də bir başqa yerə. Sözün düzü, məni heç o toylara dəvət edən də yoxdur. Dəvət etsələr də riski gözə alıb, heç vaxt getmərəm. Bir manat qazanıb 51 manat cərimə ödəyə bilmərəm” deyə müğənni bildirib.

“Qadın kimi xoşbəxtsiz?” sualına isə Şəhla Həmidova belə cavab verib.

“Həyatda xoşbəxt anlar var, insan ömür boyu xoşbəxt olmur. Özümü xoşbəxt qadın hesab edirəm. Özüm üçün şərait qurub-yarada bilməsəm də, çox əziyyətlər çəksəm də, böyütdüyüm oğluma baxanda o xoşbəxtliyi hiss edirəm və Allahıma şükürlər edirəm. Təkbaşına oğlan uşağı böyütmək çox çətindir. Ona kömək olan insanların da Allah köməyi olsun. Mən həmişə demişəm ki, oğlumun boya-başa çatmasında Bürcəliyevlər ailəsinin mənə böyük dəstəyi olub. Göydə Allah, yerdə onlar mənim çox əlimdən tutublar. Mənimlə həm dost, həm sirdaş, həm qardaş, həm oğul ola biləcək bir övladım var. Mən səhər, günorta, axşam Allahıma şükürlər edirəm. Başqa şeylər də ola bilərdi, Allah heç kəsi balası ilə sınağa çəkməsin” deyə Şəhla Həmidova bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.