Teatrlara sərt tələblər: nazir şura yaratdı - bəs keyfiyyət?

23-01-2024, 11:38           
Teatrlara sərt tələblər: nazir şura yaratdı - bəs keyfiyyət?
Əməkdar artist Nicat Kazımov: “Ümid edirəm ki, teatrların repertuarı müsbət istiqamətdə dəyişəcək”

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası yaradılıb. Nazirlikdən verilən məlumata görə, şura Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirəcək.

Yanvarın 18-də qurumun ilk iclası olub. Qeyd edilib ki, repertuar üçün təqdim olunan layihələr müvafiq teatrların fəaliyyət istiqamətlərinə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına uyğun olmaqla yanaşı, sahə üzrə qabaqcıl təcrübəyə əsaslanmalı, keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin rejissor həllinin, rəssam şərhinin müasir dövrün tələblərinə cavab verməsi önəmli məsələdir. Repertuar seçimi zamanı Azərbaycan dilinin, mədəni dəyərlərimizin qorunması, inkişafı və zənginləşdirilməsi, cəmiyyətin bədii-estetik zövqünün formalaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məqamlar nəzərə alınmalıdır.

Nazirin müvafiq əmri ilə yaradılan Ekspert Şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov rəhbərlik edir. Şurada əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirlinin də yer aldığı doqquz nəfər üzv təmsil olunur. Qurumda sosioloq, psixoloq və teatr rəssamları da yer alıb.

Bəs bu, yaxşı mənada bir senzura qurumudurmu? Hansı zərurətdən doğub? Özünü doğruldacaqmı və nəticəni cəmiyyət nə vaxt müşahidə edə biləcək?

Məryəm Əlizadə

Mövzu ilə bağlı Ekspert Şurasının üzvü, teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə “Yeni Müsavat”a danışıb: “Bugünlərdə mədəniyyət naziri ilə görüşümüz oldu. Cənab nazir teatr işlərinə çox əhatəli yanaşdı. Hara diqqət yetirməli lazımdırsa, onunla bağlı dəqiq nişanlar verdi. Yəni Ekspert Şurası zərurətdən doğan qurumdur. Gördüyünüz kimi, şura peşəkarlardan ibarətdir və qurumun sədri də professor İsrail İsrafilovdur. Hazırda Ekspert Şurasının əsasnaməsi üzərində iş gedir. Əsasnamə tam hazır olduqdan sonra bu haqda daha geniş danışa biləcəyik”.

Nicat Kazımov

Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov isə qeyd etdi: “Bu qurum yeni yaranıb və üzvləri həqiqətən də teatr biliciləridir. Ümid edirəm ki, onun fəaliyyəti çox yaxşı olacaq, teatrların repertuarı müsbət istiqamətdə dəyişəcək. Nəzər salanda deyə bilərik ki, böyük teatrlarda, o cümlədən Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrında repertuar problemi yox idi. Amma ümid edirəm ki, bu bütün teatrların repertuarlarına təsir edəcək.

Teatrların repertuar siyasətinə hansısa nəzarətin olması əslində çox yaxşı haldır. Düşünürəm ki, hər bir teatrın özünəməxsus xüsusiyyəti də nəzərə alınacaq".

Ssenarist, dramaturq Ülviyyə Heydərova da teatrlarla bağlı Ekspert Şurasının yaradılmasını çox təqdir etdiyini bildirib: “Bu cür qurumun yaradılması təşəbbüsünü alqışlayıram. Bildiyim qədər Mədəniyyət Nazirliyi tərəfindən bu cür Ekspert Şurası yaradılmayıb. Çox sevindirici haldır ki, bu qurumda çox dəyərli ziyalılarımız, sənətkarlarımız təmsil olunur. Hamısı da peşəkar teatr biliciləridir. Düşünürəm ki, belə bir qurumun olması teatrlarımızın inkişafına təsir edəcək, repertuarların daha zəngin olmasına dəstək olacaq”.

Mənbə: www.musavat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.