Ukraynanın “yarma əməliyyatı” və: “Kremlin indi istəyi savaşın dayanmasıdır”
19-08-2023, 08:38
Sülhəddin Əkbər: “Rusiya nüvə silahından istifadə edə bilməz, çünki bunun arxasında dayanmaq lazımdır”
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi bir il altı aydır ki, davam edir. Hazırda Ukrayna ordusu işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində əks-hücum əməliyyatları həyata keçirir. Rusiyanın işğal etdiyi ərazilərdəki qurduğu müdafiə xətlərinin yarılması istiqamətində əməliyyatlar həyata keçirilir. Bununla yanaşı, Ukrayna Rusiyanın paytaxtı Moskva da daxil olmaqla, bəzi şəhərlərinə dron hücumları həyata keçirməkdədir. Ekspertlər hesab edirlər ki, artıq müharibənin Rusiya daxilinə sirayət etdiyi müşahidə olunur.
Müharibənin gedişi ilə bağlı AYNA-nın suallarını cavablandıran Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər qeyd edib ki, bu ilin iyul ayının sonlarından etibarən Ukrayna ordusunun əks-hücumları başlayıb:
- Faktiki olaraq, Ukrayna əks-hücum əməliyyatlarını həyata keçirir. Yəqin ki, avqustun sonu, sentyabrın əvvəllərində Ukrayna ordusu Rusiyanın müdafiə sədlərinə qarşı “yarma hərəkatı” başladacaq. Artıq Ukrayna ordusu cənub istiqamətində artıq Rusiya müdafiəsinin birinci xəttini yarıb. İndi Ukrayna silahlıları ilə Rusiya müdafiəsinin üçüncü xətti arasındakı məsafə 5-6 kilometrdir. Bunu xəritələrdən də müşahidə etmək olar. Bu gün həmin məsafəni Ukrayna qısa müddətdə qət edə bilər, amma bu addımı atmır.
- Səbəb nədir?
- İndi Ukrayna Qərb müttəfiqlərinin orduları ilə, kəşfiyyat orqanları ilə “yarma əməliyyatı”nı müzakirə edir. Müzakirələrdə hazırki vəziyyət, nələrə ehtiyacın olduğu, Rusiyanın hansı addımlar ata biləcəyi təhlil edilir. Kiyevə 200 milyonluq yeni yardım paketi də məhz Ukrayna ordusunun ehtiyaclarının ödənməsi ilə bağlıdır.
Hazırda iki istiqamətdə Ukraynanın irəliləyişi var. Baxmut da bir istiqamətdir. Dördüncü istiqamət Dneprin sol sahilinə çıxış olacaq. Hazırda Ukraynanın kəşdiyyatı bu istiqamətdə işləyir. Ukrayna Baş Qərargahına yaxın ekspertlərin dediklərinə görə, artıq Ukrayna kəşfiyyatı cəbhənin 5-7 yerində platforma hazırlayıb. Dediyim kimi, indi “yarma əməliyyatı”, üçüncü müdafiə xəttinin yarılmasına hazırlıqlar görülür. Bundan sonra əks-hücum prosesləri çox sürətlə gedəcək. İndi Ukrayna cinahların genişləndirilməsini həyata keçirir. Cinahlar eninə genişləndikdən sonra briqadalar hücuma keçəcək. Sonuncu müdafiə xəttində bu briqadalar həlledici zərbəni vuracaqlar. Bu əməliyyatlar da təxminən iki həftə çəkəcək.
- Ukrayna artıq Moskvaya dronlar göndərir. Bunu savaşın Rusiya daxilinə keçməsi saymaq olarmı?
- Müharibə Rusiyanın daxilinə indi yox, bir müddət əvvəldən gedir. Yadınızdadırsa, bir neçə ay öncə Kreml dronla vurulmuşdu. Eyni zamanda, Ukraynaya yaxın Rusiya şəhərləri də zaman-zaman vurulur. Və kəşfiyyatçılar da Rusiya ərazisində işləyirlər. Moskvaya və digər şəhərlərə hücumlarının sayı yəqin ki, artacaq. Söhbət Rusiya ərazisindəki hərbi obyektlərin zərərsizləşdirilməsindən gedir. Ukrayna ordusu Rusiyada hərbi obyektləri və hərbi istehsalatla məşğul olan müəssisələri vura bilər. Belə obyektlər leqal hədəf sayılır.
- Rusiyadan tez-tez “danışıqlara biz hazırıq, Kiyev hazır deyil” bəyanatları səsləndirilir. Sizcə, hazırda Moskvanın istəyi nədir?
- Bu dəqiqə Kremlin başlıca istəyi danışıqların başlaması, əldə olunan nəticələrin təsbit edilməsi və müharibənin dayandırılması, uzun müddət üçün dondurulmasıdır. Bunun üçün də Rusiya Qərbdəki lobbiçiləri vasitəsilə Kiyevə də, müttəfiqlərə də mesajlar ötürür. Rusiyanın Qərbdəki emissarları müharibənin dayandırılmalı olduğunu bu arqumentlə əsaslandırırlar ki, guya Rusiya məğlub olarsa, ordusu darmadağın edilərsə, Kreml nüvə silahına əl ata bilər. Bu təbliğat Kremlin tezisləri əsasında aparılır. İkinci arqument isə odur ki, bu savaşın miqyası genişlənə, Üçüncü Dünya müharibəsi başlaya bilər.
- Bu tezislərdə ciddilik payı nə qədərdir?
- Bütün bu tezislərin hamısının uydurma olduğunu hər kəs anlayır. Rusiya nüvə silahından istifadə edə bilməz, çünki bunun arxasında dayanmaq lazımdır. Belə olan halda Rusiya NATO ilə üz-üzə gələcək. Rusiya Ukrayna ilə müharibədə heç nə edə bilmirsə, NATO ilə müharibədə nəyə nail ola bilər?!
Başqa bir təbliğat isə “Vaqner” muzdlu hərbi dəstəsinin NATO ölkələrinə hücumlar edəcəyidir. Bəzi sadəlövhlər bildirirlər ki, belə olarsa, Rusiya “Vaqner”lə heç bir bağının olmadığını bildirəcək. Buna kim inanar? Bütün dünya bilir ki, “Vaqner”i yaradan Rusiyadır.
Faktiki olaraq, Kremldən verilən bəyanatlar ciddiliyini itirib, artıq bu açıqlamalara dünya ironiya ilə yanaşır. Rusiya verdiyi bəyanatların inanırlığını artırmaq üçün müəyyən təxribatlara əl ata bilər. Məsələn, bu yaxınlarda Polşada 20-ə yaxın, Britaniyada 5 rus agenti yaxalanıb. Eləcə də bir sıra Avropa ölkələrində rus agentlərin həbsləri olur, yaxalanmaları istiqamətində əməliyyatlar keçirilir. Rusiyanın Avropada böyük casus şəbəkəsi üzə çıxır. Rusiya həmin agentura şəbəkəsi vasitəsilə müəyyən təxribatlar törədə bilər. Lakin agentlərin ələ keçirilməsi onu göstərir ki, Rusiya təxribatlara cəhd etsə də, proses Avropa ölkələrinin nəzarətindədir. Heç kim Rusiyanın NATO ölkələrinə hücum edəcəyini gözləmir. Amma hansısa təxribatlar törədə bilərlər. Bunun da qarşısını almaq üçün işlər görülür.
Müəllif: Anar Bayramoğlu