"Lütfizadə xalam oğludur, o bizimkidir, oğlu Norman isə tipik Amerikandır"-Xalq artisti

16-08-2023, 00:07           
"Lütfizadə xalam oğludur, o bizimkidir, oğlu Norman isə tipik Amerikandır"-Xalq artisti
"Ən xoşbəxt anlarım Bakı Kamera teatrında keçib. Burada mənim sevimli aktyorlarım yetişib. Onlardan Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Kərəm Hadızadə və digərlərinin adlarını çəkə bilərəm. Onlar mənim üçün doğma insanlardır. Mənim teatr həyatımın ən xoşbəxt anları orada qaldı"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cənnət Səlimova deyib. Sənətkar Gənc Tamaşaçılar teatrının aktyorları ilə keçmiş Bakı Kamera teatrının aktyorları arasında heç bir ayrı-seçkilik etmədiyini bildirib.

"Mən hətta rol versəmdə kiməsə, ikinci rol mütləq Gənc Tamaşaçılar teatrından olmalı idi. Elə tamaşalar var ki, orada ümumiyyətlə Gənc Tamaşaçılar teatrının aktyorlarına rol vermişəm. Heç Kamera teatrından bir adama belə rol verməmişəm" deyə rejissor bildirib.

Xalq artisti xalası oğlu, dünya şöhrətli alim Lütfizadə ilə bağlı xatirələrini də bölüşüb.

"Necə deyim sizə, Lütfizadə ilə çox görüşmüşük. O, çox ürəkdən yanaşan insan olub. O, çox yumşaq, həlim adam idi. Amma biz qohumlar arasında bilirdik ki, düşünəndə ona toxunmaq olmaz. Lütfizadə işləyir, Lütfizdə düşünür. O, 96 yaşında dünyasını dəyişdi. İnanın mənə, o son dəqiqəsinə kimi işləyirdi. Mən ondan soruşdum ki, sən nə vaxt, necə dincəlirsən? Mənə dedi ki, bu nə deməkdir?! Necə yəni, necə dincəlirəm? Dedim ki, kurorta, dənizə, ailənlə getmirsən? O dedi mən belə şey başa düşmürəm. Təsəvvür et, mən uzanmışam və heç nə etmirəm. Mən işləyəndə, düşünəndə dincəlirəm. Nəsə tapanda, kəşf edəndə dincəlirəm. Daş daşımıram ki, uzanıb dincələm. Əlbəttə ki, o şiddətli dərəcədə zəhmətkeş adam idi. Onun Berqlidəki kabineti tavandan döşəməyə qədər, divarların bu ucundan o ucuna kimi onun əl işləri ilə dolu idi. Biz onun adı gələndə Qeyri səlis məntiq nəzəriyyəsini xatırlayırıq. Onun belə kəşf etdiyi nəzəriyyələr 5 ya da 6 idi. Amerika onu yüksək dəyərləndirirdi. Berqli sırf Lütfizadənin nəzəriyyəsinə əsaslanan müasir elmin mərkəzi idi" deyə sənətkar bildirib.

Xalq artisti Lütfizadənin oğlu Normandan da danışıb.

"Lütfizadə bizim adam idi. Bizdən idi. Amma Norman isə tipik Amerikandır. Çox istedadlıdır. Hətta Lütfizadə hesab edirdi ki, o, onun özündən də güclü riyaziyyatçıdır. Lütfizadə bütün öz əməyini elmə sərf edib. Norman isə bütün istedadını kommersiyaya yönəldir. Və o hesab edir ki, budur həyatın mənası. Amma nə bilim, biz onunla çox fərqliyik. Düşünürəm, teatra yanaşmama isə o, yəqin ki, mənə gülər" deyə xalq artisti deyib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.