Abdullah Zubir: “Hədəf Avropa Liqasının qrup mərhələsidir” - MÜSAHİBƏ
15-08-2023, 15:53
“İlk matçdan sonra Finlandiya təmsilçisini az-çox tanıdıq. Təbii ki, növbəti mərhələyə yüksəlmək istəyirik və bunu həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”.
Bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Sports.az-a müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
- Ardıcıl iki qələbədən sonra komandada əhvali-ruhiyyə yaxşıdırmı?
- Əslində, komandadakı əhvali-ruhiyyəni yüksəltmək üçün bu qələbələrə ehtiyac vardı. Ümumən, ab-hava pis deyildi. Yetərincə təcrübəli kollektivik və belə vəziyyətlərdən necə çıxmaq lazım olduğunu bilirik. Amma istənilən halda əhvali-ruhiyyənin lap qaydasına düşməsi üçün bu önəmli idi.
“Rakuv” və “Zirə” uğursuzluqlarından sonra ardıcıl iki qələbə qazandıq. Həm HIK, həm də “Turan Tovuz”la oyunlar bu mənada yerinə düşdü.
- Qarşıdan HIK-lə ağır qarşılaşma gəlir. Cavab matçına hazırlıq necə gedir?
- HIK sıradan rəqib deyil. Mərhələ keçmək üçün onların oyununu hər incə detalına qədər təhlil etməliyik və məşqçilərimizin köməyi ilə bu yöndə ciddi çalışırıq. İlk matçdan sonra Finlandiya təmsilçisini az-çox tanıdıq. Təbii ki, növbəti mərhələyə yüksəlmək istəyirik və bunu həyata keçirmək üçün əlimizdən gələni edəcəyik.
- Ölkə çempionatında da gərgin mübarizə başlayıb. “Zirə” və “Turan Tovuz” haqda fikirləriniz maraqlıdır.
- Hər iki komandanın oyununda ötən mövsümlə müqayisədə irəliləyiş hiss olunur. Həm müdafiədə, həm hücumda, həm də ümumən taktiki baxımından məni yaxşı mənada təəccübləndirdilər. Bəlkə, hesab aldadıcı ola bilər, amma həqiqətən, “Turan Tovuz” da yaxşı təsir bağışladı. “Zirə”nin isə həm oyunu, həm nəticələri göz qabağındadır. Dediyim kimi, irəliləyiş, sözsüz ki, hiss olunur.
- Bu mövsüm üçün avrokuboklarda və daxili yarışlarda məqsədiniz nədir?
- Hazırda iki cəbhədə mübarizə aparırıq. Çempionatda, həmişəki kimi, hədəfimiz yalnız çempionluqdur. Bu həm mənim, həm komanda yoldaşlarımın əsas məqsədidir. Buna nail olmaq asan deyil, amma biz var gücümüzlə çalışırıq.
Avropa Liqasında isə qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. İndiki məqamda əsas hədəf budur.