Bahalaşma Qarabağda quruculuq işinə mane ola bilərmi? - Vahid Əhmədov danışır

6-04-2022, 08:43           
Bahalaşma Qarabağda quruculuq işinə mane ola bilərmi? -
Azərbaycanın tikinti sektoru Rusiya bazarı ilə qarşılıqlı əlaqədədir. Bu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan irəli gələn qiymət artımı və digər fəsadlar Azərbaycan tikinti bazarına da təbii olaraq təsir göstərir.
Bu, Qarabağda başlanılan bərpa-quruculuq işinə mane ola bilərmi?
Teref.az yazır ki, məsələ ilə bağlı bakupost.az -a millət vəkili Vahid Əhmədov açıqlama verib.
O, bildirib ki, tikinti materialları təkcə Rusiyadan idxal edilmir:
“Tikinti materiallarını ixrac edən dövlət yalnız Rusiya deyil, digər dövlətlər də var. Azərbaycan hökuməti yəqin ki, bunların hamısını nəzərə alacaq. Rusiyaya tətbiq olunan sanksiyalar çox güclüdür. Əgər hansısa material qıtlığı olacaqsa, digər dövlətlər ilə müqavilələr bağlayıb onlardan materiallar almaq olar. Əsas odur ki, Azərbaycanın öz ehtiyatı da var. Burada əsasən materialların alınmasında özəl şirkətlər iştirak edir. Onlar da başa düşürlər ki, Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilir. Belə olan halda orada zavod və fabriklərin dayanması prosesi gedir. Artıq sahibkarlar da fikirləşməlidir ki, taxtanı və ya digər materialları haradan ala bilərəm ki, işim dayanmasın”.

V. Əhmədov proseslərin Qarabağdakı tikinti işlərinə təsiri barədə də danışıb:
“Hesab edirəm ki, Qarabağın bərpası işlərində heç bir problem yoxdur. İşğaldan azad edilmiş bütün ərazilərdə işlər çox böyük sürətlə davam edir. Proseslər dövlət başçısının nəzarəti altındadır. Prezident Administrasiyasının rəhbərliyi mütəmadi iclaslar keçirir və bu, məsələləri yoxlayırlar. Qarabağda bizim şirkətlərlə yanaşı türk şirkətləri də işləyirlər. Lazım olanda materialları Türkiyədən, İrandan alacaqlar. Yəni, Qarabağın bərpası ilə əlaqədar məsələdə inanmıram ki, ciddi problem olsun. Əsas odur ki, evlərin tikintisinə başlanılıb”.

Millət vəkili Qarabağa əhalinin köçürülməsi ilə bağlı məsələlərə də toxunub:
“Bu il köç məsələsi nəzərdə tutulub. Hara, nə qədər insanın köçürüləcəyi isə görüləcək işlərdən asılıdır. Amma bilirəm ki, Zəngilana bu il köç nəzərdə tutulub. Hazırda Şuşada da çox böyük işlər gedir. Şuşada artıq yaşayanlar da var. Yəni, Qarabağa köç əsasən infrastruktur layihələrinin bitməsindən, qaz, işıq, suyun verilməsindən, yaşayış binalarının hazır olmasında asılıdır. Hazırda ən ciddi məsələ minaların təmizlənməsidir. Çünki elə ərazilər var ki, minadan təmizlənməyib. Bu istiqamətdə də ciddi işlər gedir. Yəqin ki, bu ildən başlayaraq müəyyən köç də baş verəcək”.
Millət vəkili Zəngilandakı vəziyyətə də diqqət çəkib:
“Zəngilanda qaz olmasa da işıq, su var. Təbii ki, qaz ilə əlaqədar da problem olmaz. Bu məsələlər kompleks həll olunacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.