Bundan sonra Ağdam-Xankəndi yolu olacaq, Laçın yox - deputat
18-08-2023, 17:04
“Ölkəmizdə qalıb yaşamaq istəyən ermənilər Ağdam-Xankəndi yolundan istifadə edəcəklər”. DİA.AZ bildirir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov Cebhe.info-ya açıqlamasında Ağdam-Xankəndi yolunun əhəmiyyətindən danışarkən bildirib.
Onun sözlərinə görə, Laçın yolu ilə Ermənistandan Qarabağa giriş məhdudlaşmalıdır:
“Azərbaycan müstəqil və suveren ölkədir. Azərbaycanın dünya səviyyəsində tanınan beynəlxalq sərhədləri var. Azərbaycanın qonşu ölkələr – Rusiya, Gürcüstan, İran və Türkiyə ilə sərhəd ərazilərdə nəzarət-keçid məntəqələri fəaliyyət göstərir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatına üzv olan hər bir ölkənin özünəməxsus ərazisi və sərhədləri var. Heç bir ölkə qəbul eləməz ki, istənilən qonşu ölkə istədiyi zaman sərbəst şəkildə onun ərazisindən gediş-gəliş üçün istifadə etsin. Bu, beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edir.
İndi görün, Ermənistan özünü nə qədər həyasız yerinə qoyub ki, öz qanunu ərazimin bir parçası olan Laçın yolu ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında məsələ qaldırır. Beynəlxalq ictimaiyyətin gözü qarşısında hay-küy salan ermənilər deyirlər ki, onlar istədiyi vaxt bu yolla Azərbaycanın ərazisinə daxil ola, Qarabağa silah-sursat gətirə bilərlər. Ermənilərin bu tələbi heç bir zaman Azərbaycan tərəfindən qəbul olunmayacaq. Laçın yolundakı Dövlət Sərhəd Xidmətinin nəzarət-keçid məntəqəsi lazımi qaydada fəaliyyətini davam etdirəcək”.
Elman Məmmədov vurğulayıb ki, Qarabağa giriş yalnız Ağdam-Xankəndi yolundan keçməlidir:
“Azərbaycanın digər ərazilərindən Qarabağa bir neçə yerdən giriş mövcuddur. Onlardan ikisi Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarıdır. Ermənistan ərazisindən Qarabağa giriş yoxdur, yalnız çıxış yolu var. Bu yol da Xankəndi, Şuşa və Laçından keçib Ermənistan ərazisinə girən yoldur.
Onu da əlavə edim ki, qanunlarımıza tabe olan və ərazilərimizdə qalıb yaşamaq istəyən ermənilər Ağdam-Xankəndi və ya Füzuli-Şuşa yolundan istifadə edə bilərlər. Yəni onlar bu iki yol vasitəsilə Qarabağa daxil olacaqlar. Azərbaycanın vətəndaşlığını qəbul etmək, qanunlarına tabe olmaq istəməyən ermənilər Laçın yolu ilə ölkəmizin ərazisini tərk eləyib Ermənistana gedə bilərlər.
Laçın yolu ilə heç vaxt Azərbaycana giriş olmayacaq. Azərbaycan buna imkan verməyəcək. Azərbaycanın dövlət rəhbəri İlham Əliyevin qətiyyəti ilə biz öz sözümüzü hər zaman demişik və deyəcəyikdə. Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu ərazidə yaşayan ermənilər qısa müddətdə qərar verib ölkəmizin vətəndaşlığını qəbul etməlidirlər. Belə olan halda onlar ərazilərimizdə qalıb yaşaya bilərlər. Ölkəmizin vətəndaşlığını qəbul etməyən ermənilər isə əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər kimi ərazilərimizi tərk edəcəklər. Getsinlər, Ermənistan və ya üçüncü bir ölkədə yaşasınlar”.