"“Mehdinin xidmətçiləri” adlı radikal qrup Azərbaycanda da var" - Rauf Arifoğlu

5-08-2022, 18:25           
"“Mehdinin xidmətçiləri” adlı radikal qrup Azərbaycanda da var" - Rauf Arifoğlu
“İngiltərə hökuməti onları öz paytaxtında himayə edir, onların mətbu orqanı, televiziyaları, böyük pulları, sərvətləri var. Onlar açıq-aydın rahat şəkildə özlərinin geri qalmış geyimlərindən tutmuş, ənənələrinə qədər hamısını özləriylə daşıyırlar. Londonu, İngiltərə də daxil, İslamı da çirkləndirirlər”. TEREF.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

O, Azərbaycan səfirliyinə hücuma görə sosial şəbəkə istifadəçilərinin İslam dinini terror dini kimi səciyyələndirməsini şərh edib:

“Sosial şəbəkə istifadəçiləri rəy bildirmədən öncə, ilk növbədə, məsələnin mahiyyətini bilməlidirlər. Terror aktı ilə bağlı media orqanları hücum edən dəstənin haraya bağlı olması, iştirakçılarının sayı, onların bəyanatları barədə təfsilatlı məlumatlar dərc edib. Çox təəssüf ki, bu məlumatlar sosial mediada paylaşılanda istifadəçilər oxumadan mühakimə yürüdüb. İnsanlar şərh bildirməzdən öncə məlumat toplamalı, onları diqqətlə öyrənməli, daha sonra mülahizə yürütməlidirlər.

İslam dini yüz illərlə daşıdığımız və Azərbaycanın da ən böyük dəyərlərindən biridir. Hər hansı bir fakta görə, yaxud kiminsə din adı altında həyata keçirdiyi terror hadisəsinə görə İslamı mühakimə etmək düzgün deyil.

Bu, özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal bir qrupdur. Bu qrup əsasən, ərəb əsilli insanlardan təşkil olunub. Bunların bağlı olduğu ideologiya və liderləri də bəllidir. Çox təəssüf edirəm ki, bu cür radikal dini qruplaşma İngiltərə kimi demokratik ölkələrdən birində illərdir ki, yuva salıb orada çox rahat sərbəst şəkildə fəaliyyət göstərir.

Təsəvvür edin, küçənin ortasında, günün günorta çağında bir ölkənin səfirliyini toxunulmaz bir məkana hücum edirlər, bayrağımızı söküb, əvəzində öz əski parçasını sancırlar. Bu, İngiltərə hökumətinin məsuliyyətidir. Bununla bağlı da Azərbaycan dövləti də yəqin ki, öz cavablarını bildirəcək”.

Rauf Arifoğlu ölkədə dini qarmaqarışıqlığın olmaması, təxribata gedilməməsi üçün vətəndaşların maariflənməli olduğunu diqqətə çatdırıb:

“Burada yeganə çıxış yolu cəmiyyəti ciddi məlumatlandırmaqdır. Mənim işim media mənsubu kimi, bu işin informativ tərəfini doğru-dürüst cəmiyyətə çatdırmaqdır. Amma bu informasiyalar həm dini, həm də sekulyar sahələrin işləridir. Hər iki tərəfə böyük məsuliyyət düşür. Əks halda, Londonda baş verən Azərbaycana təcavüz əlaməti Azərbaycanda da müəyyən fəsadlar verə bilər.

“Mehdinin xidmətçiləri” adlı radikal qrup Azərbaycanda da var. Bu tərəfdarların onlarla əlaqələrinin olması aşkarlanır.

Azərbaycan rəsmiləri müəyyən idarə və təsisatların, ibadət ocaqlarının üstündən yad bayraq və şüarları çıxartmasının videosu çəkilib. Videonun Londona ötürülməsi səfirliyə hücumun mahiyyətini açıqlayır. Həmin terrorçu qruplaşma Bakıda dini şüarların yığışdırıldığını göstərərək səfirliyə hücum hadisəsini öz üzərinə götürüb. Bu baxımdan hüquq-mühafizə orqanlar, digər rəsmi qurumların üzərinə böyük məsuliyyətlər düşür. Onlar dini icmalarla mümkün qədər həssas davranmalıdırlar. Hər hansı şüarı yığışdıranda öncədən orda nə yazıldığını oxumalı və hərəkətlərinin hansı qrupların heysiyyətinə toxunacağını, kimlərin bundan necə istifadə edə biləcəyini düşünməlidir.

Onların həqiqətən dindar olub-olmaması sual altındadır. Mən onları terrorist hesab edirəm. Əgər ölkənin səfirliyinə müdaxilə varsa, bayraq sökülübsə, bunu edən terrorçulardır. İngiltərə hökuməti bu terrorçuları yerindəcə güllələməliydi. Çünki bayrağa əl uzatmaq ən ağır cəza tələb edir. Bu, İsrail və yaxud Amerikan səfirliyi olsaydı, onlar heç ora girə bilməzdilər, yerindəcə güllələnərdilər. Çünki bu hərəkət suveren ölkənin ərazisinə müdaxilə etməyə bərabərdir. İngiltərə hökuməti onları öz paytaxtında himayə edir, onların mətbu orqanı, televiziyaları böyük pulları sərvətləri var. Onlar açıq-aydın rahat şəkildə özlərinin geri qalmış geyimlərindən tutmuş ənənələrinə qədər, hamısını özləriylə daşıyırlar. Londonu, İngiltərə də daxil, İslamı da çirkləndirirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.