Ən uğurlu duet ortağım, bir nömrə olan Cabbar Musayevdir" - Əməkdar artist

31-03-2022, 20:19           
Ən uğurlu duet ortağım, bir nömrə olan Cabbar Musayevdir" - Əməkdar artist
Teref.Az xəbər verir ki, əməkdar artist, sevilən müğənni Könül Kərimova moderator.az-ın suallarını cavablandırıb.

- Könül xanım, illərdir sənətdəsiniz, sevilən müğənnisiniz. Bu gün qarşılaşdığınız hansı münasibət sizə pis mənada toxunur?
- Kiminsə mənə qarşı göstərdiyi diqqətsiz, saymaz, hörmətsiz münasibəti mənə çox toxunur. Özü də hədsiz dərəcədə. Belə hallardan həqiqətən də "sınıram". Gənclərimizdə bu kimi hallar heyf ki, var. Az da olsa, çox da olsa var. Bəzən gözləmədiyim, gənc bilərək hörmət bəslədiyim, hansı ki, istəyirəm ona hər zaman dəstək olum, bu anda elə adamların mədəniyyətsiz hərəkəti ilə qarşılaşıram ki. Öz-özümə deyirəm ki, ilahi, mən gör bunun haqqında nələr düşünürəm, hansı gözəl fikirdəyəm, bunun mənə qarşı olan diqqətsizliyinə bax! O gənclərə təkrar ikiqat ürəyim ağrıyır ki, nə qədər yalnış addım ata bilirlər. Özləri də bilmirlər ki, bu hörmətsizlik, bu xasiyyət onları 5 qat uçuruma aparır. Bunu dərk edə bilmirlər.

- İllərin sənətçisi ilə dünənki, 2 mahnı oxuyan birini eyni tərəziyə qoymaq sizcə doğrudur?

- Mən bu problemlə rastlaşmamışam, qarşı-qarşıya gəlməmişəm. Mümkün də deyil. Çünki nə qədər sadə, səmimi olsam da imkan vermərəm ki, məni 2 mahnı oxuyan müğənni ilə bir tərəziyə qoysunlar. İnsan özü-özünü tənzimləməyi bacarmalıdır.

- Belə hallar sizi gənclərə dəstək olmaq fikrinizdən çəkindirir?

- Xeyr, əsla! Heç vaxt əl çəkmərəm, vaz keçmərəm! Çünki 1-2 gəncin etdiyi səhvə görə mən onların hamısını qurban vermərəm. Hər kəs özü üçün edir. Başa düşürəm ki, bu insana yaxşılıq dəymir, nankor adamdır. Ona nə etsən də, etməsən də nankor elə nankordur. Onun başqa adı yoxdur.

- Bəs Könül xanım həyatda üz çevirdiyi kimdən yaxud nədən bir daha geri dönməz?
- Mən birdəfəlik üzü dönən insan deyiləm. Bu mövzuda demək olar ki, iradəsizəm, möhkəm deyiləm. Sabah düşmən bildiyim bir insan gəlib səhvini etiraf etsə, onu bağışlayaram. Amma bilim ki, həqiqətən də səhvini başa düşüb. Çox da gözəl bağışlamaq qabiliyətim var, buna gücüm də çatır. Allah da bağışlayanı sevəndir.

- Bir dəfə səhv edən, axı yenə də səhv edə bilər. Dəfələrlə səhv edən insana asanlıqla şans verirsiniz?

- Xeyr, əlbəttə ki, heç o insana şans vermərəm ki, mənə qarşı dəfələrlə səhv etsin. Bu maksimum 2-3 dəfə ola bilər. Ondan sonra həmin insan mənim üçün yoxdur. Demək ki, o insan düzələn deyil, onun adı ruhi xəstədir.

- Bir çox insanlarla duet ortağı olmusunuz. Hətta deyərdim ki, bəlkə də sizin qədər duet oxuyan müğənnimiz olmayıb. Ən çox sevdiyiniz duet ortağınız kim olub? Ümumiyyətlə duet ortağı seçəndə nəyə önəm verirsiniz?

- Çox yaxşı sualdır. Səs tembrinin biri-birinə uyğun gəlməsi çox vacibdir. O zaman duet çox gözəl alınır və səslənir. Bu baxımdan mənim ən uğurlu duet ortağım, 1 nömrə olan Cabbar Musayevdir.

- Özünüz haqqında eşitdiyiniz ən gülünc və inanılmaz şayə hansı olub?

- Guya ki, mən ən çox estetik əməliyyat etdirən müğənniyəm! Əsla, yox! Mən sadəcə üzümdə 4 dəfə burun əməliyyatı keçirmişəm. Burun əməliyyatı keçirdikdə hər dəfə üzdə dəyişiklik olur. Çünki burun üz üçün çox önəmli orqandır. Çox qəribədir ki, burun əməliyyatından başqa hər bir əməliyyatı yapışdırırlar üstümə, təkcə burun əməliyyatını demirlər. Mənim gözəl tanıdığım kosmetoloq rəfiqələrim də var. Amma tənbələm, kosmetoloqa gedib, günlərlə, saatlarla vaxt itirmirəm. Bu mənim zəif cəhətimdir. Onlar da mənə deyir ki, çox tənbəlsiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.