Xalq artisti: “Biz niyə mağmın gündəyik?”
6-05-2015, 09:47
Axar.az “96% səmimi” layihəsinin ilk qonağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzla müsahibəni təqdim edir:
– Ramiz bəy, dramaturgiyamızın hazırkı vəziyyəti sizi qane edirmi?
– Teatra gələn pyeslərin 95 faizi məni təmin eləmir, 5 faizi də elə-belə. Çox pyes təqdim olunur teatra. Ölkənin birinci teatrı kimi müəllif basqısı çoxdur, hamı istəyir pyesi burada tamaşaya qoyulsun. Pyeslərin içində qeyri-peşəkar yazılanları çoxdur. Bəziləri pyesin əvvəlində yazır ki “filankəsə ithaf olunur”. Bununla sanki bizi aldatmaq istəyir. Oxuyub görürsən ki, nə mövzu tamaşaya qoyulmağa layiqdir, nə də üslub. Yazanların çoxu da teatrı bilməyən adamlardır. Bəzən elə bir pyes olur ki, 3-4 teatr bir yerə yığışsa, ortaya bir şey çıxara bilməz. Bir də görürsən kollektivdə cəmi 25 nəfər var, müəllif yazıb ki, “Və bir dəstə jurnalist onun ardınca gəldi”. Bir dəstə jurnalisti haradan gətirəsən? (gülür) Belə bəsit şeylər var. Texniki imkanlardan xəbəri olmayan adamlar da pyes yazır.
– Elə onu demək istəyirdim ki, dramaturq pyes yazanda rollar haqqında aktyorlarla məsləhətləşməli, teatrla daim kontaktda olmalıdır?
– Bəli, teatrla daim kontaktda olmalıdır, səhnəni bilməlidir. Bir pyes var bizdə, demək, səhnədə beş nəfər var. Bir həkim girir içəri, deyir ki, vəziyyət belədir, əlimi harada yuya bilərəm? Deyirlər, pərdənin arxasına keçin. Keçir pərdənin arxasına, amma növbəti söz yenə onundur. Belə çıxır ki, tamaşaçı 1 dəqiqə onu gözləməlidir? Mən ora belə bir şey əlavə elədim ki, guya telefonla danışıram.
– Öz improvizələriniz olur yəni tamaşalarda?
– Bəli, olur. Bir dəqiqə tamaşaçı üçün bir il kimi keçir. Ən əsası da teatra gələn pyeslərin mövzuları bir-birinə çox oxşayır. Mən həmişə rus teatrına, kinosuna həsəd aparmışam. Ruslar çeçenlərlə müharibədədir. Və onlar bu müharibəyə aid yüzlərlə film çəkdilər, minlərlə pyes yazdılar. Bir ideologiya var ortada – fikirləşirlər ki, “mənim xalqıma bu mövzu vacibdi, bu ağrıdan yazmaq lazımdır”. Bizdə isə Qarabağ mövzusuna aid az yazılır. Mənim bir vətəndaş, az-maz da yazar kimi əqidəmə görə, belə mövzularla zarafat eləmək olmaz. Yazmaq xətrinə yazmaq olmaz. Mövzu səni narahat eləməlidir. Onda Cəfər Cabbarlı, Şekspir alınır. Bizdə isə, elə bil, dəbdi, “filankəs bu mövzuda yazıb, qoy mən də yazım”.
– Sizi pyes yazmağa vadar edən də elə bu məsələ oldu, ya özünüzün həvəsiniz, sevginiz var idi dramaturgiyaya, ona görə?
– Yox, elə deyil. Mən üç pyes yazmışam. Birinci pyes 20 Yanvar hadisələrindən bəhs edir. Faciədən 3 ay sonra artıq pyes hazır idi. Bəzən deyirlər ki, hadisənin üstündən çox keçməlidir, hadisə analiz olunmalıdır. Amma üstündən vaxt keçəndə həmin vaxt olan isti faktlar yaddan çıxır. Mənə qəribə gəlir ki, biz niyə belə mağmın günə düşmüşük?
Qarabağ müharibəsi mövzusunda yazdığım “Hələ “sevirəm” deməmişdilər” pyesində tibb bacısı və yaralı əsgər obrazı var. Yaralı əsgər 17-18 yaşında hələ “sevirəm” sözünü eşitməmiş, canlarını qurban verən əsgərlərimizin prototipi idi. Həmin əsgəri realda tanıyırdım, ona görə mövzuya daha bərk bağlandım.
İlyas Əfəndiyevlə Elçin arasında yer-göy fərqi var
– Bayaq Cabbarlının adını çəkdiniz. Sizcə, Axundov, Cabbarlı, Cavid, C.Məmmədquluzadə və s. dramaturqlar kimi çağdaş dövrümüzdə də alternativ imzalar var?
– Kiməsə birmənalı şəkildə “Mirzə Cəlil, Cavid kimi yaz” demək olmaz. Vaxtilə bizə gözəl pyeslər gəlirdi. Məsələn, Anar müəllimin pyesləri. Sonra göndərmədi, səbəbini bilmədim. Bir vaxtlar boşluğu İlyas Əfəndiyevin əsərləri doldurdu. Təbii, hamısı şedevr deyildi, amma yaxşı pyeslər idi: “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı” və s.
– Əvvəl İlyas Əfəndiyevin, indi oğlu Elçinin pyeslərində oynayırsınız. Hansı fərqləri var?
– İlyas Əfəndiyevlə Elçin arasında yer-göy fərqi var. İlyas Əfəndiyev realist dramaturgiyanın ənənələrinə sadiq idi. Əsərlərini lirik-psixoloji planda yazırdı. Elçin isə fantasmaqorik, bəşəri mövzulara daha çox üstünlük verir. Onun pyeslərində bəzən problemin böyüklüyünü tez tapa bilmirsən. İlyas Əfəndiyevdə mövzunun əhəmiyyəti daha əzəmətli idi.
– Kimin əsərini tam ürəklə oynayırsınız? “Hə, bax bu, tam mənlikdir” deyirsiniz?
– Kamil pyes olduğuna görə deyil, sadəcə, problem qıcıqlandırdığına görə Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya?” əsəri əsasına oynadığımız tamaşa mənim ürəyimcə olmuşdu. Müasir dövrdə teatrda əsərləri ən çox və rahat oynanılan müəllif Əli Əmirlidir. Onun çox gözəl teatr bilgisi var. Amma o da bütün teatrlar üçün yazır. Məsələn, mən bir vaxtlar çox böyük həvəslə “Ağqoyunlular, Qaraqoyunlular” əsərində oynamışam. Hüseynbala Mirələmov da parlaq imzadır. Onun ən xoşladığım əsəri oynadığımız “Xəcalət” əsəridir. Əsərdə aktyoru qıcıqlandıracaq nüvə var.
“Əli və Nino”nu Çəmənzəminli yazmayıb
– Bildiyim qədər, mütaliəli adamsınız. Elə aktyorlar var ki, heç oynadıqları pyesi də oxumurlar, ancaq öz rollarını əzbərləyirlər. Buna münasibətiniz.
– İşləyən aktyoru bəzən günahlandırmaq da olmur. 90% lazım olanı oxuyurlar, istədiklərini yox. “Əli və Nino”nu oxumusunuz?
– Bəli, 2 dəfə.
– Çox gözəl əsərdir. Mən Kolumbiya, Argentina yazıçılarından tutmuş özümüzünkülərə qədər hamısından nəsə oxumağa çalışıram. Amma çox gözəl yazan Qərb yazarlarının hansısa fikrini Nizami, Füzuli əsrlər əvvəl deyib, sadəcə, kodlar şəklində. Məsələn, mən “Dəli yığıncağı”nı cavan vaxtı oxumuşdum, bu yaxınlarda bir də vərəqlədim. Bir cümləyə çox heyrət elədim, hansı ki, əvvəllər fikir verməmişdim. Molla Abbas Sonaya deyir ki, “Sona, mən özümü yalandan dəliliyə vurub bura düşmüşəm ki, səni burda incitməklərinə imkan verməyim”. Bu fikirdən törəmə 500 pyes yazmaq olar. Mən “Əli və Nino”nu oxuyanda heyran qalmışdım.
– Şərq ədəbiyyatıyla Qərb ədəbiyyatı arasında körpüyə oxşayır bu əsər.
– Necə ki, əsərin özündə var – İçərişəhərin divarını göstərib deyir: “Bura kimi Asiyadı, burdan sonra Avropa”.
Mirzə Xəzər Azərbaycan dilinin incəliyini bilmir
– Əsərin müəllifi ilə bağlı necə düşünürsünüz bəs? Yusif Vəzir Çəmənzəminli, yoxsa Qurban Səid?
– Dövr baxımından Çəmənzəminliyə uyğun gəlir. Yusif Vəzir də xaricdə işləyib, səfir olub. Amma “Əli və Nino” əsəri onun yazı manerası ilə düz gəlmir. Çəmənzəminlinin “Qan içində”, “Qızlar bulağı” əsərlərini oxuyan adam bilir ki, “Əli və Nino”nu o yazmayıb. Düzdü, bu əsər bizə Mirzə Xəzərin tərcüməsində gəlib çıxıb. Tərcümədə də səhvlər var, təbii. Məsələn, əslində belə olmalıdır: “Məhəmməd peyğəmbərdir və Allahın yerdəki rəsuludur”, o isə tərcümə edib: “Məhəmməd peyğəmbərdir və Allahın yerdəki naibidir”. Görünür ki, Azərbaycan dilinin incəliyini bilmir.
– Çəmənzəminli bəzən hər əsərini bir imza ilə yazırmış. Məsələn, onun Olqa adında sevdiyi qız olub. Bir hekayəsini “Olyus” imzası ilə yazıb. “Ol”-Olqanın birinci hecası, “Yus”-Yusifin. Ola bilər ki, Qurban Səid də onun bir təxəllüsü olsun.
– Yox, mənə elə gəlir ki, bu, kifayət qədər araşdırıldı, Qurban Səidin harada yaşadığı, qonşularının kim olduğu və s. öyrənildi.
“Aktyor daim narazı olmalıdır”
– Teatrdaxili konfliktdən uzaqsınız? Sizcə, bu gün aktyorun narazı olması üçün əsaslı səbəbi var?
– Aktyor naturası etibarilə daim narazı olmalıdır. Belə bir deyim var: “Aktyor ürəyi oynanılmamış obrazların qəbiristanlığıdır”. Arzular çoxdur. Amma onu deyim ki, aktyora rol oynamaq üçün heç vaxt indiki qədər şərait yaradılmayıb. İndi teatr ildə 10-a yaxın tamaşa qoyur. Əvvəllər isə ən çoxu 2-3 ola bilərdi. Hansı aktyor iddia edir ki, mən Milli Dram Teatrında yaxşı oynayaram, dəvət olunur ki, gəl. Elə bir rejissor yoxdur ki, son illərdə burda tamaşa qoymasın. Bir qrup aktyor da var ki, on illər ərzində heç nə oynamırdı teatrda, amma fəxri ad da alırdı, prezident mükafatı da. İndi teatrda iş çoxalıb, oynamaq lazımdır, bunlar cığallıq edir.
– Kimdi onlar?
– Adlarını deməyim, məlum adamlardır. (gülür) Məsələn, aktyor var, son ildə 2 rol oynayıb, ən çox danışan da odur. Bura “Lenkom” teatrı gəlmişdi – məşhur aktyor Leonov, Yankovski, onlardan az məşhur olmayan Abdulov və s. burda idi. Leonov danışanda onlar sakitcə qulaq asırdılar. Bizdə isə heç oynamayanlar daha çox danışır. Gecə-gündüz tər tökənlər isə sakitcə işlərini görür. Mən bir dəfə demişdim ki, mən dərk eləmirəm, yaradıcı adam, aktyor nə istəyə bilər? Rol oynamaq istəyən aktyor üçün hər şey var. Onların nə istədiklərini dərk eləsəm, bəlkə mən də qoşularam onlara. Sözlərimi təhrif edib yazmışdılar ki, onlar özləri də dərk eləmirlər nə istəyirlər. (gülür)
“Xanuma” Hökümə xanımın rolu deyildi
– Teatr tənqidi bu gün hansı vəziyyətdədir?
– Tənqid, demək olar ki, yox dərəcəsindədir. Tamaşalar qalıb bir tərəfdə, teatrın işığından, yeyilən pullardan yazırlar. Aktyor istəyir ki, onun oyunu analiz olunsun. Biz burda “Xanuma” tamaşasını oynadıq, məqalə çıxdı, müəllif yazır ki: “Bunu vaxtilə Hökümə xanım oynayıb, Gəraybəyli oynayıb”. Vallah, küfr kimi çıxmasın, “Xanuma” Hökümə xanımın rolu deyildi – əsas da yaş baxımından. Nə olar böyük aktyor olanda, tamaşa pis qoyulmuşdu. İndiki tamaşa o vaxtkından yüz dəfə yaxşıdır. Xronometraj etibarilə ən uzun tamaşa olmasına baxmayaraq, tamaşaçı zaldan getmək istəmir. Ədalətli olmaq lazımdır. Nekromaniya var tənqidçilərdə, ancaq keçmişə meyillənirlər. Tarixən gözəl aktyorlar yetişib. Ərəblinskidən sonra Abbas Mirzə, Ələsgər Ələkbərov, sonra Həsənağa Turabov, Hamlet Xanızadə, daha sonra Amaliya Pənahova, Fuad Poladov, Şəfiqə Məmmədova və s. var idi.
– Şəfiqə Məmmədova demişkən, aktrisanın ikinci Kinematoqrafçılar İttifaqını yaratmağına münasibətiniz necə oldu?
– Düzü, mən gec xəbər tutdum bundan. Mən neçə il idi ərizəmi yazıb getmişdim, ittifaqa üzvlük haqqı da vermirdim. (gülür)
– Bir müsahibənizdə demisiniz ki, evimizi yıxan seriallardır, digərində də çəkildiyiniz seriallardan danışmışınız. Bildiyim qədərilə Rövşən İsaxın seriallarında çəkilmisiniz?
– Seriallara çəkilmək həvəsim yoxdur, amma Rövşən İsaxın seriallarına çəkiləcəyəm. Elə adamlar serial çəkir ki, məəttəl qalıram ki, bu adamlar serialı maliyyələşdirən şirkətin sahibini necə inandıra bilir ki, mən rejissoram? Peşəkarlar da qalır bir tərəfdə.
Elə seriallar var ki, onlar ancaq...
– Bizdə serialların əksəriyyətinin alınmamasının əsas səbəbi qeyri-peşəkar aktyor oyunu, yoxsa boyat bəhanə olan maliyyə məsələsidir?
– Zəif büdcə ilə də normal serial çəkmək olar. Bizdə yanlış bir münasibət var: bütün seriallardan fəlsəfi şedevr gözləyirik. Elə seriallar var ki, onlar ancaq mətbəx adamları üçündür.
– Axı bizdə hamısı mətbəx üçündür.
– Məsələ də ondadır ki, bunlar ciddi mövzuları da mətbəx səviyyəsində çəkirlər. Diletantlar çoxdur. Hər il bircə normal serial olsa, bu, artıq qələbədir. Biz əvvəllər türk seriallarına baxıb gülürdük. Amma sonradan türklər Hollivuda, Almaniyaya adamlar – xüsusilə, serial çəkən rejissorlar göndərdi, türk kinosu dünyaya çıxdı. Bədii film çəkən rejissor serial çəkə bilməz. Serialın da, bədii filmin də öz rejissoru olmalıdır. Mark Zaxarov çox böyük teatr rejissoru idi. O, filmlər də çəkib, amma baxanda bilirsən ki, bu, Zaxarovun filmidir. Baron Münhauzenin filmlərinə ləzzətlə baxırıq. Amma bunlar böyük film siyahısına daxil ola bilmir. Hər halda Eldar Ryazanovun, Pliyevin filmləri deyil. Onların estetikası tamam ayrı idi.
– Bu yaxınlarda keçirilən Gənclərin Teatr Festivalında münsif idiniz. Razı qaldınız nəticələrdən?
– Çox gözəl keçdi, mən heyrət elədim – bizdə çox bacarıqlı, istedadlı uşaqlar var imiş. Ucar qrupunun tamaşası mənə çox maraqlı gəldi. 2-ci yeri tutan qrup da maraqlı tamaşa nümayiş etdirdi.
Rasim Balayev təzyiqə məruz qalmışdı
– Necə bilirsiniz, tamaşaçının aktyordan qəhrəmanlıq ummağa haqqı varmı? Yoxsa qəhrəmanlıq obrazını elə səhnədə qoyub gedirsiniz?
– Əlbəttə ki, yoxdur. Aktyor rolu oynayandan sonra bu, artıq tamaşaçının materialıdır. Qəhrəman kimi qəbul edib-etməməsi onun öz işidir. Mənim yadımdadır ki, Rasim Balayev “Nəsimi”dən sonra “Əziz”i oynayanda çox təzyiqə məruz qalmışdı.
– Oynadığınız hansı rol qismən də olsa, sizi ifadə edir?
– Hərçənd ki, mən rolu özümə deyil, özümü rola uyğunlaşdırmağa çalışan aktyorlardanam. Mənim üçün vacib olan rolun düşüncə tərzini tapmaqdır. Özünü həmin obrazın yerinə qoyub düşünə bilirsənsə, uğur qazanırsan. Bir neçə rol var ki, məni ifadə edir, məsələn, “Hara gedir bu dünya”, “Yaşlı xanımın gəlişi” tamaşalarındakı rollarım.
– Səhnədə məşq və ya elə tamaşa zamanı maraqlı hadisələrlə çox rastlaşmış olarsınız.
– Bəli, çox olur elə şey. Məsələn, bu yaxınlarda “Nadir şah” tamaşasını oynayanda Vidadi müəllimlə dialoqumuz olan vaxt işıqlar kəsildi. Özümüzü itirmədən rolumuzu oynamağa davam etdik, bir azdan işıq yandı, həmin dialoqu təzədən başladıq, tamaşaçılar da bunu başa düşdü, televiziya işçiləri də dedilər ki, bizi xilas elədiniz.
– Hansısa yeni tamaşa üzərində işləyirsiniz?
– Axırıncı dəfə tərcümə etdiyim “Silindr” əsəri əsasında tamaşa hazırlamışam, özüm də oynayıram – hamısı özüməm. (gülür) Kifayət qədər maraqlı tamaşa alınıb, ən azı zalda oturanlar darıxmırlar, tamaşanın yarısında durub getmirlər...