İrəvan Bakıdan “xoxan” düzəltməyə çalışır: “Təxribatlar şiddətlənə bilər”
16-08-2023, 00:07
Asif Nərimanlı: “Əsas hücumların dörd istiqamətdən baş verəcəyi gözlənilir”
Ermənistan silahlı qüvvələri tərəfindən üç gündür ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə mövqeləri atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin atəş nöqtələri susdurulur, təxribatların qarşısının alınması istiqamətində tədbirlər görülür.
İndiki məqamda Ermənistanın sərhəd ərazilərdəki hərbi təxribatlarının eskalasiya riskini artırması barədə proqnozlar mövcuddur. Analitiklərin qənaətincə, Ermənistan tərəfi atəşkəsi pozmaqla aparılan sülh danışıqlarını tormozlamaqla məşğuldur.
Baş verən insidentlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Laçın postu ətrafında beynəlxalq gündəm yaratmağa çalışır:
- Bir tərəfdən diplomatik müstəvidə gedişlər edir, hansı ki, məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istəyi də bunlardan biridir. Digər tərəfdən, atəşkəsi pozmaqla beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyir. Yəni ki, atəşkəsi pozmaqda İrəvanın məqsədləri bunlardır.
- Ermənistan sərhəddə gərginliyi artırmaqla istəyinə nail ola biləcəkmi?
- Burada hərbi və siyasi məqsədlər var. Diqqət etsək, Ermənistanın son günlər Naxçıvanın Sədərək rayonu və Kəlbəcər istiqamətində atəşkəsi pozduğunu görə bilərik. Sədərək istiqamətində atəşkəsin pozulması Kərki kəndi ilə bağlıdır. Bəllidir ki, bu anklavın azad edilməsi Azərbaycanın əsas hədəflərindən biridir. Ermənistan isə ABŞ investisiyasını bu bölgəyə gətirərək, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Belə bir zavodun bu bölgədə inşa edilməsi Kərkinin azad edilməsi perspektivinə qarşı ABŞ investisiyasını qalxan kimi istifadə etmək məqsədi daşıyır. Hazırda Ermənistan ABŞ investisiyasını gətirdiyi bölgə istiqamətində atəşkəsi pozmaqla, gərginlik yaratmaqla beynəlxalq diqqəti bölgəyə çəkməyə çalışır.
Kəlbəcər istiqamətində isə Azərbaycan Ordusu sərhədi de-fakto təmin etsə də, Ermənistanın iddiaları hələ də qalır. İrəvan Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan ərazidə ordumuzun mövqelərindən geri çəkilməsini istəyir və burada daha əlverişli mövqelərə çıxmağı planlaşdırır. İstisna deyil ki, hərbi məqsəd mövqelərin ələ keçirilməsi ola bilər. Lakin birinci planda siyasi məqsədə nail olmaq istəyirlər. Bu da hərbi eskalasiya yaratmaq və Azərbaycanı “təcavüzkar” obrazında göstərməkdir.
Laçın postu ilə bağlı məsələni BMT TŞ-də müzakirəyə çıxarmaq istədikləri vaxt belə bir eskalasiya arqumentləri gücləndirmək baxımından onlara lazımdır. Laçın sərhədinə hərbi texnika toplamaları da bundan qaynaqlanır. Eskalasiyanın bu istiqamətdə ola biləcəyi də gözləniləndir.
- Növbəti sentyabr döyüşləri təkrarlana bilərmi?
- Proseslər göstərir ki, Ermənistan sərhəd boyunca atəşkəsi pozmağa davam edəcək və təxribatlar getdikcə şiddətlənə bilər. Çünki məqsədlərinə nail olmaq üçün eskalasiyanı çıxış yolu kimi görürlər. Bu baxımdan, sərhəddə baş verən və “Sentyabr döyüşləri” olaraq qeyd olunan toqquşmanın ola bilməsi istisna edilməməlidir. Ermənistan “güzgü prinsipi”ni – qoşunların sərhəd xəttindən geri çəkilməsini gündəliyindən çıxarmayıb və zaman-zaman bunu irəli sürür. Lakin son danışıqlar prosesində mövqeləri kifayət qədər zəifləyib. Həm beynəlxalq diqqəti bölgəyə çəkmək, həm də bu məsələni yenidən aktuallaşdırmaq üçün eskalasiyaya gedə bilər. Əsas təxribat hücumlarının 4 istiqamətdə ola biləcəyi ehtimalını irəli sürmək mümkündür:
Sədərək istiqamətində - bu, ABŞ-ın reaksiyasına nail olmaq məqsədi daşıyır;
Kəlbəcər istiqamətində - qeyd etdiyimiz kimi müəyyən mövqeləri tutmaq, danışıqlar masasında əlini gücləndirmək üçün edə bilərlər;
Laçın istiqamətində - Laçın sərhəd-keçid məntəqəsinin açılmasına diqqəti cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyirlər. O cümlədən, Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları əvvəldən var;
Zəngilan istiqamətində - bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır. Eyni zamanda, bu, Zəngəzurdan dəhliz verməyəcəklərini “əzələ nümayişi” ilə göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək məqsədi daşıya bilər.
- Yeni müharibənin olmasında maraqlı qüvvələr kimlərdir?
- Ermənistanın maraqları bəllidir, lakin mövcud vəziyyətdə bölgədə gözü olan bütün tərəflərin yeni eskalasiyada maraqlı ola biləcəyi istisna edilməməlidir. Rusiya Qərb masasında sülh danışıqlarının irəliləməsini qəbul etmir, Xarici İşlər Nazirliyi səviyyəsində buna qarşı olduqlarını da bəyan etdilər. Bu prosesi pozmaq və Moskvanın vasitəçiliyini ön plana çıxarmaq naminə eskalasiyada maraqlı tərəflərdən biridir. Fransa tamamilə kənarda qaldığı sülh danışıqlarının pozulmasında maraqlıdır, həmçinin, yeni esakalasiya ilə Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanın zəifləyən yerini doldurmaq istəyir. İran da Rusiyanın yerinə Ermənistana daxil olmaq istəyir, o cümlədən, Bakı və İrəvanın problemləri həll etməsini istəmir, çünki bu, Tehranı bölgədən bir qədər də uzaqlaşdıracaq. ABŞ eskalasiyada daha az maraqlı tərəf kimi görünür, hərçənd, Rusiyanın vasitəçiliyi intensivləşərsə və Ankara-Moskva ikilisinin rolu artarsa, eskalasiya Vaşinqton üçün də sərfəli ola bilər.
- Adətən hərbi toqquşmanın sülh prosesinə zərbə vurğunu görürük. Lakin belə fikirlər var ki, növbəti döyüş sülhü yaxınlaşdıracaq. Bu fikirlə razısınız?
- Bu fikrin məntiqi tərəfləri var, xüsusilə, Ermənistan hakimiyyətinin erməni ictimai rəyini sülhə inandırması baxımından. Yeni toqquşma yaşanarsa, bu, ermənilərə 44 günlük müharibənin ağrısını yenidən xatırladacaq və normal yaşamağın yeganə yolunun sülh olduğu fikrinə yenidən qayıdacaqlar. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən rəy sorğuları ermənilərin böyük əksəriyyətinin sülhdən yana olduğunu göstərirdi, seçkidə Paşinyana ona görə səs verdilər, lakin son sorğularda bu fikir dəyişir, artıq 70 faizdən çox insan mövcud şərtlərlə sülh sazişinin imzalanmasına qarşıdır. Bu, Paşinyan hakimiyyətinin işini çətinləşdirir, bu baxımdan, yeni eskalasiya erməni cəmiyyətinin rəyini formalaşdırmağa səbəb ola, beləliklə, sülhü yaxınlaşdıra bilər.
Lakin sülh sazişi ilə bağlı problem təkcə Azərbaycan və Ermənistanın razılaşıb-razılaşmamasından asılı deyil. Burada demək olar ki, bütün regional və geosiyasi oyunçuların öz maraqları var və onların konsensusu mümkünsüz görünür. Bu baxımdan, Bakı və İrəvan Qərb masasında razılığa gəlsə, Rusiya buna mane olmağa çalışır, yaxud əksinə. İndi əsas gözlənti ilin sonuna kimi sülh sazişinin imzalanacağına dairdir. Buna ümidlər var, hərçənd, bu məsələdə fikrimcə, tərəflərdən birinin - ya Rusiyanın, ya da Qərbin oyundan çıxması, yaxud təsir imkanlarının azalması həlledici olacaq və belə bir perspektivdə kənarda qalacaq tərəf kimi Rusiya görünür.
Müəllif: Anar Bayramoğlu