"Ukraynanın tələbləri artıq Qərbdə qıcıq yaradır, Kiyevin qalib gəlməsi transmilli qüvvələrə..." - ŞƏRH

18-08-2023, 16:55           
"Ukraynanın tələbləri artıq Qərbdə qıcıq yaradır, Kiyevin qalib gəlməsi transmilli qüvvələrə..." - ŞƏRH
Son zamanlar ABŞ, Qərb tərəfi Rusiya-Ukrayna müharibəsi ilə bağlı əvvəlki dövrlərdən fərqli münasibət sərgiləyir. Belə ki, ötən zamanların əksinə olaraq son günlər Ukraynanın sülhə getməli olduğu, məğlubiyyətə uğrarayacağı ilə bağlı mesajlar ötürülür.

Maraqlıdır, Qərb tərəfindən bu cür pessimist bəyanatlar real gözləntidir, yoxsa taktiki gediş?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov Rusiya-Ukrayna müharibəsinin transmilli qüvvələrin planı olduğunu deyib. T.Abbasovun sözlərinə görə, hadisələrin gedişatı əvvəlcədən təxmin edilib:

“Ukrayna bu müharibədə qalib gələcək” deyənlər ya həqiqəti bilmirlər, ya da onlar bilərəkdən avantürizmə varırlar. Faktiki olaraq Ukraynanın müharibədə qalib gəlmə ehtimalı 0-a bərabərdir. Bu müharibə təkcə Rusiya və Ukraynanın, Rusiya ilə Qərbin müharibəsi deyil, həm də dünyada yeni nizam yaradan transmilli qüvvələrin planıdır. Rusiyanın bu planın iştirakçısı olmasının səbəbi isə bu ölkədə də transmilli qüvvələrinin nazirlər, yüksək vəzifəli şəxslərin timsalında fəallarının olmasıdır. Hazırkı müharibənin bir neçə məqsədi var idi. İlk növbədə transmilli qüvvələr Rusiyanın əli ilə çalışdılar ki, Çinin təzyiq imkanlarını məhdudlaşdırsınlar.
Digər tərəfdən, Rusiya Qərbin Ukraynanı öz platformasına çevirməsinə qarşı idi. Artıq görürük ki, Qərb dairələrində Ukraynanın tələbləri ilə bağlı qıcıqlar yaranır. Qərb Rusiyadan fərqli olaraq əvvəlcədən düşünür, sonra addım atır. Qərb Ukraynaya 200 milyard dollardan artıq yardım edib, amma imkanlar sonsuz deyil, kapitalizmdə imkanlar fərqlidir”.

Politoloq müharibədən qazanclı çıxan tərəf barədə də danışıb. Ekspert Ukraynanın mümkün qədər tez sülh danışıqlarına getməli olduğunu qeyd edib:
“Transmilli qüvvələr bu müharibədən qazanırlar. Söhbət gələcəyin konturlarını cızmaqla əldə edilən qazancdan gedir. Onlar artıq dövlətlərə “ikinci dərəcəli kateqoriya” kimi nəzər yetirirlər. Onlar üçün dünyanın 12-15 böyük məkana bölünməsi vacib əhəmiyyət kəsb edir. Həmin bölgələrin də idarəetmə proseslərini ayrı-ayrı qrup dövlətlər həyata keçirəcəklər. Bu plan qarşısıda balaca dövlətlərin duruş gətirmə şansı yüksək deyil. Transmilli qüvvələr də artıq kiçik, milli dövlətlərə qarşı qıcığını bildirir. Həmin qüvvvələr dünyanın tranzit açarını ələ keçirmək, sərvətləri idarə etməyi düşünürlər. Ona görə Ukraynanın müharibədə qazanmaq kimi şansı yoxdur.
Ukraynanı müharibədə parçalayacaqlar, bu, bəlli məsələdir. Bu səbəblə Ukraynanın indiki rəhbərliyi nə qədər tez sülh danışıqlarına başlasa, bu onlar üçün daha yaxşı olar. Onların Rusiyaya diktə etmək perspektivi yoxdur. Rusiya itkilərə məruz qalsa belə, bu boşluqları dolduracaq gücdədir, Ukraynanın isə belə imkanları yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.