"Rusiya - Azərbaycan gərginliyinin səbəbi Qarabağ məsələsi deyil" - Duma rəsmisindən EKSKLÜZİV AÇIQLAMA

29-03-2022, 18:41           
"Rusiya - Azərbaycan gərginliyinin səbəbi Qarabağ məsələsi deyil" -
Rusiya və Azərbaycan münasibətlərində gərginlik son günlər pik həddə çatıb. Azərbaycan ordusunun Fərrux dağını nəzarətə götürməsinə Moskvanın etirazı dövlətlər arasındakı ipləri tarıma çəkib. Belə bir zamanda Rusiya dövlət televiziyası ilə çıxış edən Dumanın deputatı Mixail Delyagin Azərbaycan Ordusunun Qarabağa yerləşdirilməsini təxribat əməli kimi qiymətləndirib və Bakının neft sənayesinin bombalanmasının lazım olduğunu bildirib.

TEREF.AZ yazır ki, övzuyla bağlı Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiya və Vətəndaşlarla iş üzrə ekspertlər şurasının üzvü Aleksandr Savelyev Patriot Tv və Ednews-a eksklüziv açıqlamalar verib.

A.Savelyev gərginliyin əsas səbəbinin Qarabağ məsələsi olmadığını bildirib:

“Bu gün Rusiya-Azərbaycan arasında formalaşan nisbi gərginlik Rusiyanın 24 fevralda Ukrayna ərazisində apardığı xüsusi hərbi əməliyyatlara münasibətlə əlaqəlidir. Rusiyada Azərbaycan ictimaiyyətinin, dövlət orqanlarının, rəsmi şəxslərin və mətbuatın bu hərbi əməliyyatlara münasibəti diqqətlə izlənilir. Doğrusu, hazırda Azərbaycan ictimaiyyətində bu məsələylə bağlı Rusiyaya qarşı formalaşmış fikir Moskvanı, Rusiya ictimaiyyətini çox narahat edir.

Azərbaycanda bir çox mətbuat orqanları Qərbin və Ukrayna kəşfiyyatının verdiyi məlumatları tirajlayaraq Rusiya əleyhinə fikir formalaşdırır. Azərbaycanda Rusiyaya qarşı əhval-ruhiyyə yaradırlar. Lakin mən deyə bilərəm ki, Rusiya-Ukrayna münasibətləri 2002-ci ildən gərgin vəziyyətdə idi. Buna və hərbi əməliyyatlara səbəb NATO-nun adım-addım Rusiya sərhədlərinə irəliləməsidir. Rusiya prezidenti 20 ildir ki, Qərb ölkələrinə NATO-nu genişləndirməməklə bağlı müraciətlər edir. Lakin hələ də bu müraciətlər qulaq ardına vurulur. Problemin kökündə duran məsələ budur”.

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi dislokasiya tədbirlərinə Rusiyanın etiraz etməsini isə ekspert bununla izah edib:

“Bugünkü gündə, danışıqlar gedərkən, hər iki tərəfin sülh sazişinə doğru addımladığı bir zamanda belə addımların atılması aparılan danışıqlara mane ola bilər. Həmçinin sülhməramlıların nəzarəti altında olan ərazilərdə hansısa hərbi əməliyyatların aparılması və yerdəyişmələrinin həyata keçirilməsi yolverilməzdir. Çünki vəziyyətin belə gərginləşməsi regionda sülhməramlılarla Azərbaycan ordusu arasında toqquşmalara səbəb ola bilər. Bu isə iki dövlət arasında diplomatik böhranın yaranmasına gətirib çıxara bilər. Buna yol verməmək üçün Moskva Azərbaycan ordusunun sözügedən tədbirlərinə etiraz edir. Çünki biz Abxaziya və Cənubi Osetiyada bu cür həmlələrin nəylə nəticələndiyini gördük. Rusiya eyni halın Qarabağda yaşanmasını istəmir. Hazırda bu məsələ üzrə Azərbaycanla danışıqlar aparılır. Ümidvaram ki, problem tezliklə həll ediləcək. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu öz müttəfiqi hesab edir. Birgə bəyanatın 4-cü maddəsinin yerinə yetirilməsinə gəldikdəysə, bu məsələdə də Rusiya lazımı tədbirləri görür.

Sonda isə Savelyev Rusiya televiziyası və KİV-lərində Azərbaycan əleyhinə səsləndirilən təhdid və tənqidlərə münasibət bildirib:

“Rusiya KİV-lərində və ictimaiyyətində son günlər Azərbaycan əleyhinə səslənən fikirlərə gəldikdə isə yenə də demək istəyirəm ki, bu dövlətlər 22 fevral tarixindən etibarən müttəfiqdir. Hazırda hər iki ölkənin mətbuatında bir-birinin əleyhinə fikirlər səsləndirilir. Əlbəttə, bu heç də yaxşı hal deyil. Lakin eyni zamanda bu regiondakı gərginliyin ictimaiyyətə sirayət etməsinin nəticəsidir. Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır, onu öz müttəfiqi kimi görür və sizə əminliklə deyirəm ki, Rusiya Azərbaycan kimi strateji müttəfiqini itirməyəcək”.

Nicat İsmayılov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.