Kuryerlərlə bağlı verilən qərarlar siyasidir
21-08-2023, 11:34
Avqustun 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edib. AQTA-dan bildirilib ki, aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Həmçinin MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
Bir gün sonra isə “Volt Azərbaycan” MMC (Wolt) Qida Təhlükəsizliyi Agentliyinin iddialarına cavab verib. Şirkət bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, “Wolt” şirkəti öz fəaliyyətini davam etdirir:
“AQTA tərəfindən “Volt Azərbaycan” MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, – şirkətin məlumatında deyilir.
Sosial mediada “Volt Azərbaycan”ın fəaliyyətinin məhdudlaşdırılmasını son vaxtlar kuryerlərə olan basqılarla əlaqələndirirlər.
Ötən il aprelin 21-də “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər. Bu il avqustun 1-də isə bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar. İşçi Masası İdarə Heyətinin daha bir üzvü Orxan Zeynalov isə onu təqib edənlərin əlindən qaçaraq yayına bilib və həbs təhlükəsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaydıqdan sonra Daxili İşlər Nazirliyi onun barəsində hər hansı icraat tədbiri olmadığı haqda açıqlama verib.
“Volt Azərbaycan”ın fəaliyyətinin məhdudlaşdırılması barədə dövlət qurumunun yaydığı məlumatın kuryerlərə son vaxtlar edilən basqılarla bir əlaqəsi varmı?
Hüquq müdafiəçisi Fuad Həsənov ASTNA-nın suallarını cavablandırıb.
* * *
Sual: Fuad bəy, sizcə, “Volt Azərbaycan”ın fəaliyyətinin məhdudlaşdırılması barədə dövlət qurumunun yaydığı məlumatın kuryerlərə son vaxtlar edilən basqılarla bir əlaqəsi varmı?
Cavab: Təbii ki, əlaqəsi var. Şirkətin fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılması bu şirkətlə tərəfdaşlıq edən kuryerlərin “Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində onların mopedlərinin cərimə neydançalarına aparılmasına etirazlarından sonraya təsadüf edir. Qida Təhlükəsizliyi Agentliyi yaranmış böhranın ilk günlərində Volt Azərbaycan şirkəti ilə bağlı məlum açıqlamanı yaymış və kuryer şirkətinin ünvanına itihamlar səsləndirmişdi. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Volt Azərbaycan” MMC-də “aşkarlanmış” nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, “ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin” müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul etmişdi. “Volt Azərbaycan” da öz növbəsində 15 avqustda öz rəsmi səhifəsində açıqlama yayaraq AQTA-nın iddialarını yalanlamışdı və bildirmişdi ki, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənmişdir. Və şirkət açıqlamasının davamında bildirir ki, “AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçmişdir.” Həm də şirkət 14 avqustda yayılmış xəbərlər ilə bağlı bildirir ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Şirkət burada özünün daşıma fəaliyyətinin qanunauyğunluğunu müdafiə etmişdi, amma kuryerlərin hüquq və tələbləri ilə bağlı məsələ açıq buraxılmışdı. Kuryerlərin motorlu vasitələrə aid hökumətin müəyyən etdiyi tələblərə etirazı şirkət tərəfindən müdafiə edilməyib, edilibsə də bunun ictimai görüntüsü yoxdur. Üstəlik kuryerlərin tariflərlə bağlı şirkət qarşısında qaldırdığı tələblər də uzun müddətdir ki, var və bu məsələ də həllini tapmamış qalır. İlk baxışdan belə görünürdü ki, hakimiyyət bu məsələdə bir güllə ilə iki dovşan vurmaqda iddialıdır. Fəaliyyəti ciddi şəkildə böyümüş daşıma şirkətini cəzalandırmaq və ya daha əlverişli nəzarətə götürmək istəyir, həm də həmişə çəkindiyi işçilərin/həmkarların etiraz/tətil etmək hüququnun qarşısını əminliklə almaq istəyir.
Sual: Son vaxtlar tez-tez kuryerlərin təqibə məruz qaldıqları və ya həbs olunduqlarına dair xəbərlərə rast gəlirik. Buna səbəb nədir?
Cavab: Məsələ burasındadır ki, 2022-ci il dekabrın 16-da Milli Məclisdə qəbul edilən “Yol hərəkəti” haqqında Qanuna dəyişiklik layihəsinə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motosikllər üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb olunur. Qeydiyyat nişanı alınması üçün gömrük bəyannaməsi tələb edilir. Motosiklları ölkəyə gətirən sahibkarlar bunu nəqliyyat vasitəsi kimi deyil, gömrükdə ehtiyat hissəsi kimi sənədləşdirərək gətirirlər və beləcə korrupsiya piramidası öz “töhfə”sini verir. Gündəlik qazanclarını qəpiklərlə toplayan kuryerlər isə yaranmış vəziyyətin ən çox zərərçəkmişinə çevriliblər. Qeydiyyat nişanı ala bilmək üçün gərək kuryer motosiklı əldə etdiyi satıcıdan müvafiq sənəd əldə etsin, satıcı isə bunu gömrük bəyannaməsi əsasında təqdim etməlidir, motosikl isə ölkəyə ehtiyat hissəsi kimi daxil olub. Bu korrupsiyanın çanağı da beləcə kuryerlərin başında çatlayıb.
Avqustun 1-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin onlar üçün yaratdığı problemlərlə bağlı bəyanat da yayıb. “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası da 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub və ittifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı sivil mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir. Bax hakmiyyətin xoşuna gəlməyən, onun sistemli olaraq qəbul etmədiyi də vətəndaşların səmərəli şəkildə etiraz kültürünün yaranması, artması və daha institusional mahiyyət alan işçi/həmkar etirazı, onun miqyası, həmrəyləşmə, yardımlaşma imkanlarının böyüməsidir.
Avqust ayı ərzində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının bir neçə üzvünün hakimiyyət tərəfindən ictimai fəallara qarşı həmişəki kimi qondarma ittihamlar tətbiq etməklə həbsi hakimiyyətin öz üslubuna sadiq qaldığını və ictimai etiraz mədəniyyətinin onlar üçün arzuolunmaz olduğunu ifadə edir. Növbətçi narkotik ittihamı hüquq-mühafizə orqanlarının fərqli fikir nümayiş etdirən, etiraz edən fərdlərə qarşı tətbiq etdiyi ən geniş yayılmış davranışdır. Konfederasiyanın iki üzvü Elvin Mustafayev (o həm də “Son Ümid” hərəkatının üzvüdür) və Ayxan İsrafilovun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanaraq, hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi həyat riski və halal zəhməti hesabına çörəkpulu qazanan gənclərin etiraz və ifadə hüququnu beşikdəcə boğmaq, gənclərin hüquqlar uğrunda mübarizədə perspektivini bağlamaq məqsədini daşıyır.
Avqustun 13-də bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi “Təqibi Dayandır” platforması yaradaraq həmrəylik göstərdiklərini elan ediblər və təqdirəlayiq haldır, təqib edilən kuryerlərin hüquqi müdafiəsi vacibdir.
Qüvvəyə minmiş yeni qanunla bağlı “İşçi Masası”-nın avqustun 1-də yaydığı bəyanatı, bir qrup moped sürən kuryerlərin polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz etməsi, həmkarlar ittifaqının sədri Afiəddin Məmmədovun aksiyadan sonra saxlanılaraq, Xətai rayon məhkəməsinin qərarı ilə 500 manat cərimə edilməsindən sonra Yasamal rayon məhkəməsinin onun barəsində 30 sutka inzibati həbs cəzası müəyyən etməsi və DİN-in həbsin səbəbilə bağlı absurd açıqlaması verilmiş qərarların siyasi olduğunu söyləməyə ciddi əsaslar verir və işin əsl mahiyyətinə işıq salır.
Bundan başqa avqustun 12-dən 13-nə keçən gecə “İşçi Masası”nın digər üzvü Orxan Zeynalov polis tərəfindən təqib olunduğunu açıqlayıb və sözlərinə görə, barəsində bank kreditinin qaytarılmaması ilə bağlı iş açılıb. Və Orxan Zeynalov da Volt Azərbaycanla kuryer fəaliyyəti üzrə əməkdaşlıq edirdi.
Sual: Kuryerlər nə istəyirlər? Onlar hüquqlarından kənar nəsə tələb edirlərmi?
Cavab: Kuryerlərin bir neçə tələbləri var və bunlar da heç bir qanuna zidd deyil. Xatırlayırsınızsa, hələ keçən ilin aprelin sonunda kuryerlər kuryer haqqının azlığı ilə əlaqədar “Volt Azərbaycan” şirkətinə qarşı etiraz etmişdirlər, amma bu etirazlar eşidilməmişdi. Daha sonra eyni ildə avqustun 29-da kuryer şirkəti hər km üçün daşıma tarifini 1.90 azn-dən 1.60 azn-ə endirmişdi və bu da kuryerlərin ciddi etirazına səbəb olmuşdu. Mətbuta müsahibə verən bir neçə kuryer məsələnin və onların etirazının mahiyyətini açıqlamışdılar. Eyni kuryer tərəfindən sifarişlərin müxtəlif ünvanlara çatdırılması zamanı hesablamaların ədalətli olmadığı vurğulanırdı və daşıma üzrə 500 metrdən sonra hər 100 metrə görə ödənişin 3 qəpikdən 5 qəpiyə qaldırılmasını istəyirdilər.
Sürət həddi 50 km/saatdan çox olan motosikllərə görə sürücülük vəsiqəsi və qeydiyyat nişanının tələb edilməsinə etiraz olmasa da, işin başından korrupsiyanın olmasının bütün yeni hüquqi tələblərin məhz onlara ciddi problem yaratmasına etriaz edirlər.
Sual: Kuryerlərin əmək və digər hüquqları necə qorunmalıdır?
Cavab: Əmək hüquqları əmək qanunvericiliyi əsasında qorunmalıdır, yəni onlar rəsmi əmək müqaviləsi əsasında çalışmalıdırlar. Ancaq gerçəklikdə durum fərqlidir. Kuryerlər daşıma şirkəti ilə uzaqbaşı xidmət müqaviləsi əsasında işləyə bilirlər. Xidmət müqaviləsi isə sahibkara, yəni şirkətə sərfəli ola bilər, lakin işçilər, indiki halda kuryerlərin hüquq və mənafeyi baxımından əlverişli deyil. Çünki xidmət müqaviləsinin şərtlərini şirkət müyyən edir. Əmək müqaviləsi isə işçilərin hüquqlarını daha yaxşı qoruya bilər. Bura iş rejimindən tutmuş, qanunla nəzərdə tutulmuş iş saatından əlavə iş vaxtlarında ödənişə, həyat sığortası, təhlükəsizlik qaydalarımnın təmin edilməsi, işçi-sahibkar münasibətlərində yaranmış problemlərin hüquq mübahisələndirilməsi imkanlarına və sairədək geniş təminat var.
Sual: Kuryerlər əslində o qədər də böyük olmayan və kasıb çevrədir. Bəs problem nədədir ki, bu təqiblər və həbslər baş verir? Bir çoxları bu təqib və təzyiqlərin əsasında onların öz problemlərini qabartması ilə əlaqələndirirlər. Amma hakimiyyət bu kiçik sosial və kasıb qrupdan niyə çəkinsin ki? Bəlkə məsələnin görünməyən başqa siyasi və ya hüquqi tərəfi var?
Cavab: Daşıma şirkəri Fin şirkətidir, beynəlxalqdır, onlarla ölkədə fəaliyyət göstərir, 2 milyona yaxın kuryer əməkdaşları var. Azərbaycanda da bir neçə ildir ki, şirkətin yerli ofisi fəaliyyətə başlayıb və Bakı, Gəncə və Sumqayıt kimi şəhərlərdə populyardır və yemək daşıma-kuryer faəliyyəti göstərir. Şirkətlə əməkdaşlıq edən 2 mindən artıq kuryerin əhəmiyyətli hissəsi bir il əvvəl kollektiv şəkildə 2 dəfə şirkətin müəyyən etdiyi tariflərə, kuryerlərə ödənişlərin endirilməsinə etiraz edirdi, tariflərin cüzi qaldırılmasını tələb edirdi. Keçən ilin sonunda isə artıq Yol Hərəkəti Haqqında Qanuna təklif edilmiş dəyişikliklər gömrük sisteminin şəffaf olmaması, daha dəqiq desək, korrupsiyalaşmış olması səbəbindən kuryer fəaliyyətinə ciddi əngəllər yaratmağa başladı və demək olar ki, bütün motosikl istifadə edən kuryerlərin etirazına səbəb oldu. Bəsit də olsa, belə bir nümunə göstərək. Çoxmərtəbəli binalarda aşağı mənzillərin yuxarı mərtəbələrdəki balkonlardan atılmış söndürülməmiş siqaret kötüklərindən və ya elektrik naqillərində kiçik bir qığılcımdan yanması statistikaları çoxdur, yəni kiçik bir qığılcım daha böyük bir alov yarada bilir. Hakimiyyət bütün müstəvilərdə vətəndaş etirazından, onların kiçik olmasından belə çəkinir, belə bir fenomenin mövcudluğunu qəbul etmək istəmir.
Sual: Siz vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
Cavab: Əmək Məcəlləsində 309-cu maddə məcəllədən irəli gələn işçi hüquqlarının qorunmasına ictimai nəzarəti həyata keçirməyi Həmkarlar İttifaqına həvalə edir. Ölkədəki mövcud dövlət Həmkarlar İttifaqı Konfederasiyasını insanlar daha çox putyovka/göndəriş verən qurum kimi tanıyırlar, başqa bir əhəmiyyətinə şahid deyillər. “İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyası rəsmi konfederasiyaya alternativ iddia kimi yaranmışdı. Belə alternativlərin yaradılması əmək bazarında mövcud olan problemlərin ünvanlanmasına ciddi yardım edə bilər, amma mövcud sistemlə mümkün islahatlar haqda danışmaq yersizdir.
Hakimiyyət vətəndaşların sivil etiraz hüququna hörmət etməli, işçilərin/həmkarların hüquqlarının qorunması üçün qanunvericiliyin tələbləri icra edilməli, sosial qrupların şikayətləri dinlənilməli, onların mənafelərinə qarşı problem yaradan hallar hüquqi baxımdan ciddi və şəffaf şəkildə araşdırılmalıdır.