“Teatrın direktorları, baş rejissorları niyə istedadlıları yox, istedadsızları teatra seçirlər?”

25-05-2023, 11:03           
“Teatrın direktorları, baş rejissorları niyə istedadlıları yox, istedadsızları teatra seçirlər?”
“Teatrın direktorları, baş rejissorları niyə istedadlıları yox, istedadsızları teatra seçirlər?”

“Əyri-üyrülər” çox asanlıqla teatra yol açırlar”

“1985-ci ildən Mədəniyyət və İncəsənət universitetində çalışıram. Çox ümidverici tələbələrim var. Bizim dövrümüzdə başqa cür idi. Teatrlarda tamaşa oynayıb, püxtələşirdik. Elə kursum olub ki, orada Əliağa Ağayevdən də artığı olub, İsmayıl Osmanlısı da, Məlik Dadaşovu da olub. Efirdə də demişəm, hanı teatrın direktorları? Baş rejissorları? Niyə gəlib universitetin diplom tamaşalarına baxıb, öz kadrlarını oradan seçib aparmırlar?! İstedadlı aktyorlar teatra qətiyyən yol tapa bilmirlər. Amma axsayanlar, “əyri-üyrülər” hansısa yollarla teatrda rol oynayırlar. Bayaq danışdığım kursumun tələbələri teatrda işləmirlər, klounluq edirlər. Hansı teatra gedirdilərsə, sual verirdilər ki, “sənin nə uzun boyun var?”. Sənət, peşəkarlıq, istedad boyla ölçülmür ki. Bir dəfə də tələbəmə demişdilər ki, “bu boyla sənə zürafə rolunu verək?”. Bu yanaşma düzgün deyil”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib.

“Şəki Dövlət Dram Teatrında 10 il çalışmışam. Bir aktrisanın arzu edə biləcəyi rollar oynamışam. Əfsuslar olsun ki, o rolları o vaxt çəkməyiblər. Tarixdə qalmayıb. Teatrda oynadığım qadın obrazlarını filmlərdə oynamamışam. Həmişə mənə bədbəxt qadın, bədbəxt ana obrazları həvalə olunub. Axırda dedim ki, nə istəyirsiniz məndən? Mən axı tək o planlı aktrisa deyiləm. Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmində kiçik bir obraz oynamışam. Görün nə qədər maraqlı roldur. Mənə nə rol veriblərsə oynamışam. Obraz arzulamamışam. Yetərincə oynamışam, indi qoy cavanlar çəkilsinlər, oynasınlar. Mən paxıl insan deyiləm” deyə sənətkar bildirib.

Gülşad Baxşıyeva “Bəxt üzüyü” filmindən də danışıb.

“Vaqif Səmədoğlu filosof şair olub. “Bəxt üzüyü” tamaşasını ilk dəfə Şəki Dövlət Dram Teatrında səhnələşdirmişik. Orada mən Saranı yox, Söylü obrazını oynamışam. Saranın barmağında üzük yox idi. Bu əslində bir mesaj idi. Bəxtlərin itirilməsi mesajı. Bəxt üzüyümü hələ də saxlayıram. Bəxtimi itirmiş qadın deyiləm. Çox fədakar qadınam. Həmişə tələbələrimə deyirəm ki, yıxılsanız, qalmağı bacarın. Mən fikrimi deyən biriyəm, ədalət harada tapdalanırsa üsyan qaldırıram. Mən beləyəm, kim məni belə qəbul edirsə etsin, qəbul etmirsə mənim heç vecimə də deyil. Vaxtilə mənə pislik edən insanları da bağışlamışam. Onlara pislik də arzulamıram. Çünki sən nə edirsənsə, o sonradan sənə qayıdır. Həyat bumeranqdır” deyə sənətkar bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.