Avropada yeni Rusiya hərbi bazası? - “Odla oynamasınlar”
16-08-2022, 08:37
Ukraynada bataqlığa düşən “derjava”nın növbəti niyyəti həm təhlükə, həm də gülüş effekti yaradır
Serbiya ərazisində Rusiya hərbi bazası yaradıla bilər. “Ren TV”-nin məlumatına görə, bu barədə Rusiyanın Belqraddakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Botsan-Xarçenko məlumat verib.
O, həmçinin qeyd edib ki, Serbiya Rusiya Federasiyası üçün dost ölkədir və Belqrad Rusiya əleyhinə sanksiyaları kökündən rədd edir: “Rusiya Serbiyanın enerji sabitliyini təmin edir. Bundan əlavə, ölkələr hərbi-texniki əməkdaşlığı davam etdirir”.
Bundan əvvəl Botan-Xarçenko bildirmişdi ki, Kosova və Metoxiyadakı böhranın kəskinləşməsi fonunda Serbiyanın Rusiya Federasiyasından hərbi yardım istəməsini istisna etmir: “Serbiya və Kosovadakı mövcud vəziyyətin indiki geosiyasi kontekstlə necə uyğunlaşması fonunda hadisələrin bu cür inkişafını gözləmək olar”.
Bəs, səfir hazırkı reallıqlar fonunda bu perspektivləri adekvat qiymətləndirirmi? Serbiya Avropa İttifaqı (Aİ) və NATO ölkələri ilə əhatə olunub, o, öz qonşuları ilə birtəhər normal münasibətlər qurmalıdır. İndi səfir Xarçenko onun başına Rusiya hərbi bazası bəlasını gətirmək istəyirsə, bu, kimə lazımdır? Və ümumiyyətlə, bunu necə etmək olar? Bir neçə ay əvvəl nazir Lavrov Belqrada uça bilmədi - sadəcə bütün ətraf ölkələr Rusiya təyyarələrinin uçuşlarına qoyulan məhdudiyyətə qoşuldu. Belə bir şəraitdə baza üçün hərbi texnika və tikinti materiallarını necə çatdırmaq olar?
AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Vilnüsdə yaşayan rus politoloq Konstantin Eggert:
“Rusiyanın Belqraddakı səfiri sadəcə fantaziyasını dilə gətirir. Serbiyada putinyönümlü əhval-ruhiyyə çox güclüdür, əlbəttə ki, rus enerji daşıyıcılarına ehtiyac var. Lakin buna baxmayaraq, Serbiyanın heç bir rəhbərliyi təbii ki, hərbi bazanın yaradılmasına razı olmayacaq. Çünki bu, bu ölkənin Avropa İttifaqına inteqrasiya cəhdlərinə son qoyacaq.
Üstəlik, bu qərarın serb siyasi təbəqəsində belə müsbət reaksiyaya səbəb olacağına əmin deyiləm. Bunun baş verəcəyini düşünmürəm.
Rusiyanın Belqraddakı səfiri sadəcə olaraq Serbiya ilə Kosova arasında mövcud gərgin vəziyyətlə oynamağa və necə deyərlər, odun üstünə benzin tökməyə, gərginliyi artırmağa, daha da gərginləşdirməyə çalışır ki, bu da hamıya Rusiyanı xatırladacaq. Deyirlər ki, Rusiya regionda rol oynayır. Amma əminəm ki, bütün bunlar ritorikadan o yana keçməyəcək”.
Ukraynalı siyasi analitik, “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko:
“Rusiyanın Serbiyadakı səfirinin bəyanatı hazırda daha çox rus diplomatiyasının aqressiv üslubunun təzahürüdür. Qonşuları - Qərb, NATO, Aİ-ni təhdid etmək Putin Rusiyasının imza üslubudur. Rusiya diplomatiyası da eyni üslubda fəaliyyət göstərir. Və deyəsən, Rusiya diplomatları arasında kimin Putinin aqressiv siyasətini dəstəklədiyini və təbliğ etdiyini daha aydın bəyan edəcəyi uğrunda rəqabət gedir.
Müasir Rusiya çətin ki, Serbiyada tamhüquqlu hərbi baza yarada bilsin. İndi Kremlin heç Ukraynada müharibə aparmaq üçün gücü və resursları yoxdur. Və çətin ki, Aİ və NATO Rusiyaya bunu logistik cəhətdən etməyə icazə versin.
Üstəlik, siyasi baxımdan Serbiyaya bunun hansı mənfi nəticələrə səbəb ola biləcəyini çox inandırıcı şəkildə göstərə bilərlər. Axı Serbiya Aİ-yə üzv olmağa can atır. Öz ərazisindəki Rusiya hərbi bazası isə (Rusiyanın indiki aqressiv siyasətini nəzərə alaraq) Serbiyanın bu cür niyyətlərinin üstündən xətt çəkə bilər.
Lakin Rusiyanın Serbiyadakı səfirinin açıqlaması həm Rusiyanın gələcək planları, həm də Rusiyanın Serbiya və Qərbi Balkanlara münasibətinin göstəricisi kimi qəbul edilməlidir. Rusiya Serbiyanı Qərbi Balkanlarda və Avropa İttifaqında geosiyasi təsiri üçün tramplin kimi görür. Və bu təsir, regiondakı müxtəlif siyasi hadisələrin göstərdiyi kimi, sabitliyi pozur. Xüsusilə, Rusiya bu region ölkələrinin Aİ-yə üzvlük istəklərini alt-üst etməyə çalışır.
Kreml bütün dünyada öz hərbi bazalarını yaratmaq arzusundadır. 2022-ci il iyulun sonunda Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının yeni dəniz doktrinası dünyanın müxtəlif regionlarında (mövcud olanlara əlavə olaraq) yeni Rusiya hərbi-dəniz bazalarının yaradılmasından bəhs edir. Rusiya isə artıq müttəfiq ölkələrin ərazisində (Belarusda, Ermənistanda, Tacikistanda) quru bazaları yaradıb. Və eyni Belarusun təcrübəsi göstərdiyi kimi, bunlar potensial müharibə ocaqlarıdır. Ona görə də serblər odla oynamasınlar”.
Müəllif: Rauf Orucov