“Daha o status yoxdur, bitdi...” - deputat

2-12-2021, 19:13           
“Daha o status yoxdur, bitdi...” - deputat
“Qarabağda yaşayan ermənilərə hər hansı status verilə bilməz. 70, lap 100 min erməni olsa belə, status tələbi səsləndirməməlidir. Çünki bu, bizim üçün qəbuledilməzdir. Digər tərəfdən, vaxtı ilə Qərbi Azərbaycan adlandırdığımız indiki Ermənistanda bir milyon azərbaycanlı yaşayırdı. Sonra onların deportasiyası başlandı, bu rəqəm yarım milyona düşdü. Ən sonda Qərbi Azərbaycandan 250 mindən çox soydaşımız qovuldu. Onların Ermənistanda hansı statusu var idi? Niyə Ermənistan onlara status vermirdi?”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri əlavə edib ki, Sovet İttifaqı zamanı Kirov və onun rəhbərlik etdiyi quldur dəstəsi Dağlıq Qarabağa saxta şəkildə muxtar vilayət statusu verib: “Mikoyanın və Moskvadakı digər ermənilərin təzyiqi ilə belə bir status ortaya çıxmışdı. Bir daha qeyd edirəm ki, bu qanunsuz və əsassız qərar idi. İndi Azərbaycan ərazisində nə Dağlıq Qarabağ anlayışı var, nə də hansısa muxtar vilayət”.

Deputat əlavə edib ki, Azərbaycan artıq müstəqil dövlətdir, qərarlarını öz maraqlarına uyğun verir: “Daha o status yoxdur, bitdi, zibil qutusuna atıldı. Zamanında Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması bizim xalqımıza böyük xəyanət idi. Bu status bir milyona yaxın insanımızın qovulması, on minlərlə insanımızın qətlə yetirilməsi, yaralanması, şikəst olması, torpaqlarımızdakı türk izinin silinməsi idi. Bundan sonra hansı statusdan söhbət gedə bilər?”.

S. Rüstəmxanlı bildirib ki, indi ermənilər Qarabağda hansısa qondarma vilayətin olmasını bəhanə gətirib status tələb edirlər: “Əvvəla, status qarşılıqlı olmalıdır. Ermənistanda yaxın dövrə qədər bizimkilər var idi. İndi onlar haradadır? Azərbaycanda hansısa status ümumxalq referendumu ilə müəyyən edilə bilər. Azərbaycan xalqının bu məsələdə hansı mövqedə olduğu da ortadadır. Odur ki, hər hansı statusdan söhbət gedə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.