“Məkan sahibləri irad tutub deyiblər ki, olmaz ki, bir az açıq-saçıq geyinəsiz?”

30-11-2023, 16:10           
“Məkan sahibləri irad tutub deyiblər ki, olmaz ki, bir az açıq-saçıq geyinəsiz?”
“İncəsənət ailəminə 7 yaşımda qədəm qoymuşam. Onda 1-ci sinifdə təhsil alırdım və tədbirlərdə şeir deyib, mahnı oxuyurdum. Uşaq şeirləri yazırdım və şeirlərim qəzetlərdə çap olunurdu. O zaman bir uşaq məni tanımışdı və bu məni sevindirmişdi. Heç tanımadığım həmin uşaq mənə dedi ki, sənin şəklini və şeirini qəzetdə görmüşəm. Hələ o vaxt qərar vermişdim ki, incəsənət adamı olacağam. Sonra piano, vokal və muğam dərsləri də almağa başladım. Və elə oldu ki, böyüyəndən sonra həqiqətən bu arzumu reallaşdıra bildim və teatrda dram aktrisası vəzifəsində işləməyə başladım”

Bunu Moderator.az-a açıqlamasında müğənni-aktrisa Günay Pirizadə deyib. O daha sonra əlavə edib.

“ “Ata Ocağı” serialı məni tamaşaçılara tanıtdırıb, sevdirdi. Uzun zaman keçməsinə baxmayaraq hal-hazırda yolda görən insanlar mənə “Bahar” deyə müraciət edirlər. Yaxınlaşıb şəkil çəkdirib, seriallarla bağlı suallar ünvanlayırlar. Sənətimi peşəkarlaşdırmaq və özümü püxtələşdirmək üçün Türkiyəyə gedib, orada tanınmış aktrisa Ayla Alqandan aktyorluq dərsi aldım. Türkiyədə yaşadığım müddətdə teatrda bir çox tamaşalarda oynadım və “Kefaret” serialında rol aldım. Əgər aktrisasansa, nitqin təmiz olmalıdır, musiqi duyumun olmalı, oxumağı, oynamağı bacarmalısan. Dünyaya da baxsaq görərik ki, bir çox aktyorlar modellik, müğənillik, şoumenlik edir. Bunlar hər biri bir-birinə bağlıdır. Mənim də uşaqlıqdan musiqi təhsilim olduğu üçün belə qərar verdim ki, ifaçılıq bacarığımı da tamaşaçılarla paylaşım. Teatrda işlədiyim zamanlarda bir çox tədbirlərdə mahnılar ifa edirdim. Sadəcə indi fərq ondadır ki, artıq müəllif hüquqları mənə məxsus olan manılar ifa edirəm, məclislərdə və şou proqramlarda çıxış edərək bu işdən pul qazanıram” deyə Günay Pirizadə deyib.

O həmçinin bu yolda bir çox maneələrə rastlaşdığını deyib.

“Ümumiyyətlə incəsənət ailəmi çətindir. Hər cür insanlarla qarşılaşırsan. Düzdü açıq saçıq geyinən çox ifaçılar var. Hamının seçiminə hörmətlə yanaşıram. Mən açıq-saçıq geyinməyi sevmirəm və hətta buna görə mənə irad da tutulub. Deyiblər ki, "Olmaz ki, geyim tərzinizi dəyişib, daha açıq-saçıq geyinəsiniz?” Onlardan gələn səhnə təkliflərini rədd etmişəm. Mən çalışıram ki, kiçik-kiçik addımlarla belə olsa sağlam addımlar atım. Çünki başqa şəkildə atılan adımların ömrü qısa olur. 2024 cü ildə artıq 10 il olacaq ki, professional səhnəyə qədəm qoymuşam. Bu həqiqətdir ki, 10 il ərzində açıq-saçıq geyinsəydim və digər yollara əl atsaydım daha sürətli tanınardım” deyə müğənni-aktrisa bildirib.

Günay Pirizadə sənəti ilə bağlı planlarından da danışıb.

“Yeni layihələrimiz olacaq. Çəkdirdiyim klip və mahnılarımı özüm maliyyələşdirirəm. Elə bu səbəbdən də gec-gec mahnlar çıxarıram. Çünki bir klip və mahnının ərsəyə gəlməsi üçün lazım olan məbləği işləyib, toplayana qədər zaman keçir. Amma ümid edirəm ki, tezliklə zəhmətlərimin bəhrəsini görəcəyəm” deyə müsahibimiz bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.