Müstəqil jurnalistin gözü ilə: - Mediamız İkinci Qarabağ müharibəsində...

21-06-2021, 17:58           
 Müstəqil jurnalistin gözü ilə: -
Son günlər “Azərbaycan mediası İkinci Qarabağ müharibəsində” mövzusu yenidən gündəmə gəlib. Buna türkiyəli jurnalist Fulya Öztürkün haqqında film çəkiləcəyi xəbəri xüsusi təkan verib. Elə bu fonda yerli jurnalistlərimiz, onların Vətən müharibəsindəki fəaliyyəti (yaxud fəaliyyətsizliyi), habelə Öztürkün fədakat jurnalist simvolu seçilməsi ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkədə gedən müzakirələrdə əksəriyyət türkiyəli xanım jurnalistin müdafiəsinə qalxsa da, bunun əleyhinə çıxanlar da var.

AYNA yuxarıda qeyd olunan mövzuya dair, ölkədə və ölkədən kənarda “qaynar nöqtələrdə” fəaliyyət göstərmiş müstəqil araşdırmaçı jurnalist Seymur Kazımovla həmsöhbt olub. Beləliklə:

- Seymur bəy, sizcə, İkinci Qarabağ müharibəsində azərbaycanlı jurnalistlərin əl-qolunu bağlayan səbəblər nələr idi?

- Cəhbə bölgəsində fəaliyyət göstərmək istəyən bir qrup jurnalistə ya ümumiyyətlə akkreditasiya verilmədi, ya da çox gec verildi. Bəli, təəssüf ki, belə bir problem var idi. Mənim özümə də cəbhəyanı bölgədə fəaliyyət göstərmək üçün icazə gec verildi. Amma sentyabr ayının 27-də artıq bölgədə idim. Sonradan icazə üçün müraciət etdik və çox çətinliklə akkreditasiya ala bildik. Hər rayonun girişində polis postu var idi, adımızın siyahıda olub-olmadığını yoxlayırdılar. Yəni rahat fəaliyyət göstərmək üçün icazə mütləq lazım idi.

- Jurnalistlərimizin tez-tez təchizatla bağlı şikayətlərini eşidirdik, bu, medianın fəaliyyətinə nə dərəcədə mane olurdu?

- İlk günlər ümumiyyətlə təchizatsız işlədim, jiletim və dəbilqəm yox idi. Onları sonradan başqa redaksiyadan götürdüm. Yerli jurnalistlərin əksəriyyəti lazımi vasitələrlə təchiz olunmamışdı. Ayrıseçkilik var idi. Məsələn, televiziyalar və bəzi KİV-lərin əməkdaşları dəbilqə və jiletlə təchiz olunmuşdu. Mənim kimi müstəqil fəaliyyət göstərənlər isə özləri tapırdılar.

- Deyirlər, türkiyəli jurnalistlərə daha çox imkan yarıdılmışdı...

- Bəli, türkiyəli jurnalistlərə daha çox imkan yaradılmışdı, nəinki azərbaycanlı jurnalistlərə. Gəncəyə raket atılanda bizim medianın geridə qalmasını, Türkiyədən gələnlərin hadisə yerindən birbaşa canlı yayıma çıxmaları ilə bağlı sözlər eşidirik. Ona görə Türkiyə mediası operativ yayım etdi ki, onlar təhlükəsizlik baxımından Gəncədə yerləşdirilmişdilər. Yəni, Ermənistan tərəfinin Gəncəni bombalayacağı kiminsə ağlına gəlmirdi. Biz – yerli jurnalistlər əsasən Bərdədə qalırdıq. Mən özüm müharibənin ilk gününü Ağdam və Tərtərdə keçirdim. Çünki hadisənin episentri həmin ərazilər idi. Gün ərzində Bərdə, Tərtər, Ağdam istiqamətində hərəkət edirdik.

Digər tərəfdən də, haqlı iraddır ki, yerli TV kanalları nə üçün birbaşa yayıma çıxmadılar. Elə yerli TV-lər vardı ki, onlar hadisə yerindən canlı yayımı Türkiyə TV-lərinə qoşulmaqla verirdilər. Yerli TV-lərin bölgələrdə müxbirləri var, adətən, belə olduğunu bilirik. Müharibə dövründə vəziyyət necə idi - yəqin ki, bu sualı özləri cavablandırsalar, pis olmaz. Başqa bir fikir də səslənir ki, yerli TV-lər kimlərdənsə göstəriş gözləyirdilər ki, birbaşa yayıma çıxsınlar. Faktım yoxdur, təsdiqləyə bilmərəm, amma diqqətə alınası qeyddir və aydınlıq gətirilməlidir.

- Sizcə, ümumi baxdığımızda bizim media auditoriyanı informasiya ilə təmin etməkdə nə dərəcədə uğurlu oldu, bunu bacardı?

- Yerli auditoriyaya informasiyanı çatdırdı. Müəyyən qədər xarici mediaya informasiya ötürürdük, amma məsələni geniş təhlil etsək, vəziyyət qənaətbəxş deyildi. Bunun da özünəməxsus səbəbləri var. Birincisi, Azərbaycan jurnalistikası müharibəyə hazır deyildi. İkincisi, Azərbaycanda kifayət qədər hərbi sahədə ixtisaslaşmış jurnalist yoxdur. Üçüncüsü, müharibədən hazırlanan materiallar yuxarıda deyildiyi kimi, daha çox lokal auditoriya üçün idi. Peşəkar səviyyədə Qərb auditoriyasına çıxarılmalı olan jurnalist işi də çox az idi. Az-maz bu sahədə biliyi və təcrübəsi olanlara da ya iş şəraiti yaradılmadı, ya da çox çətinliklə akkreditasiya verildi. Bir məsələyə də aydınlıq gətirək, icazə üçün müraciət edənlərin neçə faizinin hərbi reportyorluq təcrübəsi var və yaxud fəaliyyətinə icazə verilən neçə jurnalist bu sahə üzrə təcrübəli idi? Açıq qalan suallardır.

- Fülya Öztürk haqqında film çəkilir. Bu istiqamətdə qızğın müzakirələr gedir. Sizin münasibətiniz necədir?

- Mənim üçün müzakirə mövzusu deyil. Mən şəxsən bu məsələyə bu qədər diqqət və müzakirə üçün zaman ayrılmasının əleyhinəyəm. Kim kimin haqqında istəyir, onun barəsində də çəksin. Məsələn, AzTV-yə Sirac Abışov və Məhərrəm İbrahimov haqqında film çəkməyə kim mane olur? Yoxsa, AzTV-nin büdcəsi yoxdur? Mütləq Mədəniyyət Nazirliyinin sifarişi olmalıdır? AzTV çəkmir, o biri TV-lər çəksin. TV-lər çəkmək istəmir, onlayn media çəksin. Filmə gərək yoxdur, normal süjet hazırlasınlar. Düşünmürəm ki, kiməsə qadağa qoyublar. İstəsələr, çəkərlər, xüsusi sifarişə gərək yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.