"Bu çağırışçılar hərbi xidməti futbol komandasında oynamaqla keçirəcəklər" - Yaşar Seyidov
23-08-2023, 17:44
Növbəti mövsümdən İkinci Liqada mübarizə aparacaq komandalardan biri də Daxili İşlər Nazirliyinin təsis etdiyi "Dinamo” olacaq. Bir müddət əvvəl çempionatda oynayacağı rəsmiləşən Bakı klubunun məqsədlərindən biri də hərbi xidmət yaşına çatmış futbolçuları heyətə qəbul edərək onların futboldan uzaqlaşmasının qarşısını almaq olacaq. Yəni bir vaxtlar, oxşar vəzifələri yerinə yetirən klub yenidən əvvəlki fəaliyyətini bərpa edəcək.
Bu barədə klubun prezidenti Yaşar Seyidov Qaynarinfo-ya açıqlama verib. Ovaxtkı "Dinamo”nun rəhbərlərindən biri olan Seyidov yenə eyni məqsədlərlə futbol ailəsinə qoşulduqlarını bildirib:
"Düzü, bu məsələlər çoxdan ürəyimdə var idi. Bir müddət öncə televeziyada və müxtəlif KİV-də də "Dinamo” ilə bağlı süjet verilmişdi. Bu gün, perspektivli, 19 yaşlı futbolçularla bağlı ciddi problemlər var. Hansı ki, formalarının ən yaxşı, pik vaxtlarında həqiqi hərbi xidmətə gedirlər. Qayıtdıqdan sonra həminki performansı göstərə bilmirlər. Buna görə də "Dinamo”nun fəaliyyətinin bərpası məqsədəuyğun hesab olunurdu. Yəqin ki, məsələyə müəyyən dairələrdə baxıldı və problemlərin həlli üçün klubun bərpası məsələsi müsbət qarşılandı. AFFA rəhbərliyinin də Daxili İşlər Nazirliyi ilə apardığı müəyyən danışıqlardan sonra məsələ gündəmə gəldi”.
Əvvəllər həqiqi hərbi xidmət yaşı çatmış futbolçular MOİK-ə qoşulurdu və orada oynayıb, klublarına qayıdırdılar. Maraqlıdır, niyə məhz həmin vəzifə "Dinamo” rəhbərliyinə həvalə olundu?
"MOİK-lə bərabər 1997-ci ildə "Dinamo” da bu məqsədlərlə yaranmışdı. 2004-cü ilə qədər MOİK-lə bərabər "Dinamo” da eyni işləri həyata keçirirdi. Millimizin Ceyhun Sultanov, Fərrux İsmayılov, Emin Quliyev, Rəfael Əmirbəyov, İlyas Qurbanov, Dmitri Yeremeyev, Seymur Rəhimov və daha 100-ə yaxın sabiq futbolçusu əsgərliyi "Dinamo”da keçmişdi. Bir şey də deyim ki, burada şəffaflıq, düzgünlük var. Soruşsanız, özləri də deyər ki, onların əsgərlik problemi məhz burada və necə həll olunub. Onlar Daxili İşlər Nazirliyi vasitəsilə "Dinamo”ya cəlb olunub və hərbi xidmət keçmişdilər. Biz bu işlərlə elə 1997-ci ildən məşğul olmuşuq”.
Seyidov indiki "Dinamo”nun əvvəlki klubun davamçısı kimi fəaliyyət göstərəcəyini bildirdi:
"Bəli, bunu loqoda da göstərmişik. İkinci Liqaya daxil olmuşuq. Ölkə kubokunda da iştirak edəcəyik. Düzdür, bu xəyaldır, amma ola bilər gələcəkdə kuboku qazanarıq. Uğurlar əvvəlki klubun da adına yazılacaq. Bu, həm də "Bakı”nın uğurları olacaq. Açığı, "Bakı” artıq bir tarixdir. Sadəcə, "Dinamo” o vaxt öz hüququnu çempionatda iştirak edən "Bakı”ya vermişdi”.
Prezident qarşıdakı məqsədlər, heyətin formalaşdırılması ilə bağlı bunları dedi:
Ətraflı
"Biz çempionata qoşulan 44-cü komandayıq. Yəni, futbolçular artıq başqa klublarla müqavilələr bağlayıb. Hazırda gənclərdən və keçmiş akademiyamızda olan futbolçulardan xahiş etmişik ki, bizə dəstək olsunlar. Çünki bütün klublar yaxşı futbolçularla müqavilə bağlayıblar. Bizim üçün birinci il, etiraf edim ki çox çətin keçəcək. Amma bu işin öhdəsindən gələcəyik. Növbəti ildən artıq qarşımıza böyük uğurlar qazanmağı hədəf qoymuşuq. Hazırda əsas məqsədlərdən biri komandanı formalaşdırmaq və İkinci Liqada layiqli mübarizə aparmaqdır. İmkan olarsa, əlbəttə, Birinci Liqaya yüksəlməyə çalışacağıq. Çətin prosesdir, təcrübəmizdən, dünya görüşümüzdən yararlanıb məsələləri, qismən də olsa yoluna qoymağa çalışacağıq”.
Seyidov "ev oyunlarını harda keçirəcəksiniz” sualını belə cavablandırdı:
"Hələlik Fövqaladə Hallar Nazirliyinin Hövsandakı stadionunu göstərmişik. Meydançanın durumu yaxşıdır, özüm baxmışam. Peşəkar Futbol Liqasının mütəxəssisləri də baxış keçirəndən sonra son qərar veriləcək”.
O, ilkin mərhələdə komandanı yerli futbolçulardan formalaşdıracaqlarını bildirdi:
"İlkin mərhələdə yerli futbolçularla fəaliyyət göstərəcəyik. Məqsədlər böyüdükcə, legionerlərə də üstünlük veriləcək. Hazırda, düzü, elə bir imkanlarımız da yoxdur ki, hər hansı futbolçunu dəvət edək. Perspektivliləri cəlb edib, yetişdirmək istəyirik”.
"Dinamo”nun prezidenti olmamışdan əvvəl, Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadovun adını daşıyan akademiyada çalışan Seyidov buradakı uşaqlardan da yararlanmaq istədiklərini söylədi:
"Akademiya fəaliyyətini davam etdirir. Bütün yaş qrupları üzrə komandalar AFFA bayrağı altında keçirilən yarışlarda oynayır. "Dinamo”nun gənclərdən ibarət komandası da onlar üçün stimul olacaq. Uşaqların daha peşəkar şəkildə oynamaq imkanları yaranacaq. Bu gün Premyer Liqanın bütün komandalarında akademiyanın yetirmələri var. Həm də "Dinamo” gənclər üçün şansdır. Hazırda h'rbi xidmətlə bağlı müraciət edən yoxdur. Növbəti çağırış zamanı, yəni üç aydan sonra olacaq. Ovaxta qədər də müəyyən məsələləri, sənədləşmə işlərini həll edəcəyik”.