Buça qətliamı, Putin nüvə bombası ata bilərmi və mümkün son necə olacaq? - Rauf Mirqədirovla müsahibə

5-04-2022, 17:37           
Buça qətliamı, Putin nüvə bombası ata bilərmi və mümkün son necə olacaq? - Rauf Mirqədirovla müsahibə
Ukrayna və Rusiya Federasiyası arasında müharibənin başa çatması, sülh sazişinin imzalanması istiqamətində danışıqların növbəti raunduna hazırlıqlar gedir. Artıq Ukrayna Prezidenti Volodomir Zelenski nümayəndə heyətinin tərkibini təsdiq edib.

Bu ərəfədə Kiyev vilayətinin Buça şəhərində qətliam faktı üzə çıxıb. Məlum olub ki, rus hərbçiləri yüzlərlə dinc sakini qətlə yetirib. Hazırda bu dəhşətli olay dünyanın gündəmində bir nömrəli məsələdir. Qərtliam faktının danışıqlar prosesinə təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Bəs ortada belə bir dəhşətli cinayətin olduğu halda, ümumiyyətlə, danışıqlara ehtiyac varmı?

Siyasi analitik Rauf Mirqədirovla Rusiya-Ukrayna mövzusu ilə bağlı müsahibəyə elə bu sualla başladıq.

- Məsələyə mənəvi, dəyərlər baxımından yanaşsaq, sözsüz ki, danışıqlara ehtiyac qalmır. Çünki söhbət ən azı hərbi cinayətlərdən gedir. Buçada baş verənlər bağışlanılası cinayət deyil. Mən olayı Xocalı qətliamı ilə müqayisə edərdim. Əslində Xocalı faciəsi təkcə ermənilərin törətdiyi qətliam deyil. Qətliamda Rusiyanın 366-cı alayı da iştirak edib.

Sadəcə, biz Rusiyaya yönəlik bu ittihamı səsləndirməyə cəsarət etmirik.

Beləliklə, məsələyə mənəvi tərəfdən yanaşsaq, Ukraynanın Buçada dinc sakinləri qətlə yetirən tərəflə danışıqlar aparması məqbul deyil. Amma real siyasət başqa şey diktə edir və məsələyə siyasi realizmdən yanaşsaq, danışıqlar davam etdirilməlidir və etdiriləcək.

- Danışıqlar prosesində Buçadakı qətliam müzakirə predmeti ola bilərmi? Hər halda Ukraynanın bu olayın üzərindən sükutla keçməsi, Rusiyaya qarşı bununla bağlı hər hansı tələb irəli sürməyəcəyi bir qədər inandırıcı görünmür...

- Düşünmürəm ki, danışıqlar prosesində bu məsələ müzakirə oluna. Fikrimcə, Buça qətliamı ilə bağlı daha çox beynəlxalq müstəvidə məsələ qaldırılacaq və beynəlxalq formatlarda təhqiqatlar aparılacaq.

- Danışıqlar prosesinin növbəti raundu da nəticəsiz qalacağı təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanskiyaların sayı artırıla bilərmi?

- Hərbi əməliyyatlar dayandırılmayana qədər sanksiyalar davam edəcək. Avropa Birliyi artıq Rusiyaya qarşı sanksiyaların 5-ci paketini hazırlayır. Düşünürəm ki, nüharibə davam edərsə, sanksiyalar daha da kəskinləşəcək. Kollektiv Qərb adlandırdığımız birlik sanksiyaları davam etdirəcək. Baxın, son 24 saat ərzində Fransa, Almaniya kimi iri dövlətlər Rusiya diplomatlarını "persona non-qrata” elan ediblər. Özü də söhbət bir-iki diplomatdan getmir.

- Müharibə davam edərsə, Rusiya daha hansı sanksiyalarla üzləşə bilər?

- Hərbi əməliyyatlar başlayanda Avropa Birliyi enerji sektoruna sanksiya tətbiq edilməsinin əleyhinə çıxırdı. Müharibənin gedişi bu mövqeyə ciddi təsir edib. Artıq Avropa Birliyi enerji sektoruna sanksiya tətbiq edilməsini müzakirə edir. Hətta bəzi ölkələr birtərəfli qaydada Rusiyanın enerji daşıyıclarının idxalından imtina ediblər.

Nümunə kimi Litvanın adını çəkmək olar. Başqa sanksiyalar da ola bilər və sanksiyalar paketi Rusiyanın, ümumiyyətlə, mədəni dünyadan təcrid olunmasına qədər genişlənə bilər.

- Belə ehtimallar var ki, danışıqlarda hər hansı nəticə əldə olunarsa, sanksiyaların yumşaldılması prosesi başlaya bilər...

- Mən elə düşünmürəm. Hətta sülh sazişi imzalansa və hətta Putin qoşunları bütün Ukraynadan çıxartsa, Krımdan imtina etsə belə, sanksiyalar tamamilə ləğv olunmayacaq. Bir faktı yaddan çıxarmaq lazım deyil ki, Qərblə Rusiyanın münasibətlərində köklü dəyişikliklər baş verib. Soyuq müharibə başa çatandan sonra bir mərhələ var idi. Bu, Rusiya ilə əməkdaşlıq mərhələsi idi. Bu mərhələdə Qərb Rusiyanı mədəni dünyanın tərkib hissəsinə çevirmək, Rusiya ilə birgə təhlükəsizlik sistemi yaratmağa çalışırdı. Artıq bu mərhələ başa çatıb. Yeni dövr politoloji olaraq necə adlandırılacaq, bilmirəm. Bəlkə bu dövr də "yeni soyuq müharibə” adı altında davam edəcək. Ancaq bir nəsnə dəqiqdir ki, artıq Avropada "Rusiyaya inanmaq lazımdır” mövqeyindən çıxış edən siyasətçilər bu barədə yenidən düşünməyə başlayıblar. Məsələn, Almaniya Prezidenti Ştanmayer artıq etiraf edir ki, Rusiya ilə bağlı siyasətləri səhv olub. Ona görə də hesab edirəm ki, sanksiyalar davam edəcək. Ola bilər ki, bir qismi ləğv edilsin. Amma Qərb bu dəfə Rusiyanın ayağa qalxmasının qarşısını alacaq. İndi 90-cı illər deyil.

Həmin illərdə Rusiyada defolt oldu. O zaman Qərb Rusiyanın ayağa durmasına çalışırdı və bunun üçün ona dəstək verirdi. Bu dəfə dəstək olamayacaq. Müəyyən qadağalar, xüsusilə texnologiya ilə bağlı qadağalar uzun müddət qüvvədə qalacaq.

Rusiyanın isə "yeni soyuq maharibə” aparması üçün resursları kifayət deyil. İndi ölkədə elementar şeylərin də qıtlığı yaşanır. Məsələn, kağız tapılmır. Bu vəziyyətlə yeni soyuq müharibə aparmaq, iqtisadi rəqabətə davam etdirmək sadəcə mümkün deyil.

- Müharibə davam edəcəyi təqdirdə NATO-nun eskalasiyaya müdaxiləsi baş verə bilərmi?

- Bu suala cavab vermək bir qədər çətindir. Çünki NATO və Qərbin mövqeyi müharibənin gedişində dəyişib. Müharibənin əvvəlində NATO prosesə müdaxilə etməyəcəyini bəyan edirdi. Hətta silah satışında ciddi problemlər var idi. Amma müharibənin gedişində bu mövqe bir qədər dəyişdi və artıq Ukraynada sülhməramlı missiyanın tətbiqi məsələsi gündəmə gəlib. Bu baxımdan, NATO-nun münaqişəyə müdaxiləsini tamamilə istisna etmək olmaz. Lakin bir məsələ də var ki, böyük dövlətlər qeyri-insani olsa da, siyasi realizm baxımından aydın bir siyasət yürüdür. Bu siyasət ondan ibarətdir ki, onsuz da Rusiya orta və uzunmüddətli perspektivdə məğlub olacaq. Bu halda biz niyə əsgərlərimizi ölümə göndərək? Mənəvi baxımdan qəbuledilməz, real siyasət baxımından isə məqbul bir davranışdır. Bu amil isə NATO-nun müdaxiləsinə müəyyən şübhələr yaradır.

- Qərb hesab edir ki, NATO-nun münaqişəyə müdaxiləsi nüvə müharibəsinə, bu da öz növbəsində bəşəriyyətin məhvinə səbəb ola bilər. Hər halda Qərb liderlərində belə narahatlığın olduğu aydın sezilir...

- Bunlar mənəvi bəraət üçün verilən bəyanatlardır.

- Yəni hesab edirsiniz ki, nüvə müharibəsi barədə narahatlığın heç bir əsası yoxdur?

- Biz məsələləri qarışdırırq. Söhbət ondan gedir ki, nüvə müharibəsi və hərbi əməliyyatlarda nüvə silahının tətbiq edilməsi fərqli şeylərdir. Əlbəttə ki, geniş miqyaslı nüvə müharibəsi – burada bütün nüvə arsenalından istifadə edilir – bəşəriyyətin məhvi deməkdir. Amma nüvə silahı tətbiq etmək deyəndə, söhbət taktiki nüvə silahından gedir ki, bu silah prinsip etibarilə adi silahdan çox da fərqlənmir.

- Deməli, taktiki nüvə silahından istifadə olunacağını istisna etmirsiniz?

- İstisna etmirəm. Amma bu suala həm də bir lətifə ilə cavab vermək istəyirəm: Rusiya Ukraynada nüvə silahından istifadə etməyi qərara alır. Lavrov Şoyquya zəng vurub deyir ki, Nyu Yorka atmayın, qızım orada yaşayır. Sonra Putin zəng vurub deyir ki, Niderlanda atmayın, qızlarım oradadır. Beləliklə, Kremlin sakinləri bir-bir zəng vurub deyir ki, filan yerə atmayın, orada filankəsim yaşayır və s. Nəhayət oturub müzakirə edirlər ki, bəs necə edək? Lavrov deyir ki, gəlin Penzaya ataq, orada heç kimimiz yaşamır.

- Siz lətifə danışırsınız, amma Putin deyəsən, bu məsələdə ciddi görünür, bəyanatlar verir...

- Bilirsiniz, Putin bəyanatlar verə bilər. Deyə bilər ki, nüvə silahı atsaq, biz cənnətə gedəcəyik, onlar cəhənnəmə. Necə ki, demişdi. Xüsusi təfəkkür tərzinə malik Rusiya cəmiyyəti bu bəyanatları qəbul edə bilər. Amma Qərbdə kimsə çıxıb oxşar bəyanat verə bilməz. Ona deyərlər ki, həmin cənnətə özün get, biz isə yaşamaq istəyirik. Hesab edirəm ki, nüvə silahının gündəmə gəlməsi sadəcə Rusiyanın şantajıdır və bunun iki başı var. Bir tərəfdən Rusiya nüvə şantajı ilə dünyanı qorxutmaq istəyir, digər tərəfdən Qərb bu şantajdan yararlanaraq münaqişəyə müdaxilə etmədiyinə görə özünə mənəvi bəraət qazandırmağa çalışır.

- Ukrayna-Rusiya müharibəsinin fonunda Putinin sonu necə görünür?

- Əslində, Putin Rusiyanın bir nömrəli düşmənidir. Onun imperiya siyasəti yürütmək, SSRİ-ni bərpa etmək kimi istəkləri vətənpərliklə əlaqələndirilir. Daha doğrusu, Putinin addımları Rusiya cəmiyyətinə bu ad altında həzm etdirilir. Amma Putin də görür ki, bu "vətənpərvərlik” onun ölkəsi üçün ciddi problemlər yaradıb. Artıq bayaq dediyim kimi, enerji sektoruna qoyulan sanksiyalar müzakirə mövzusudur. Onsuz da Avropa Rusiyanın enerji asılılığından xilas olmağın yollarını arayırdı, Ukrayna müharibəsi bu prosesi bir qədər də sürətləndirib. Beləliklə, Rusiya faktiki olaraq Avropa kimi bir bazarı itirir. Putin bunları əvvəldən hesablamamış deyil. Putin həqiqətən patriotdursa, bilməlidir və bilir ki, Rusiya ayağa durmalı, özünü hər şeylə təmin etməli, bir sözlə, cazibədar olmalıdır ki, ətrafındakı dövlətlər ondan qaçmsın, ona yaxınlaşsın. Amma Putin fərqli yol tutur və bilə-bilə yeganə - öz "vətənpərvərlik” silahından özünü məhrum edir ki, bu da Rusiyanın məğlubiyyətini şərtləndirən əsas amildir. O zaman ortaya sual çıxır ki, bu necə vətənpərvərlikdir, yaxud Putin həqiqətən vətənpərvərdirsə, bunları niyə edir?

- Sizcə, niyə edir? Ümumiyyətlə, Rusiyanın Ukraynaya təcavüzündə görünməyən motiv nədir?

- Hesab edirəm ki, motiv hakimiyyətinin təkrar istehalıdır. Ölənə qədər istehsalıdır. Postsovet məkanında ölənə qədər hakimiyyətdə qalmaq dəbdir. O qədər cinayətlər işlədib ki, hakimiyyətini ölənə qədər qorumaq instinkti yaranıb.

- Köklü islahatlar aparmaqla vəziyyətdən çıxmaq mümkün deyilmi?

- Əcaib səslənsə də, islahatlar hakimiyyətdə qalmağı təmin etmir. Əksinə, islahatlara başlayan siyasi komanda özündən sonrakı komanda üçün işləyir. Məsələn, 2000-ci illərin Türkiyəsini yada salaq. Kamal Dərviş islahatlara başladı, vəziyyət ağırlaşdı. Amma onun iqtisadi islahatlarının ləzzətini Ərdoğan hökuməti gördü. Çünki onlar hakimiyyətə gələndə islahatlar nəticəsini verməyə başlamışdı.

Təəssüf ki, Rusiya cəmiyyəti imperialist təfəkkürə malikdir. Sən onu ac saxlayıb bunun əvəzində ölkənin ərazisini genişləndirdiyini deyə bilərsən. Rusiya cəmiyyəti bunu həzm edəcək. Putin bunu Çeçenistan müharibəsində başa düşdü. Ümumiyyətlə, o müharibədən sonra Putin güc, şantaj yolu ilə istəklərinə nail olmaq kursunu götürdü.

- Deməli, gözlənildiyi kimi, Rusiya xalqının ayağa qalxması baş verməyə bilər...

- Bilirsiniz, Rusiya çevrilişlər ölkəsidir. Rusiyada hakimiyyətlər adətən çevrilişlər yolu ilə dəyişib. Putinçün də belə ola bilər. Bu, nə vaxt baş verəcək, bunu zaman göstərəcək.

Vidadi Məmmədov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.