Əsgəri döyən hərbçi hamının gözü qarşısında mühakimə olunsun! – Hərbi ekspert

7-04-2022, 00:07           
Əsgəri döyən hərbçi hamının gözü qarşısında mühakimə olunsun! – Hərbi ekspert
Ötən gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülər yayılıb.
Hərbi hissədə əsgərin döyülməsi faktı ictimaiyyət arasında qəzəbə səbəb olub.
Teref.az yazır ki, məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a danışıb.
Onun fikrincə, bu, hərbi hissədə nizamnamədənkənar münasibətlərin olduğunu göstərir:

“Görünür, bu hərbi hissədə nizamnamədənkənar münasibətlər mövcud olub ki, bu insan məcburiyyət qarşısında qalaraq o görüntüləri çəkib və ictimailəşdirib. Yəqin ki, komandirlər öz vəzifə borclarına layiqincə yanaşmayıblar ki, belə hal baş verib”.
Ü.Cəfərov bildirib ki, bu hal bütün hərbi hissələrdə mövcud deyil:
“Bu hal bütövlükdə DİN-in Daxili Qoşunlarının digər silahlı birləşmələrinin fəaliyyətinə kölgə salmamalıdır. Komandirlər öz vəzifə borclarına vicdanla, hər bir əsgərə isə öz övladları kimi yanaşmalıdırlar. Bu cür məsələlərin aradan qaldırılması üçün hələ xeyli işlər görülməlidir. İndi Hərbi Prokurorluq baş verən hadisələrin sayını yox, faiz dərəcəsini göstərir. Biz onların faiz dərəcəsinə baxanda görürük ki, bu il nizamnamədənkənar halların faiz dərəcəsinin n qədər azaldığı qeyd olunub. Amma baxırıq ki, bu hallar baş verir. Əsgər-əsgər, əsgər-çavuş, əsgər-zabit münasibətləri sağlam olmalıdır. Hər kəs əsgərə istismar edilməli olan varlıq kimi yox, bir doğması, bu Vətənin keşikçisi kimi yanaşılmalıdır”.
Hərbi ekspertin sözlərinə görə, şəhərdən uzaq bəzi hərbi hissələrdə də xoşagəlməz hallar olur:
“Şəhərdən uzaqda elə hərbi hissələr var ki, onlarda da belə xoşagəlməz hallar baş verib. Bu məsələləri kompleks şəklində həll etmək lazımdır. Əslində belə bir hadisənin olmaması daha yaxşı olardı. Amma nə etmək olar ki, dünyanın bütün ölkələrinin ordusunda belə hallar var. Heç birimiz istəməzdik ki, bizim orduda olsun. Bu hadisədə günahı olan şəxsin hərəkətləri hüquqi qiymət alandan sonra onun mühakiməsi mətbuatın və ictimaiyyətin iştirakı ilə keçirilməlidir ki, başqaları baxıb bundan çəkinsinlər”.
Əlavə edək ki, videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır:
"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - deyə rəsmi məlumatda qeyd olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.