“Qapaz, sillə, təpik.. Uşaqlar efirdən nə öyrənir?” – bəstəkar Məryəm Əlibəyli

6-12-2023, 19:04           
“Qapaz, sillə, təpik.. Uşaqlar efirdən nə öyrənir?” – bəstəkar Məryəm Əlibəyli
Bəstəkar, musiqişünas, hərbi mövzu, kino və teatr tamaşaları üçün musiqilər bəstələmiş, bir çox hitlərin müəllifi, eyni zamanda ömrünün 33 ildən çoxunu uşaq musiqilərinə həsr etmiş, 100-dən çox uşaq mahnısının, “Can bala”, “NM” qruplarının yaradıcısı Məryəm Əlibəyli Moderator.az saytına müsahibə verib. O, efirlərdə uşaq proqramlarının olmamasından, uşaq musiqilərinə yer verilməməsindən danışıb.

Qeyd edib ki, ümumiyyətlə, efirlərin təbliğ etdiyi mövzular uşaq psixologiyasına zidddir. Bu gün televiziyada uşaqların baxıb öyrənə biləcəyi heç nə göstərilmir.

“Uşaq mahnıları qətiyyən təbliğ olunmur. Həyatımın 33 ilini uşaq mahnılarına, uşaqlara həsr etmişəm. Hərbi mövzulardan, lirik, kino-teatr musiqilərindən başqa əsas üstünlüyü uşaq mahnılarına vermişəm. Əvvəllər efirlərdə uşaq verilişləri az da olsa, var idi. İndi tamamilə yoxdu. Biz uşaq mahnılarını harda təbliğ etməliyik? Radiolarda və efirlərdə. Düşünürəm ki, ona görə uşaq verilişləri, uşaq mahnılarının təbliği, ümumiyyətlə, uşaqlarla bağlı mövzular azdır ki, televiziya və radio üçün gəlir gətirən sahə deyil. Kimsə kiməsə bir şapalaq vuranda, kimsə kiməsə söyəndə, kiminsə ailə sirlərini yayımlayanda insanlara daha maraqlı gəlir. Efirlər üçün belə mövzular daha maraqlıdır. Belə verilişlərə reklam yerləşdirmək də asan olur. Reklam yerləşirsə, pul da çox gəlir. Ona görə əlbəttə ki, uşaq mövzuları daha maraqsızdır. Neçə-neçə uşaq layihələrim var, neçə-neçə televiziyalara təqdim etmişəm. Amma heç biri istəməyib. Yaxşı ki, bayramlar var, yada düşür belə mahnılar. 8 Mart- Qadınlar günü yaxınlaşanda uşaqlar o mahnını oxumaq əvəzinə, niyə yekəqarın kişilər oxumalıdır?”

Bəstəkarın sözlərinə görə, tamaşaçı daha çox neqativ göstərişlərlə cəlb olunur. Ən əsası isə, dilimiz düzgün təbliğ olunmur. Efirə aparıcı kimi çıxarılan insanların əksəriyyəti dilimizi təhrif edir, yanlış ifadələr işlədir və buna məhəl qoyulmur.

“İndiki uşaqlar hansı verilişdən ağıllı nəsə götürə bilər ki özü üçün? Nə var ki efirdə? Qapaz, təpik, sillə -yəni, cəlbedici olan şeylər bunlardır. Əlbəttə, efirlərimizdə elm, savad öyrədən də, ali musiqini öyrədən də var. Amma cəlbedici olan daha çox neqativ hallardır. Ona görə də insanlar ancaq buna baxır. Uşaq da efiri açanda görür ki, ancaq xəstəliklərdən, yeməklərdən danışılır. Bizim efirdən uşaq ən yaxşı halda öyrənə bilər ki, “nə bişirə bilərəm?”. Mən çox narazıyam ki, uşaqlarımız əcnəbi cizgi filmlərinə baxmaqdan öz dilimizdən düzgün, səlis danışa bilmirlər. Çox istəyirəm, uşaqlarımız türkcə, ingiliscə, almanca, fransızca sərbəst danışsınlar. Buna görə xoşbəxt olaram, amma ilk növbədə öz ana dilimizdə düzgün, təmiz danışmağı bacarmalıdırlar. Bunun üçün öyrədici nə var efirlərimizdə? Əgər bu gün efirə çıxan aparıcımız dilimizi düzgün bilmirsə, o dili necə təbliğ edə bilər?”

Məryəm Əlibəyli vurğulayıb ki, o uşaqlara mahnı oxumağı öyrətməzdən əvvəl düzgün, səlis nitqi öyrədir.
“Mən yanıma gələn uşaqlara, ilk növbədə, dilimizdə düzgün danışmağı öyrədirəm. Mən öyrədirəm, amma nə olsun, valideyn evdə səhv danışır, uşaqda da dil elə səhv formalaşır. Hətta, dəhşətlisi odur ki, bəzən məktəbdəki müəlim belə səhv danışır. Ləhcə ilə danışır, uaşq da onu özünə nümunə kimi götürür. Seriallarımıza baxıram, biabırçılıqdır. “Ə, nağarsan, nətərsən?”- bu nə danışıqlardı? Bunu gedin, elinizdə, obanızda belə danışın da, amma efirdə belə olmaz axı. Dili ictimaiyyətə bu formada təqdim etmək olmaz. Ədəbi dilimiz batıb gedir. Mən Bakılıyam, öz qohum-əqrəbalarımın arasında danışa bilərəm Bakı ləhcəsi ilə. Amma bunu efirə daşımaq düzgün deyil. Bu, efir etikasına uyğun deyil.”

Bəstəkar qeyd edib ki, hər şey həddini aşanda eybəcər görünür. Hər formatı izləyən tamaşaçı kütləsi ola bilər. Amma çərçivədən kənar olan heç nə faydalı deyil.
“Mən heç zaman “bozbaş müğənni” ifadəsini işlətmirəm. Mənim üçün hər təbəqəyə xidmət edən, çalışan, əziyyət çəkən, öz yaradıcılığını beyninin həcmində ortaya qoya bilən müğənnilər var, onların hər birini qəbul edirəm. Sadəcə, kimlərəsə qulaq asmıram, kimlərəsə qulaq asıram. Üzeyir Mehdizadənin stilistikasını qəbul etmirəm, bəyənmirəm, amma özünü çox istəyirəm. Bunu özünə də demişəm. Ona qulaq asan insanları məcbur edə bilməzsən ki, get Pavarottiyə qulaq as. Bazarda səslənən mahnılara qulaq asan insanlara deyə bilməzsən ki, get Stingə qulaq as. Ona o şirindir, yaxındır, həzmolunandır. Yetər ki, mövzular çərçivədən kənara çıxmış olmasın. Sosial verilişlərdə də hansısa xeyirxah işlər görülür. Mən alqışlayıram, onlar itkin düşən insanları tapırlar, ehtiyacı olan insanlara kömək edirlər, amma bir çərçivə olmalıdır. Bizim psixoloqlar, ekspertlər ora əyalətdən problemlə gəlmiş, emosiyalarını ələ ala bilməyən vətəndaşlardan daha çox bağıra-bağıra danışırlar. Hər şeyin həddi, çərçivəsi olmalıdır.”
O qədər müzakirə olunacaq mövzular var ki... Bir veriliş ola, oturub üzbəüz danışam..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.