“Əgər Rəşad Ələkbərov tanınmış şəxs olmasaydı, onu 5 ilə qədər həbs gözləyirdi... ” - Vəkilindən AÇIQLAMA

1-04-2022, 10:14           
“Əgər Rəşad Ələkbərov tanınmış şəxs olmasaydı, onu 5 ilə qədər həbs gözləyirdi... ” - Vəkilindən AÇIQLAMA
Martın 30-da Azərbaycanın əməkdar rəssamı Rəşad Ələkbərovun həbs edilməsi ilə bağlı məlumat yayılıb. Vəkil Adəm Məmmədovun mətbuata verdiyi açıqlamasına görə, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu məlumatdan bir neçə saat sonra isə vəkil Adəm Məmmədov rəssamın azadlığa çıxdığını bildirib: “Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi. Göstərdiyi diqqət və ədalətli mövqeyə görə ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk!”

Qeyd edək ki, Rəşad Ələkbərovun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Vəkilin sözlərinə görə, rəssam Heydər Əliyev Fondunun tapşırığı ilə Azərbaycandakı ən böyük abidə olacaq şair İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlamaq ərəfəsində həbs olunub.

Bəs rəssamlıq, yaradıcılıqla məşğul olan Rəşad Ələkbərov necə olur ki, 3 ittihamla barəsində həbs-qətimkan tədbiri seçilir? Rəssam 3 saatlıq həbsdən necə qurtula bilib?

Məsələ ilə bağlı Rəşad Ələkbərovun mövqeyini öyrənməyə çalışdıq. Rəşad Ələkbərov olanlar barəsində danışmağa həvəsli olmadığını bildirdi: “Sözün düzü, bu barədə danışmağa həvəsim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, səhv ittiham olunmuşdum. Yəni mənə aid bir şey deyildi. Ölkə rəhbərliyi bu məsələdə mənə köməklik etdi və hər şey öz qaydasına düşdü”.

“Səhv ittihama görə şikayətçi olacaqsınızmı” sualımıza rəssam bu cür cavab verdi: “Hələ ki heç nə bilmirəm. Mənim tamam başqa planlarım, yaradıcılıq işlərim var, ona görə də belə şeylərlə özümü yormamağa çalışıram”.

Rəssamın vəkili Adəm Məmmədov isə olayla bağlı ilginc faktları açıqladı. Vəkil qeyd etdi ki, rəssamı həbsə aparan səbəb təsisçisi və rəhbəri olduğu, Lənkəranda fəaliyyət göstərən qum-çınqıl karxanası olan “PROFCO” MMC olub.

Xatırladaq ki, iki il öncə bu şirkətin məhkəməyə verildiyi haqda mətbuatda məlumat dərc edilmişdi. Məlumatda deyilirdi ki, “Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ərazidə ”PROFCO" MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib. Eyni zamanda “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Vəkil Adəm Məmmədov açıqlamasında olaya bu cür aydınlıq gətirib: “Rəşad Ələkbərov bu şirkətin həm təsisçisi, həm də direktorudur. Buna baxmayaraq, şirkətlə bağlı bütün işləri onun müavini olan qohumu aparıb. 2019-cu ildə Ekologiya Nazirliyində rəhbər dəyişikliyi olandan sonra şirkətə lisenziya verilməyib. Bundan sonra ərazidə xammal olan çınqıl çıxarılmayıb, yalnız buna qədər çıxarılan çınqıldan istifadə olunub. Bununla belə, rəy yazılıb ki, guya yer ərazisinə 88 min manat ziyan vurulub. Hətta guya qonşu əraziyə keçildiyi də iddia edilib, halbuki həmin ərazinin şirkətə heç bir aidiyyəti yoxdur. Ekologiya Nazirliyi şirkəti 4 dəfə cərimə edib, lakin məhkəmə bu cəriməni ləğv edib. Ona görə də rəssam Rəşad Ələkbərova qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü.

2019-cu ilə qədər şirkət üçün rəssama lisenziya verilib. Lakin nazirlikdə rəhbər dəyişikliyindən sonra bu lisenziya yenilənməyib. Rəşad Ələkbərov da o qədər tərbiyəli adamdır ki, bu barədə kimdənsə köməklik istəməyib.

Rəşad Ələkbərov həbs olunanda sual verdim ki, onu axı niyə tutursuz? Qanunla cinayət işi yekunlaşandan üç gün sonra məhkəməyə göndərilir. Bu insan da axı istintaqdan qaçmır, ünvanı məlumdur, əməkdar rəssamdır, ölkənin bir neçə böyük layihəsində iştirak edib, himayəsində iki azyaşlı uşağı var, əvvəllər məhkum olunmayıb və sairə. Həbs olunandan 3 saat sonra ölkə rəhbərliyinin göstərişi ilə həbsdən azad olundu".

Əməkdar rəssam ona qarşı sürülən 3 ittihamla 5 ilə qədər həbs oluna bilərdi. Bu barədə Adəm Məmmədovun dedikləri: “Təkcə 247-ci maddəyə görə vətəndaş iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 308-ci maddəyə əsasən isə 2000 manatdan 4000 manata qədər cərimə, 3 ilədək azadlıqdan məhrumetmə olur. Hələ 192-ci maddə də var. İndi təsəvvür edin ki, başqa tanınmayan adam olsaydı, əvvəllər məhkum olunmaması, himayəsində iki azyaşlının olmasını nəzərə alaraq 5 ilədək azadlıqdan məhrum oluna bilərdi”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.