“Şuşanın icra başçısı döyüşdən bir saat əvvəl kabinetində güllələndi”- Qarabağın Həcəri
22-02-2016, 23:10
Vəzirov: ”Erməni qayıdır”- muştuluğu verirdi...
Femida.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş müfəttişi baş-leytenant, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə müsahibənin IV hissəsini təqdim edir. Səbirə xanım bu hissədə ermənilər tərəfindən Dağlıq Qarabağda törədilən cinayətlərdən, KRUNQ-un fəaliyyətindən və digər hadisələrdən danışıb.
- 1988-ci ildə Dağlıq Qarabağda nələr baş verirdi?
- Ermənilər 1988- ci ildən başlayaraq KRUNQ - Dağlıq Qarabağ İnqilab Komitəsi (ermənicə hərfi mənası durna deməkdir) Təşkilatının rəhbərliyi ilə xaricdən gələn muzdluların və ASALA terror qruplarına mənsub saqqallıların vasitəsi ilə Dağlıq Qarabağın dinc əhalisinə qarşı demək olar ki, gunaşırı terror aktları həyata keçirirdilər. Ağdam-Şuşa yolunda dəfələrlə avtobuslara basqınlar edib qətllər törədirdilər.
Neçə-neçə insanımızı yaralayaraq ciddi xəsarətlər yetirmişdilər. Ağdam – Əsgəran körpüsünü partladır, Xankəndində inzibati binanı gülləbaran etmişdilər. Erməni terror qrupları hər an, hər yerdə insanlarımızı pusquya salıb vahimə yaradırdılar. Tərtər- Kəlbəcər yolunda dəfələrlə qətllər törədilmiş, avtobuslardakı sərnişinlər ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilmişdi. Tərtər-Kəlbəcər yolunda erməni yaraqlıları qəfləti basqın edərək yolda sərnişinlərə hücum etmişdilər. Sərnişinlər içərisində Zərdab rayon polis mayoru, əslən kəlbəcərli Şahlar Şükürov ( Milli qəhrəman) döyüşdə şəhid olmuşdu. Həmin döyüşdə Kəlbəcər sakini olan Çimnaz xanım da (Aşıq Şəmşirin qızı) həlak olmuşdu.
Ağdərədə Sırxavənddən yük maşınını gülləbaran edib, 4 nəfərin cəsədlərinə od vurmuşdular. Sadəcə bizim rəhbərliyin bu işlərə cəsarətləri çatmadı.
- Polyaniçko və Safanovdan danışdız. Onlar kim idi və aqibətləri sonra necə oldu?
Safanov Dağlıq Qarabağa göndərilmiş daxili qoşun kontingentinin komandiri idi. Polyaniçko isə 1988- ci ildə may ayından Azərbaycan Mərkəzi Komitəsinə ikinci katib gətirilmişdi. Özü də Əfqan müharibəsinin aparıcılarından olmuşdu.
20 yanvar hadisələrində onun adı Azərbaycana qoşun gətirməkdə hallanmışdı. Dağlıq Qarabağda vəziyyətlə əlaqədər milli münaqişəni yoluna salmaq zəminində bura təhkim edilmişdi.1991- ci ilin yazında ermənilərin Azərbaycandan tamamilə çıxarılmasını təşkil etmişdi. Sonrakı dövrlərdə Rusiya höküməti tərəfindən Osetiyaya göndərilmiş və orada terrorla öldürülmüşdü. Danışılırdı ki, ermənilərin Azərbaycandan çıxarılması ilə bağlı erməni lobbisinin qəzəbinə düçar edilmişdi...
Atam deyərdi ki, Dağlıq Qarabağ Vilayət Komitəsinin katibi Gevorkovun təşkil etdiyi iclaslarda Polyaniçko millətçilərə görə onu küncə dirəyirdi. Dağlıq Qarabağda ilk yandırılan Qaralar kəndi olmuşdur ki, oradan da Azərbaycanlıları çıxmağa qoymayan Polyaniçlo olmuşdu. Mən burada Polyaniçkonu təbliğ etmək üçün yox, o dövrdə olanları deyirəm. Əfəl rəhbərliyimizin tamaşaçı rolunda hadisələrə biganəliyi baxımından olanları danışıram. Hətta hələ də mənə qaranlıqdır ki, nədən sonralar bizim “verxuşka”da olanlarımız onlarla deyil, Qraçovla (o vaxtlar Rusiyanın Müdafiə naziri, Şerbakla dil tapdılar?
- Ermənilər həmin vaxt azərbaycanlılara qarşı hansı cinayətləri törətmişdi?
Ermənilər Qaralar kəndinin üstündə yerləşən Dovşanlıdan azərbaycanlı ailələrini 3 saata qovub, evlərini qarət emişdilər. Bu Dağlıq Qarabağda yandırılan ilk kənd idi. Xatınbəyli, Ortapəyə və Manikli kənd sakinləri yaşayan Gəncxana sovxoz qəsəbəsində yaşayan 22 ailənin evlərini yandırmış, bir neçəsini yaralamış və 4 nəfəri əsir aparmışdılar. Sonralar kənd sakinləri özləri erməniləri girov tutub öz əsirlərini dəyişmişdilər. Bizim o vaxtki rəhbərliyimizsə ancaq telefonoqramlar verməklə kifayətlənmişdilər. Azərbaycanlıların hayına gələn rus əsgərləri də dəfələrlə ermənilər tərəfindən girov götürülüb, silah- sursat qarşılığında qaytarılırdı.Həmin dövrdə, yəni 1989-cu ilin yazında Ortagüneydə erməni fəalını kənd sakini Aslanov İsacan öldürüb kəndi tərk etdi. Bu, bizimkilərin Kərkicahanda öldürüb meyidi təhqir edilmiş azərbaycanlının qisası üçün həyata keçirdiyi ilk akt idi. Xalq artıq başsız olmalarını anlayır, öz qisasını özü almağa qərar vermişdi. SSRİ dağılanadək bir BTR heyətilə birgə onun evinin arxasında onu ələ keçirmək uçun postda durmuşdu. Respublika prokurorluqundan göndərilmiş bu işi araşdıran Şükür Rzayev Ağdərədə ermənilərlə məsləhətləşsə də,sonda istintaqın gedişindən narazı ermənilər onu girov götürmüşdülər. Elə həmin vaxtda da, Xatınbəyli sakini – indi turkoloq kimi tanıdığımız,döyüşərək ilk yaralanan (onun yaralanmasını “VESTİ” də göstərmişdi) döyüşçü jurnalist, müharibə əlili Xaqani Rzaquliyev və kənd sakinləri Ağdərədə pusqu quraraq karxana müdiri KRUNQ-un sədr müavini Vaqif Qalstyani yanındakı erməniylə birgə girov götürmüşdü. Xeyli pul və maşın təklifinə razılaşmamış və onları möhkəm döymüşdülər. Bunu televiziya vasitəsi ilə Əlisahib Orucov onu alqışlamışdı. Möhkəm döyülən Vaqif açıqlamışdı ki, tezliklə Ağdamı (1989cu il,24 avqust) götürəcəyik. Demişdi ki, hətta bəri başdan Erməni Ümummilli Hərəkatının hesabına Ağdamın Şahbulaq karxanası üçün 10 min manat və Papravənd karxanasından ötru 3 min manat pul ödəmişəm. Onun yanında isə özünü mühafizəçi Vigen kimi qələmə versə də, sonralar onun KRUNQ-un cəza aparatının qəddar başçısı olduğu aşkarlanmışdı.
- Kəndi mühasirəyə alan rus hərbçilərinə görə əsirləri Ağdam DTK sədri Əvəzə təhvil vermişdilər və qarşılığında Şükür Rzayev geri alınmalıydı. Əvəzin həm Şükürün ailəsindən, həm ermənilərdən 400 min civarında pul alması xəbəri yayılmışdı. Sonralar elə işlərə görə KRUNQ-un fəaliyyəti genişlənmişdi. Xankənd mərmər karxanasının müdiri Manuçaryan KRUNQ-un sədri idi. 1989- cu ilin avqustunda, Bərdənin Kətəlparaq kənd sakini Qaladərəsində erməni pusqusuna düşüb qətlə yetirilmişdi. Həmin vaxtlarda Şuşa şəhərinin su kəməri partladılmışdı. İlk dəfə 18 sentyabrda 1988-ci ildə erməni terror qrupu Xocalıya basqın edərək 1 nəfəri qətlə yetirmiş, 25 nəfəri isə yaralamışdı. Daşbulaqda yaşayan az sayda azərbaycanlı ailələrini də qovdular. Bu faktları sadalamaqda məqsədim o illərdə xalqımızın necə köməksiz və tənha qalmasını çatdırmaq və bu günkü nəslə igid oğullarımızın öz təşəbbüsləri ilə düşmən hücumlarını qəhrəmancasına dəf etməklərini çatdırmaqdır.
Bir xalq dünyadakı erməni lobbisinin maliyyəsi hesabına təpədən dırnağa qədər silahlandırılmış ağır texnikalarla təchiz edilmiş formada Qarabağın üstünə yeridilən nizami erməni faşistlərinin qarşısında köməksiz qalmışdılar.
- Yeri gəlmişkən, xatırladım ki, Sovet dönəmində Qarabağ məktəblilərini güllə atmağı öyrənmək üçün Əsgərana hərbi hissəyə aparırdılar . Hadisələr vaxtı isə bu böyük hərbi hissədə kazakların da əlahiddə batalyonu və Pskov polku Ermənistanda yerləşən 7-ci Ordu tərəfindən, məhz bu hissəyə yerləşdirilmişdi. Şerbak isə 20 tankı Ağdamdan keçirməklə bu hissəyə çatdıra bilmişdi. Bütün bunlar bizim hökumətin gözləri qarşısında baş verirdi. Hazırda bu hissə Əsgəran polku adlanır və rus-kazak birləşmələri qalmaqdadırlar. Bu gün Ermənistan hakimiyyətinin də güvənc yeri qalmaqdadırlar. Bu faktları 1994-cü ildə əsir düşmüş Ararat adlı kəşfiyyatçı da təsdiqləmişdi. 366-dan sonra Pskov polku və kazak polku getməyib Daşbulaqda yerləşdi.Onların Xocalı qətliamında rollarından danışacam.
Xankəndi getməzdən 15 gün öncə 1991-ci il dekabrın 11-də torpağını sevən, səriştəli Şuşa icra başçısı Mikayıl Gözəlov erməni qüvvələrinə qarşı hazırladığı böyük döyüş qabağından 1 saat əvvəl kabinetində bu günədək naməlum səbəbdən davamlı güllələrlə öldürülmüşdü.
Bu haqda mənə Şuşa rayon polis idarəsinin rəis müavini Eldəniz Quliyev danışmışdı. Şuşanı illərlə tapança gücünə polis qorumuşdu.
Həmin Eldəniz Quliyev Şuşa-Laçın məhkəmə prosesi başlayanda 1994-cü ilin dekabrında qonaq çağrıldığı Zaqatalada Nayib bulaqda qəfil basqı ilə güllələnməşdi...Vaxtı gələndə bu haqda danışacam...
Gözəlov öldürülən kimi Dağlıq Qarabağın kəndləri - Meşəli Cəmilli, Kərkicahan sonra da Xankəndi şəhəri ermənilərin işğalına məruz qaldı.
1991-ci il dekabrın 25-də Xankəndində evlər yandırılır və 17 min azərbaycanlı yaşamış o günlərədək şəhəri tərk etməmiş hissəsinin döyülərək məcburi şəkildə şəhərdən qovmuşdular. Minlərlə erməni Xankəndi şəhər prokurorluğuna basqın edib, həbsə alınmış terrorçuların azad edilməsini tələb edirdilər. Bərdədəki qohumlarının evlərinə pənah gətirən insanlar ermənilərin onlara vedikləri işgəncədən danışırdılar. Həmin vaxtlar Bərdədən köçən ermənilərisə əhali insani münasibətlər çərçivəsində yola salırdılar. Bakıdasa Vəzirov: ”Erməni qayıdır”- muştuluğu verirdi...
SSRİ dağılan ərəfədə Ağdərənin igid oğulları Ağdərəni blokadaya alıb Çıldıran körpüsünü partlatdılar. Ermənistandan Xankəndinə gündə 12 dəfədən artıq sursat yüklü Mİ-28 vertalyotu uçuşlar edirdi. Onları Timsah (Krokadil) tipli hərbi vertalyotlar qoruyurdu. Ermənistandan gələn bütün yollar bağlıydı. Laçının qəhrəman oğullarının sayəsində ermənilər -Gorus –Laçın –Şuşa-Xankəndi yolundan istifadə edə bilmirdilər. Hələ ki, Xocalı və Şuşa ciddi qorunurdu. Ermənilərə isə Ermənistanı Qarabağla birləşdirən yolu açmaq lazim idi. Bütün səylər bu məsələyə yönəldilmişdi. Hətta beynəlxalq aləmdə ermənilər blokada təbliğatına başlamışdılar. Xalqın kor-təbii olsa da apardığı mübarizə erməniləri pis duruma salmışdı. Onlar öz içimizdə olan rıçaqlarını işə saldılar və nəticə göz qabağındadır. Kim idi bu adamlar?! Bax bunu tapmadıqca məğlub durumda qalacağıq. Qarabağın hava limanı Xocalı nəzarətimiz altında idi . Amma Xocalı gecəsi bizimkilər qəflətən yaxalandıqlarından uçuş zolağını sıradan çıxara bilməmişdilər. Xocalını yerlə yeksan etdilər.Gündə 12-13 dəfə Azərbaycanın hava sərhəddini pozan Ermənistan, yalnız Xankəndindəki rus hərbi bazasındakı meydançadan istifadə edərək Qarabağ cəbhəsinə sursat çatdıra bilirdi. Erməni komandanlığına müharibəni genişləndirmək üçün Xocalı aeroportu lazım idi. Bu baxımdan Xocalının işğalı qaçılmazdı. Mən bunları DTK sədri İlhüseyn Hüseynovun qəbuluna gedəndə danışığından öyrəndim. Qarabağı Azərbaycandan qoparmaq üçün Xocalı yerlə yeksan edilməliydi...
- Həmin vaxtlar Azərbaycana qarşı cinayətlərin törədilməsinə ermənilərə kimlər başçılıq edirdi?
- Qarabağda hərbi qərərgaha general Arkadi Ter-Tedevosyan, Robert Koçaryan, Georgi Petrosyan, Arkadi Qukasyan, Serj Sərkisyan, Samvel Babayan, Oleq Osyan rəhbərlik etmişdilər, Zori Balayansa ideoloji rəhbər idi. Onun şərəfinə Zorik terror qrupu da fəaliyyət göstərirdi. Sonralar Koçaryan - Ohanyan- Sarksiyan üçlüyü vəzifəyə getdilər. Koçaryan tərəfindən səhra komandirləri təyin edilmişdi. Onlardan biri də Melkonyan idi. Onun haqqında sonra ətraflı danışacam. Xocalı qətliamından sonra həmin aeroport kiçik tutumlu Yak-40 təyyarələrini qəbul edirdi...
- Xocalı nəzarətimizdə olanda isə Xankəndi stadionu vertalyotları qəbul edən aeroport rolu oynayırdı. Krokodillərin müşaiət etdiyi Mİ-28 vertalyotları həcmçə ən iri yükdaşıyan vertolyotlar ermənilərin təminatını xeyli yaxşılaşdırmışdı. Necə olursa olsun bunun qarşısı alınmalıydı. Bu işi görmək üçün konkret silah yox idi. Ona görə dağa qalxan dəstə üzvlərinə X.Rzaquliyev pərin,bakın və şüşədən pilotun avtomatla vurulmasını izah edir və hər dəfə krokodillər pulemyotları qoşurdular .Nəhayət 5-ci gün hədəf vuruldu. Xatınbəylilərin AKM (7-62) ilə vurduqları yüklü Mİ-28 vertalyotu Xoramordun üstündə dağa düşüb partladı. Bu Ordumuz tərəfindən vurulan ilk vertolyot idi(1991,dekabr). Dadaş Rzayev bu məsələdən ötrü gecə-gündüz səngərdə olan döyüşçüləri qınamışdı. Deyəndə ki, sizə kim əmr verib, belə cavab almışdı. “Biz partizan müharibəsi aparırıq və sənə tabe deyilik.” Vertalyotun vurulmasından sonra uçuşlar dayandırıldı. Bu adamların içərisində seçilən oğullardan biri də ermənilərin qənimi, ermənilərin işlək yollarını minalayan, indi Bərdədə Veteran təşkilatının sədri döyüşçü Nazim Paşayev idi. Bu uşaqlara Ağdamdan bircə patron da çatmamşdı, təkcə Muradbəyli hərbi hissədən götürdükləri F-1 qumbaralardan və minalardan savayı.
Müharibənin sonunadək döyüşmüş, Laçın dağlarında daha yaxından tanıdığım Koroğlu ləqəbiylə tanınmış,Milli Ordumuzun qurucu zabitlərindən olan AMVİB-nin sədri Füzuli Rzaquliyevin adını xatırlamamaq olmaz. Bu insanlar illərlə ermənilərə qarşi nəsillikcə vuruşmuşlar. 1992 ci ildə aparılmış Ağdərə döyüşlərindən danışanda bu nəslin 17 yaşı tamam olmamış balası Ziyadxan Aslanovun anmamaq günahdı. Əsgərlərimizin içərisinə soxulub döyüşçüləri tırtılları altına salaraq irəliləyən erməni tankının altına qumbara ilə birgə özünü atmışdı. 5 ədəd F-1 qumbarasının partlayışı tankı məhv etmiş və əsğərlərimizin həyatını da xilas etmişdi. Onun bircə adı yazılmış əlini aparıb Bərdədə Şəhidlər Xiyabanında dəfn etdilər. İndi də Marquşevandan Ağdərəyə gedən yolun kənarında o tankın yanmış səbətəsi durur. Amma 9 nəfərə bu hadisəyə görə ad verilsə də, əsil qəhrəmanın sənədləri Müdafiə Nazirliyində itirildi. Baş Guney döyüşündə 3 dayısı da şəhid olmuşdu. Əvəz, Əsəddin,İsa...
Düşmən 286 itki vermişdi. Buna görə Ermənistanda matəm elan olundu...
Hələ 1991ci ilin noyabrında Baş Güneypəyəyə o kəndlərin vəziyyətini öyrənmək üçün getmişdim. Qəbristanlığın yanında evində qaldığım Müzəffər kişidən, onların nəslinin 1988-ci ildən bəri ermənilərin çox pusqularını dağıtdıqlarını eşitmişdim...Sonralar 1992-ci ilin martın ilk günlərindən ermənilərin həmləsinə məruz qalmış o kəndlər -Xatınbəyli, Orta Güney və Baş Güney kəndlərinin 235 nəfər igidləri birləşərək martın 11-dən 12- nə keçən gecə erməni terror qruplarının,rusların və Əlahiddə Dağ-piyada (Qornaya pexota) rotasının da iştirak etdiyi hücumlarını qeyri-bərabər döyüşdə dəf etmişdilər. Düşmən 286 itki vermişdi ki, bunların 28 nəfəri Qornaya pexotanın ruslardan ibarət heyəti idi. Hücum qabağı kəndin qırağındakı meşəlikdə armud ağaclarına çıxıb səhəri gözləyən ruslardan birinin:” Volodya day spiçki”-(Valodya, kibriti ver!) səsini bizim postda duran 5 nəfər eşidərək əllərindəki F-1 qumbaralarını və avtomatları işə salırlar. Armud ağaclarındakı “ARMUDLAR” -ruslar 28 nəfər yerə tökülür. Silahları götürülür və hamısının sənədləri onlar tərəfindən Ağdamda Qərargaha təhvil verilir. Guya bu sənədlər Azərbaycanın xeyrinə işləyəcəkdi. Talıbov Qorxmaz, Həsənov Cəbi, Gülməmmədov Həsən, Balakişiyev Əvəz. Bu adamlara Allah can sağlığı versin... Ermənistanda İrəvan şəhərində martın 13-ü 286 nəfər üçün matəm elan olunmuşdu...
Azərbaycana qaçqınların arasında ermənilər də göndərilir...
- Bir dəfə mənə hələ hadisənin ilk illərində olan bir hadisəni Xaqani danışıb. Sovet Ordusunun yaratdığı komendantlıq sistemində bir rus zabit dostu onu tapıb deyib ki,sizə Ermənistandan daxil olan qaçqınların içərisində ermənilər də göndərilir. Bunu imkanınız varsa xəbər verin. Bu məlumat Dövlət Təhlküəsizlik Komitəsinə, Ziya Yusifzadəyə yazılsa da reaksiya olmamışdı. Əslində Sumqayıt hadisələrində indi vahimə ilə erməni izi axtaranlar bunu bilməliydilər. Kriptolu azərbaycanlı yetişdirən Spitak məktəbinin yetirmələri bu gün də içimizdədirlər. Eşitdiyimə görə Xaqaninin erməni agentləri də olub. Özüdə bütün informasiyalar 99 faiz düz çıxıb. Ermənilərin içində bu münaqişəni istəməyənləri Bakı satırdı... Görəsən indi bizdə müharibə zamanı kimsə agent şəbəkəsi qurmuşdumu? Buna görə də o kəndlər erməni qabağında xeyli duruş gətirmişdi. Gələcək yazılarımda Baş Guneyə çıxan yolda hücumda olan 13 ağır texnikanın 8 BMP və BRDM-in minaya düşməsiylə açılan yoldan keçən tankların hara getdiyini açmağa çalışacağam... Qeyri-bərabər döyüşdə həlak olan kənd igidlərinə Boyəhmədli körpüsündə ağlayıb ona döyüşə girməyə icazə verməyənlərə asi düşən Milli Qəhrəman Şirin Mirzəyevi vaxtı gələndə anacağıq gələcək saylarımızda...Yazacağam ki, BaşGüney yoxuşundan minaya düşən ağır texnikalardan üçü açılan yolla Telli Binə və Manikə girərkən Şirin Mirzəyev 10 nəfərlik dəstə ilə qrantamyotlarla həmin texnikanı geri oturtmuşdu.
Ardı var...