“Ruhumuzu və bədənimizi azadlığımız uğrunda qurban verəcəyik”

5-04-2022, 08:18           
“Ruhumuzu və bədənimizi azadlığımız uğrunda qurban verəcəyik”
“Evinə yenicə raket düşən 60 yaşlı kişi mənə yaxınlaşıb dedi ki, silah verin, öz şəhərimi qoruyum”

“Küçələr boyunca insan əzaları səpələnib…İtlər sahibsiz qalıb…Onların ağzında ət parçaları var…Anlayırsan ki, bu, insan ətidir”

Ukraynalılar Rusiya prezidenti Vladimir Putinin qurmaq istədiyi Sovet İttifaqında, rusiyalıların arzuladığı imperiyada yaşamaq istəmir.

Sozcu.az xəbər verir ki, bunu “QORDON” internet- nəşrinin sahibi Dmitri Qordona müsahibəsində Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

“Rusiyalıların belə aqressiyası Ukrayna sakinlərini depressiyaya uğratmaq, onların arasında təlaş əhval- ruhiyyəsi yaratmaqla bağlıdır. Amma əks effekt alınır.

Obolonda doüquzmərtəbəli binaya raket düşüb. Heç vaxt ağlıma gəlməzdi ki, beton şam kimi yana bilər. Bu zaman 60- 65 yaşında bir kişi mənə yaxınlaşıb müraciət edir: “Oradakı deşiyi görürsünüz? Nə zamansa mənim mənzilim olub. Mən nə edim?”

Mən ona təhlükəsiz yerə təxliyə edilməsini və ya müvəqqəti olaraq xaricə göndərilməsini təklif etdim. Amma onun cavabından şok oldum:
“Vitali, mən bütün həyatımı bu evdə yaşamışam. Burada dostlarım yaşayır. Mənim ömrümə az qalıb. Sizdən bir ricam var- mənə silah verin, öz şəhərimi qoruyum”.

Bax, hamının ovqatı belədir. Onları depressiyaya uğratmaq istəyirdilər. Amma onlarda nifrət hissi, qisas almaq arzusu var, qorxu isə büsbütün yoxdur”, – Kliçko danışıb.

“İnsanların qaçıb getməyə yeri yoxdur. Onlar yeni yer heç axtarmır da. Onlar burada qalmaq istəyir. Onlar Putinin qurmaq istədiyi Sovet İttifaqında, rusiyalıların arzuladığı imperiyada yaşamaq istəmir. Və bizim himnimizin sözləri həmişəkindən daha aktualdır: “Ruhumuzu və bədənimizi azadlığımız uğrunda qurban verəcəyik!”

İnsanlar heç vaxt diz çökmək yox, həyatlarını qurban verməyə hazırdır”, – Kiyevin meri vurğulayıb.

Daha sonra Kliçko İrpendə yaşadığı dəhşətli hisslərini bölüşüb.

“Kiyev vilayətindən qayıtmışam. Üzücü təəssüratdır. Bir çox binalar Yer üzündən silinib. Tamamilə dağıdılmış evlər, infrastruktur. İrpendə gözəl yollar vardı, tanklar keçəndən sonra hər şey dağlılıb. Depressiv mənzərədir”, – Kliçko deyib.

“Baxırsan, 70 yaşlı qadının cəsədi var…Güllələnib. O, kiməsə təhlükə törədib?

Cavan bir oğlan da güllələnib. Küçələr boyu insan əzaları səpələnib… və itləri görürsən. Avara itləri yox haa, cins itlər, nə vaxtsa onların sahibləri olub. İndi onları yemləyən yoxdur. Bu itlərin ağzında ət parçaları var və anlayırsan ki, bunlar insan ətidir. Bax, bütün bu mənzərələr dəhşətli və çox üzücüdür”, – Kliçko danışıb.

Daha sonra Kiyev meri deyib ki, onun Rusiyada çoxlu ziyalı, yaxşı təhsil almış tanışları var. Onlar zombiləşdirilib. Heç demə biz radikallarıq və ruslara nifrət edirik. Mən onlara sual verirəm. Axı, mən ruslara necə nifrət edə bilərəm ki? Mənin ilk dilim rus dilidir, damarlarımda rus qanı axır. Döyüşənlərin çoxu rusca danışır, hətta ukraynaca danışa bilmir. Bizim rus millətinə qarşı heç nəyimiz yoxdur. Biz Rusiyanın aqressiv siyasətinə qarşıyıq. Mən düşünürəm ki, yaxın zamanlarda rusiyalılar anlayacaq ki, belə siyasət Rusiyanın özü üçün böyük faciədir”, – Kliçko deyib.

O, düşünür ki, rusiyalılardan heç kim burada, Ukraynada insanları kimdən azad etməyi izah edə bilməyəcək.

“İki ay öncə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü qeyd olunurdu. Mən də tədbirə qatılmışdım. Orada yaşlı döyüşçülər, əlillər vardı. Bir nəfər badə qaldırıb deyir: “Biz öz beynəlmiləl borcumuzu yerinə yetirmişik”.

Mən özümü saxlamayıb soruşdum: “Siz mənə izah edə bilərsinizmi, beynəlmiləl borc nə deməkdir? Siz kimə və nəyi borclu idiniz? Siz bu müharibədən əlil qayıtmısınız və iztirablı həyat yaşamısınız, bəs geri dönməyənlər və ya o sink tabutlarda geri dönənlər necə olsun?”

Mənə cavab verən tapılmadı…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.