“Sputnik Azərbaycan” bağlanacaqmı? - Politoloqdan Hikmət Babaoğluna cavab

29-03-2022, 18:47           
“Sputnik Azərbaycan” bağlanacaqmı? -
Xəbər verdiyimiz kimi millət vəkili Hikmət Babaoğlu Rusiyaya məxsus “Sputnik Azərbaycan” xəbər agentliyini qərəzli informasiyalar yaymaqda ittiham edərək sərt tənqid edib. Babaoğlunun fikirlərindən sonra “Sputnik Azərbaycanın” ölkədə fəaliyyətinin dayandıracağı ilə bağlı iddialar səsləndirilib.

Mövzu ilə bağlı "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadə EDNews-a eksklüziv açıqlamalar verib.

Politoloq Sputnikin Azərbaycanda bağlanacağına inanmadığını bildirib:

“Sputnik Azərbaycanın fəaliyyəti ikitərəfli münasibətlərə uyğun qurulub. Bu agentlik müvafiq qaydada Azərbaycanda qeydiyyatdan keçib. Agentliyə ölkə ərazisində fəaliyyət göstərməsi üçün şəhadətnaməni Azərbaycan Respublikası verib. Əgər bu qurum fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd addımlar atırsa əvvəlcə quruma rəsmi xəbərdarlıq edilməlidir. Hələlik, “Sputnik Azərbaycan”a belə bir müraciət edilməyib”.

Sputnik əməkdaşı olan İlqar Vəlizadə daim özünün Azərbaycan mənafelərini qorumağa çalışdığını qeyd edib:

“Sputnikin anti-Azərbaycan propaqandasına xidmət etməsi, qərəzli məlumatlar verməsi məncə doğru deyil. Lakin mən bu agentlikdə jurnalist və ya redaktor yox, mətbuat mərkəzinin rəhbəri funksiyasını icra edirəm və daim Azərbaycanın milli maraqlarını qorumağa çalışıram”.

İ.Vəlizadə həmçinin belə məsələlərdə ictimaiyyət nümayəndələrini emosional davranmamağa çağırıb:

“Bilirsiz, mənim heç kimlə şəxsi-qərəzim yoxdur. Lakin belə məsələlərdə emosional davranmaq olmaz. “Sputnik Azərbaycan”nın fəaliyyətində hansısa qanuna zidd hallar aşkar edilməyibsə, bununla bağlı faktlar aşkarlanmayıbsa, bəzi deputatlar tərəfindən irəli sürülən fikirlərin tələsik və emosional xarakter daşıdığını söyləyə bilərəm”.

Nicat İsmayılov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.