Türk əsgəri ilə BMT qüvvələri arasında qarşıdurma: Şimalı Kiprdə nə baş verir? - VİDEO
21-08-2023, 12:39
BMT sülhməramlıları 1964-cü ildən burada xidmət aparır. Gərginliyin yaşandığı ərazidə Pile və Yiğitler (İgidlər) kəndləri arasındakı çəkilməyə başlanan yol isə 25 il bundan öncə layihələndirilib, ancaq BMT hər dəfə buna mane olub.
Teref.az xəbər verir ki, bu sözləri Axar.az-a 18 avqustda BMT sülhməramlıları ilə yaşanan gərginliyin səbəbləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Alim problemin ortaya çıxma səbəblərindən danışıb:
“Pile kəndi Şimali Kipr Türk Respublikasının tərkibində və ara bölgədə Cənubi Kiprin sahilinə 3-4 km uzaqlıqdadır. Kənddə 1700 nəfər türk və yunan yaşayır. Oradakı türklər Şimali Kipr, yunanlar isə Cənubi Kipr vətəndaşıdırlar. İnfrastruktur və idarəçilik də buna uyğun şəkildədir. Yəni əslində orada insanlar sülh içində yaşayır. Orada yaşayan türklərin isə hazırda yol ilə bağlı çətinliyi var. Yunan əhali istədiyi vaxt birbaşa Cənubi Kiprə gedə bilir, amma türklər Şimali Kiprə gəlmək üçün ingilis bazalarının yerləşdiyi bölgələrinə giriş-çıxış etməlidirlər. Yəni ölkənin içində yerləşməsinə rəğmən kənd ara bölgədə yerləşdiyinə görə türk əhali öz vətəninə getmək üçün başqasının tabeçiliyindəki ərazidən keçməlidir. Son 25 ildə BMT qarşı tərəfin üç yol çəkməsinə imkan verdi. Hətta yollardan biri qanunsuz şəkildə əhalimizin əkin sahələrinin içərisindən keçirildi. Bundan başqa təşkilat Piledə universitetin qurulmasına da səsini çıxarmadı. Bütün sadaladığımız səbəblərə görə Şimali Kipr dövləti də tamamilə humanitar məqsədlərlə və əvvəlcədən BMT-yə məlumat verilməklə layihəsi hazırlanmış Pile-Yiğitler yolunu çəkməyə başladı. Ancaq təşkilat məsələni normal şəkildə müzakirə etmək, yolun çəkilişinə şərait yaratmaq yerinə, təxribat törətmək məqsədilə sülhməramlılarını və xidməti maşınlarını ordakı ekskvatorların, buldozerlərin önünə düzdü, oraya tikanlı məftillər çəkdi. İnşaat texnikaları da təxribatçı məqsədlərlə çəkilmiş o maneələri və BMT-nin xidməti maşınlarını bir kənara atdı. KKTC və Türkiyə dövləti sülhməramlıların belə təxribatçı addıma alət olmasına sərt reaksiya verdi, Ankara BMT-ni Şimali Kiprin suverenliyinə hörmət etməyə çağırdı. Məsələ BMT TŞ-də də müzakirə olundu və Rusiya toplantı zamanı Şimali Kiprin əleyhinə hazırlanan sənədin qəbuluna veto qoydu”.
Akyar başda Türkiyə və Azərbaycan daxil olmaqla, TDT üzvlərinin verdiyi dəstəyin bu təxribatı boşa çıxardığını vurğulayıb:
“Hazırda isə yolun tikintisi davam edir. BMT artıq illərdir ki, bizə münasibətdə ikili standartlara yol verir. Eyni məsələ “Çətinqaya” futbol komandası stadionunun təmirində də gündəmə gəldi, ancaq bu problem də həll olundu. Qarşıdurma və toqquşmalar zamanı çoxlu sayda soydaşımız şəhid oldu və ya itkin düşdü. Ancaq BMT Yuqoslaviyadakı kimi bir çox şeyi görməzdən gəldi. Hətta bu ikili standartlar yalnız siyasi məsələlərdə deyil, sülhməramlıların illik 35-40 milyon dollarlıq məsrəfinin qarşılanmasında da özünü büruzə verir. Bütün alış-veriş məsələlərini Cənubi Kiprlə həll edirlər, ehtiyaclarının demək olar ki, hamısını oradan qarşılayırlar. Nəticə olaraq, humanitar məqsədlərlə bölgəyə yerləşdirilən BMT sülhməramlıları əfsus ki, öz vəzifə və öhdəliklərini yerinə yetirmir. Fikrimcə, qısamüddətli də olsa, gərginliyə səbəb olan BMT sülhməramlı kontingenti komandirləri və səlahiyyətli şəxslərinin fəaliyyətinə xitam verilməli, onlar ölkələrinə göndərilməlidirlər. Yəqin ki, artıq Şimali Kipr və qarant ölkə kimi Türkiyə də diplomatik kanallar vasitəsilə bəhs etdiyimiz istiqamətdə addımlar atmağa başlayıb. Şimali Kipr dövlətinin qətiyyəti, başda Türkiyə və Azərbaycan olmaqla, digər Türk Dövlətləri Təşkilatı üzvlərinin verdiyi dəstək atılan təxribatçı həmləni boşa çıxarıb. Bu, adada ikidövlətli həll təklifinin reallaşdırılmasına da öz müsbət təsirini göstərəcək”.