Əməliyyatı uğurlu keçmiş pasiyentin həkimə hədiyyə verməsi onun öz işidir - Travmatologiya İnstitutunun direktoru BELƏ DEYİR...

18-08-2023, 16:28           
Əməliyyatı uğurlu keçmiş pasiyentin həkimə hədiyyə verməsi onun öz işidir -
Əməliyyatı uğurlu keçmiş pasiyentin həkimə hədiyyə verməsi onun öz işidir
TEREF.AZ Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) direktoru Şahin Əkbərovun APA-ya müsahibəsini təqdim edir:

- Şahin həkim, instituta müraciətlər daha çox hansı şikayətlərlə bağlı olur?

- Bizim institutda göstərilən xidmət spesifikdir. Şikayətlər, həmçinin ilin fəsillərinə görə dəyişir. Hazırda yay fəsli olduğuna görə əhali arasında aktivlik artıb. Buna görə indiki dövrdə uşaqlarda ən çox dirsək oynağı ətrafının sınıqları, böyüklərdə isə bud, baldır, bazu sümüklərinin sınıqları ilə bağlı müraciətlər daha çox olur.

Bu cür sınıqlarla bağlı, demək olar, hər gün pasiyent qəbul edirik.

- Qəzalardan sonra ən çox hansı travmalarla müraciət edilir?

- Daha çox bud, baldır, bazu və said sümüklərinin sınması ilə bağlı müraciətlər olur.

- Şahin həkim, uşaqlarda budların anadangəlmə çıxıqları hansı hallarda olur?

- Bununla bağlı dünyada aparılmış statistikaya görə, yeni doğulan 1000 körpədən 3-4-də bu problemə rast gəlinir. Bunun səbəbləri isə çoxdur. Burada genetik və fizioloji-mexaniki amillər rol oynayır. Məsələn, doğuşda sağrı gəlişi, hamiləliyin 10-15-ci həftəsində keçirilmiş infeksiyalar, nəsildə sümük xəstəliklərinin olması, uşağı düzgün bələməmək və s. bu problemin yaranmasında rol oynaya bilir. Lakin dediyim kimi əsas faktor genetikdir. İndiki dövrdə genetika elmi də inkişaf edib. Əvvəlcədən uşaqlarda hansı problemlər yarana bilər, müəyyənləşdirmək mümkündür.

- Yeri gəlmişkən, əyri ayaqların səbəbini bir çox hallarda uşaqların bələnməməsində və ya düzgün bələnməməsində görürlər. Müasir tibbin bununla bağlı yanaşması necədir, körpələri bələmək lazımdırmı?

- Tibb elmində aparılan son təhlillərə görə, bud sümüklərinin ayrılmış vəziyyətdə olması məsləhət görülür. Buna görə körpələri bələmək tövsiyə edilmir.

- Bəs yeni doğulmuşlarda hansı ortopedik xəstəliklər özünü daha çox göstərir?

- Yeni doğulmuşlarda ən çox rast gəlinən bud sümüklərinin anadangəlmə çıxığıdır. Sümüyün inkişafı pozulursa, inkişafdan geri qalırsa və ortopedik məsləhətlərə əməl olunmursa, bu zaman bud sümüyü çıxığına meyl yaranır. Buna görə uşaq doğulandan ortoped həkimin nəzarətində olmalıdır. Bu zaman gözlənilən patologiyaların çoxunun qarşısını almaq mümkündür.

- Uşaqların hansısa yaş qrupunda xüsusi olaraq ayaqlarının rentgen edilməsinə ehtiyac varmı, bu, nə üçün önəmlidir?

- Yeni doğulan uşaqların 3 aya qədər rentgen olunması məsləhət deyil. Çünki bu dövrdə uşaq orqanizmi sürətlə inkişaf edir və həmin dövrdə rentgen şüası az-çox mənfi təsir edə bilər. Buna görə birinci vizual müayinə edilir, daha sonra ultrasəs müayinəsi aparılır. Bu müayinə rentgen şüasından fərqli olaraq zərərsizdir. 3 aydan sonra əgər əsaslı şübhə varsa, rentgen etdirmək olar.

- Uşaqlardan söz düşmüşkən, valideynlər məktəblilərin, xüsusilə də ibtidai sinif şagirdlərinin çantalarının ağırlığından çox şikayətçidirlər. Ciddi narahatlığa ehtiyac varmı?

- Uşaqların ağır çanta daşıması, düzdür, yaxşı deyil, amma buna görə uşağın belində skolioz kimi patologiya yarana bilməz. Sadəcə uşaq çanta götürərkən yaxşı olar ki, ağırlıq hər iki çiyində bərabər şəkildə paylansın.

- Əyripəncəlilik, yastıayaqlılığın ortopedik ayaqqabılarla müalicəsi mümkündürmü?

- Bu problem də genetik faktordan asılı olaraq yaranır. Heç kəs yastıayaqlılığı müalicə etdiyini deyə bilməz, lakin uşaqda buna meyllilik varsa, erkən yaşda ona ortopedik ayaqqabılar geyindirməklə qarşısını almaq mümkündür. Əgər nəzarət olmasa, əyrilik uşaq böyüdükcə birinci, ikinci dərəcəyə çevrilə, daha sonra ağrı ilə özünü göstərə bilər. Yəni ilkin nəzarət və müdaxilə önəmlidir.

- Bir çox insan boyunun qısa olmasından ya əziyyət çəkir, ya da bunu ciddi kompleks edir. Boyun uzadılması hansı hallarda mümkün olur?

- Əvvəla, qeyd edim ki, boyun qısa olması bir çox səbəblərdən asılıdır. Bu, bəzi hallarda sümük sistemi xəstəliyinin nəticəsi olsa da, bəzi hallarda isə genetik faktorlardan da asılı ola bilir. Hazırda bu səbəblərdən asılı olmayaraq qısaboylu olmağın qarşısını almaq mümkündür. Əgər qısa boyluluq xəstəliklə əlaqəlidirsə, o zaman 6 yaşdan müalicəyə başlamaq lazımdır. Çünki bu dövrdə böyümə zonaları fərqli olur. Yox, əgər qısa boyluluq genetik faktordan qaynaqlanırsa, bu zaman boyatma prosesinin sonuna yaxın, 14-15 yaşlarda boyun uzadılmasına başlanılır.

Bud sümüyünü 8-10 sm-ə, baldır sümüyünü 10-12 sm-ə qədər böyütmək mümkün olduğuna görə bir şəxsin boyunu 22 sm-ə qədər uzatmaq mümkündür. Lakin bu, hamıya aid deyil. Boy uzatma ən çox gənc nəsildə effektiv olur. Boyun uzadılması zamanı axsaqlıq olmasın deyə proses çarpaz aparılır. Yəni bir tərəfdə bud uzadılırsa, digər ətrafın baldır sümüyü də eyni vaxtda uzadılır. Bir halda ki bu prosesə əvvəldə də qeyd etdiyimiz kimi erkən yaşda başlanılsın.

- Həkim, bəs bununla bağlı müraciət sayı çoxdurmu, nəticələr necədir?

- Bəli, müraciətlər olur. Boyu günə bir millimetr uzatmaq mümkündür. Boyun uzadılması prosesində xəstəni stasionarda yatırda bilmirik. Ona proses izah edilir və xəstə özü bunu ambulator şəraitdə tənzimləyir. Lakin xəstə mütəmadi olaraq həkim müayinəsinə gəlir, proses izlənilir. Bəzən uzadılma prosesində problemlər də çıxa bilir. Məsələn, boy bir tərəfli uzadılır və axsaqlıq yarandığına görə, boy qısaldılmalı olur.

- 22 sm-ə qədər boyun uzadılmasının mümkün olduğunu qeyd etdiniz. İnstitutun təcrübəsində buna rast gəlinibmi?

- Olub. Qeyd edim ki, boy uzadılmasının başqa metodları da var, lakin postsovet ölkələri kimi bizdə də bu proses ən çox “İlizarov” aparatı ilə aparılır.

- Əyri ayaqların düzəldilməsi ilə bağlı müraciətlər çoxmu olur?

- Bizim ölkədə, təəssüf ki, ayaqları əyri olan uşağı erkən yaşda həkimə aparmırlar. Ən çox qız uşaqları yetkin yaşa çatanda həkimə müraciət edirlər. Öz təcrübəmdə bununla çox rastlaşıram. Erkən müraciət edənlərin sayı az olur. Ölkədə tibbi təbliğat getdikcə bu cür hallar da azalacaq, erkən müraciət edənlərin sayı daha çox olacaq.

- Bəs bu proses necə aparılır?

- Sümük əyri nahiyədən sındırılır və “İlizarov” aparatı ilə korreksiya olunur. Bitişmə prosesi 4-5, 6 aya qədər çəkir. Bu, orqanizmin xüsusiyyətindən asılı olan bir məqamdır. Yəni ən geci 6 aya qədər proses tamamlanır.

- Həmin dövrdə xəstə yataq rejimində olur, yoxsa necə?

- Xəstə bir həftə sonra ayağında aparat ola-ola gəzə bilir. Həkim müayinəsi ayda bir dəfə aparılır.

- Həkim, yeri gəlmişkən, skolioz, kifoz kimi problemlərdə də valideynlər bir çox hallarda uşaqlarının 15-16 yaşında, problem tamamilə ciddiləşəndə müraciət edirlər. Beldə müəyyən qədər əyilmə getdikdən sonra uşaqlara belini düz saxla desən də, bunu bacarmırlar. Skolioz, kifozun tam müalicə olunması üçün neçə yaşdan başlanılmalıdır?

- Skolioz bir qədər mürəkkəb problemdir. Buna spesifik yanaşmaq önəmlidir. Beldə əyriliyin əmələ gəlməsinin səbəbləri olur. Əgər səbəb genetikdirsə, uşaq böyüdükcə belindəki əyrilik daha da artacaq. Ona görə də bütün dünyada qəbul olunub ki, uşaqlar və yeniyetmələr ortopedlər tərəfindən erkən yaşlardan müayinə olunmalıdırlar. Hətta ana bətnində, doğulduqdan sonra 3 ay müddətində də körpələrə ortoped baxmalıdır. Valideynin görə bilmədiyini klinik müayinə metodu ilə ortoped görə bilir.

Uşağın əyri oturması ilə əmələ gələn bel əyriliyə vaxtında müdaxilə edilirsə, həkim nəzarətində olursa, üzgüçülük, fizioterapevtik təyinatlarla qarşısını almaq və əyriliyi aradan qaldırmaq mümkün olur.

Genetik əyriliklərin isə qarşısını almaq daha çətindir. Genetik əyriliklər uşaq vaxtından araşdırılır və səbəbi bəlli olursa, əyriliyin artmaması üçün tədbirlər görülür. Sümükləşmə prosesi bitəndə cərrahi müdaxilə edilir. Uşaq vaxtı isə cərrahi müdaxilə edilmir, çünki uşaq böyüdükcə onurğaya qoyulmuş dəmir boy atmasına mane olur.

- Bunların müalicəsində indi hansı yeni metodlardan istifadə olunur?

- İndi çox müasir metodlar var. Lakin əyrilik ağırlaşmadan qarşısını almaq daha asandır. Ən ağır formada, 4-cü dərəcədə, 30-40 yaşında həkimə müraciət edənlərin böyük problemləri olur. Deformasiyaya uğramış döş qəfəsi, digər sümük xəstəlikləri, daxili orqanların yerini dəyişməsi müşahidə olunur. Şəxsi təcrübəmdə daxili orqanların tamamilə yerini dəyişməsinə, sağdakı orqanın sola və ya soldakı orqanın sağa keçməsinə rast gəlmişəm. Yəni sümük patologiyaları digər patologiyalarla birlikdə ola bilir.

- Onurğa ilə bağlı şikayətləri müşahidə etdikdə görürük ki, onurğa yırtığı insanlar arasında əvvəlki dövrlə müqayisədə daha çox yayılıb. Bununla bağlı statistika nə deyir, doğrudan da çoxalıb, yoxsa necə?

- Onurğa yırtığı ilə bağlı əsas diqqət edilməli və araşdırılmalı məqam genetik faktordur. Əgər problem genetik deyil, sonradan qazanılmadırsa, yəni hansısa vərdiş və ya travma nəticəsində əmələ gəlirsə, qarşısını almaq mümkündür. Uzun müddət hərəkətsiz qaldıqda fəqərənin bir tərəfi yüklənirsə, fəqərə arasında elastikliyi qoruyan nüvə təzyiq nəticəsində yerini dəyişir və ən təhlükəlisi isə sinir kökləri və yaxud onurğa beyninə tərəf inkişaf edəndə olur. Bu zaman xəstədə istər-istəməz ağrılar əmələ gəlir.

İndi bir çox ölkələr yırtığın əvəzinə bel ağrısı sindromu və s. adlarla insanları məlumatlandırmağa çalışır, bel ağrıları zamanı erkən vaxtdan həkimə müraciət etməyin əhəmiyyətini təbliğ edirlər. Bu zaman əmələ gələcək yırtığın da qarşısını almaq mümkündür.

Yırtığın yerləşdiyi yerdən, orqanizmin yaşından, yanaşı xəstəliklərdən, yırtığın ölçüsündən psixoloji faktorlardan asılı olaraq fizioterapiya və ya cərrahi üsulla müalicəsi aparılır. Xəstənin psixoloji durumundan asılı olaraq, fizioterapiya müalicəsi qəbul edirsə, cərrahi əməliyyata ehtiyac olmadan sağalması mümkündür.

Onurğaətrafı əzələləri düzgün inkişaf etdirməklə degenerasiya olunan tərəfdə canlılıq yaradılır.

Onurğa yırtıqlarının geniş yayılması məsələsinə gəlincə isə deyərdim ki, təkcə bu problem yox, digər xəstəliklər də artıb. 35 il bundan əvvəl insanların sümüyündə bitişmə daha tez və daha keyfiyyətli olurdu. Burada əsas faktor qida və həyat tərzidir. Əvvəllər insanlar kənd təsərrüfatı ilə daha çox məşğul olurdular və o zaman aktivliyin çox olması nəticəsində onurğa ilə bağlı problemlərə də daha az rast gəlinirdi. İndi oturaq həyat tərzi, qida rejimi bu cür problemləri çoxaldıb. Bu gün cavan yaşda insanlarda el arasında duzlaşma, boyun ağrısı kimi adlandırılan osteoxondroz geniş yayılıb.

- Halluks valqus daha çox qadınların problemi kimi görünür. Bununla bağlı daha çox qadınlar müraciət edir deyə belədir, yoxsa bu problem elə qadınlarda daha çox rast gəlinir?

- Nisbi olaraq qadınlarda kişilərdən daha çox rast gəlinir. Bu, bir qədər də xanımların görünüşlərinə daha çox diqqət etmələri ilə bağlıdır. Ola bilsin, bununla bağlı kişilər də çox müraciət etsə, fərq daha da azalar. Fakt odur ki, müraciət edənlər əksər hallarda qadınlardır. Özüm də təcrübəmdə kişi pasiyentə rast gəlməmişəm.

Bu problemdə də əsas faktor genetikadır. Ümumiyyətlə, sümük sistemində olan patologiyalar fərqli travmalardan, xəstəliklər isə genetik səbəblərdən əmələ gəlir. Genetikadan əlavə isə ana bətnində uşağın aldığı travmalar, hamiləliyin müəyyən dönəmlərində ananın keçirdiyi infeksion xəstəliklər və s. sümük xəstəliklərinin yaranmasına təsir edə bilər. Halluks valqus problemində də birincisi, genetik, ikincisi, düzgün seçilməyən ayaqqabı kimi amillər sümüklərində güc az olan insanlarda axır-əvvəl deformasiyaya səbəb olur.

- Bəs bu problemdə əməliyyat riskləri nələrdir?

- Halluks valqusu düzəltmək üçün 200-ə yaxın əməliyyat növü var. Əməliyyat növünün sayının bu qədər çox olmasının səbəbi prosesin mürəkkəbliyi ilə bağlıdır. Halluks valqusun bütün xüsusiyyətləri, əmələgəlmə səbəbi, genetik, fiziki faktorlarla və s. ilə bağlı olmasına görə ayrı-ayrı yanaşmalar mövcuddur.

Əsas fikir verilməli məqamlardan biri də əməliyyatın yumşaq toxumada, yoxsa sümükdə olmasıdır. Yumşaq toxumada olan əməliyyatları yüngül formada olduğu zaman əməliyyatla düzəltmək olur, sümükdə olan problem isə düzəlsə də nəticə təkcə həkimin apardığı əməliyyatdan deyil, reabilitasiya dönəmində xəstənin rejimindən, xəstənin psixoloji durumundan da asılıdır. Yəni xəstənin deyilənlərə nə dərəcədə əməl edib-etməyəcəyindən çox şey asılıdır. Məsələn, təcrübəmdə olub ki, xəstənin bilək sınığından sonra gips qoyulub və xəstə vaxtı tamamlanmadan gipsi açıb. Nəticədə isə ani diqqətsizlik nəticəsində ikinci sınıq olub. Halluks valqusda da reabilitasiya dövründə tələblərə əməl etmək şərtdir.

- Halluks valqus problemi yaşayan, lakin bunu estetik baxımından problem etməyən şəxslərin əməliyyat etdirmədən həyatına davam etməsi mümkündür, yoxsa vaxtında müdaxilə etmək şərtdir?

- Halluks valqusla ömrünün axırına qədər yaşayanlar da var. Əməliyyata daha çox gənclər müraciət edirlər. Bundan əlavə də cərrahi müdaxilə halluks valqusun dərəcəsindən asılıdır. Bəzi hallarda çox ağır dərəcədə olur, bu zaman görüntü baxımından da narahat etdiyinə görə insanlar əməliyyat etdirmək istəyirlər.

- Həkim əvvəlki illərlə indiki dövrü müqayisə edəsi olsanız, sınıqçıya müraciət edənlərin sayı daha çoxdur, yoxsa ixtisaslı həkimlərə?

- Son zamanlar, demək olar ki, sınıqçıya müraciət edən yoxdur. Çox nadir hallarda sınıqçıya müraciət edənlərin olduğunu görürük. Onu deyim ki, işini bilən yaxşı sınıqçılar da var, lakin onlar sadə sınıqları bilirlər.

Mən müəllim tanıyırdım, həm də yaxşı sınıqçı idi. Yüngül sınıqlarda müdaxilə edirdi, əks halda isə həkimə göndərirdi. Bu dürüst sınıqçıdır. Biri də var, on beş yumurta, bir kilo ətə görə aldadan sınıqçılar və s.

Olub ki, uşağın qolu kəsilib. Çünki babası sınıqçı olub və uşağın qolunu yumurta qoyub özü bağlayıb. Nəticədə qanqren baş verib və uşağın qolu amputasiya edilib. Baba istəyər ki, nəvəsinin qolu amputasiya olunacaq vəziyyətə gəlsin? Xeyr. Bunu qəsdən yox, savadsızlıqdan edib. Bu cür hallar cəmiyyət savadlandıqca aradan qalxır, insanlar tibbə daha çox güvənirlər.

Mən hər zaman deyirəm, sınıqçıya getmisən, yaxşı etmisən, amma mütləq vaxtında həkimə də gedib rentgen etdirmək lazımdır. On-on beş gündən sonra sümük əyri bitişibsə və sınıqçı məsuliyyəti öz üzərindən atırsa, sonradan rentgen etdirməyin mənası yoxdur. Bu halda sümüyü sındırıb yenidən düzəltmək məcburiyyətində qalırıq.

- Çox zaman bu cür hallar həkimlərə olan inamsızlıqdan qaynaqlanır. Siz necə düşünürsünüz, belə halların yaşanmasında həkimlərin payı nə qədərdir?

- Xeyr, razı deyiləm. O baxır xəstə hansı həkimə müraciət edib. İxtisaslı həkimə müraciət etmək şərtdir.

- Axı bir hadisə baş verdiyi zaman xəstə xəstəxanaya müraciət edir və orada onu yönəltməlidirlər. Görünür, problem elə burada başlayır.

- Yəqin xəstəxanaya yox, poliklinikaya müraciət edib. Açıq danışaq ki, çox zaman ciddi problem olandan sonra instituta yönəldirlər. Bu gün bizim poliklinika sistemində olan travmatoloqlarımızın müalicəsi çox zəifdir.

İş elə qurulmalıdır ki, poliklinikadakı travmatoloqla institutdakı travmatoloq eyni maaşı alırsa, eyni səviyyədə də iş görsün. Poliklinikada fəaliyyət göstərən travmatoloqun işi xəstələrə instituta göndəriş yazmaq olmamalıdır. Niyə biz gün ərzində 300 rentgen çəkməliyik?! Onlarda da həmin avadanlıqlar var. Lakin ağır xəstələr seçilib bizə göndərilir. Poliklinikalar TƏBİB-ə tabedir, biz Səhiyyə Nazirliyinə. Mən hesab edirəm ki, gələcəkdə bu tabeçilik məsələsi aradan qaldırılacaq.

Bud sümükləri sınıqlarının çoxu əməliyyatla düzələn sınıqlardır, lakin xəstələrə protez qoyulur. Niyə?! Bitişən sümüyə niyə protez qoyulsun axı? Bu büdcəyə də ziyan vurmaqdır. Özü də bu protezləri dünən institutu bitirən həkimlər qoyurlar. Əslində isə protez əməliyyatının ciddi incəlikləri var və onları bilmədən protez qoyulmaz. Bir sözlə, çatışmazlıqlar var, zamanla aradan qaldırılacaq.

- Əlillik dərəcəsini almaqda çətinlik çəkənlər də çoxdur. Bu cür şikayətlərlə çoxmu qarşılaşırsınız?

- Əlbəttə, şikayətlər olur. Hər biri ilə görüşür, danışırıq. Bizdən rəylər tam qanuni şəkildə verilir. Bir şəxsə əlillik dərəcəsi düşürsə, verilir, düşmürsə, yox. Deyirlər, filankəsin bir ayağı yoxdur, ona pensiya düşür. Düşmür axı. Adam protezi geyinir və heç bilinmir ki, onun ayağında protez var. Əmək pensiyası o insana verilir ki, onun əmək qabiliyyətində məhdudiyyət var. Əmək qabiliyyətinin itirilməsi haqqında qanun var və o qanuna görə, orqanizmdə xroniki xəstəliklər varsa, məsələn protezi taxanda yara əmələ gəlirsə, əmək qabiliyyətini itirirsə, belə hallarda pensiya verilir.

- Yeri gəlmişkən, vətəndaşlar həkimlərdən narazılıqlarını bildirirlərmi?

- 8 aydır ki, institutun direktoruyam. Bu müddət ərzində 3 nəfər şikayət edərək narazılığını bildirib. Onlar da araşdırılıb və bəlli olub ki, həkimlər bəzi hallarda kobud danışıb, səhlənkar yanaşıblar. Bunları da həll etmişik. Ciddi şikayətlər olmayıb. Qeyd edim ki, ən çox şikayət də, narazılıq da ən çox xəstə qəbul edən, əməliyyat aparılan yerdə olur.

- Yeni təyin olunmusunuz, xeyirli olsun. İnstitutdakı fəaliyyətinizlə bağlı hansı yeniliklər gözlənilir?

- Çox sağ olun! Mən direktor təyin ediləndə qarşıma bir sıra tələblər qoyuldu. Bildirildi ki, institutda mənfi hallar, problemlər var. Onlar aradan qaldırılmalıdır. Şəffaflıq təmin edilməlidir. Mən də bu tələblər qarşısında əlimdən gələni edəcəyimə söz verdim. İndi də öz səlahiyyətlərim daxilində bu işlərlə məşğul olmağa davam edirəm. Düzdür, hələ də bəzi mənfi hallar qalır, lakin kobud mənfi hallar aradan qaldırılıb. Şəffaflıq lazımdır və bunun üçün də təkliflərimiz var. Məsələn, aptekə girən-çıxan dərmanlar artıq kompüterə yerləşdirilir. Xəstənin qəbulu, əməliyyatlar və s. sistemə köçürülür. Mütəmadi olaraq xəstələrlə söhbətlər aparırıq, informasiyaları alır, hansı mənfi hallarla qarşılaşdıqlarını soruşuruq.

Məsələn, əvvəlki illərdə xəstələrə İnstitutda olmayan dərmanlar aldırılırdı, indiki halda isə dərmanlar sığorta tərəfindən qarşılanır.

İndiki halda həkimlərin hansısa xəstədən nəsə ummağına filan rast gəlinmir. Adətən xəstələr özləri təşəkkür etmək istəyir, həkimə “hörmət etmək” istədiklərini deyirlər. Əməliyyatı, yaxud müalicəsi uğurlu keçmiş pasiyentin həkimə hədiyyə verib-verməməsi onun öz işidir, bununla özlərində bir rahatlıq tapırlar, amma biz çalışırıq ki, heç belə hallar da olmasın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.