Əliyev mesajını vermişdi - Türkiyə və Azərbaycanla bağlı sürpriz qərar

25-01-2024, 11:49           
Əliyev mesajını vermişdi -
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Konstitusiya dəyişikliyinə gedir. Məsələ ilə əlaqədar daha çox Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə bağlı ehtimal üzərində dayanılır. Siz necə düşünürsünüz?

- Ermənistan Konstitusiyası və Müstəqillik Aktı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə doludur. Məsələn, Türkiyənin Ağrı dağını “Ararat” adı ilə gerblərində simvollaşdırıblar. Həmçinin Müstəqillik Aktında Türkiyənin şərqi “Qərbi Ermənistan” adlandırılır və 177 min kvadratkilometrlik bu barədə ərazi barədə “itirilmiş torpaqlar” kimi bəhs olunur.

Aktda Azərbaycanın Qarabağ iqtisadi rayonu “əzəli erməni torpağı” adlandırılır. Zaqafqaziya Seymi dağılıb Azərbaycan və Gürcüstan öz müstəqlliklərini elan edəndə ermənilər “Ararat” adlandırdıqları “respublika” yaratdılar. Bu “respublikanın paytaxtı”nın hara olduğu məlum deyildi, tapılmırdı. İndiki Gümrü şəhərini paytaxt kimi seçmək istəyirdilər, əraziləri də cəmi 9 min kvadratkilometr idi.

O zaman Türkiyə və Gürcüstanın xahişi ilə İrəvanı 99 illiyinə paytaxt kimi ermənilərə icarəyə verməyə razı olduq. Yəni həmişəlik yox...

Yəqin ki, Nikol Paşinyan məlumatlı adamdır, bunları bilməmiş deyil. Məncə, hamısı bunları yaxşı bilirlər. Yalançı tarixlərini nə qədər şişirtsələr də, özlərini “ilk xristianlar”, “Qafqazda ilk dövlət yaradan millət” adlandırsalar da, reallıq hər kəsə məlumdur. Bütün bunlar erməni kilsəsinin xəyalpərəst keşişləri və “tarixçilər”inin uydurmalarıdır.

Ermənilərin bu bölgəyə gəlmələrinin tarixi 200-220 ildən yuxarı deyil. Nikol Paşinyan realist adamdır, yaxşı bilir ki, gerbdən Ağrı dağını çıxarmadan Türkiyə ilə əlaqələri sahmana salmaq mümkün olmayacaq. Təkcə bundan yox, qondarma soyqırımı iddiasından da imtina etmək məcburiyyətindədirlər.

Paşinyan onu da yaxşı bilir ki, sülhə gedən yol həm də Azərbaycana ərazi iddialarından imtinadan keçir. Təsəvvür edin ki, ermənilər “Artsax” xülyalarını “5000 il mövcud olan dövlət” adlandırırlar. Beş min il əvvəl burada necə “dövlət” ola bilərdi? Meymnunabənzər insandan müasir insana keçid 10 min il əvvəl baş verib, dövlətçilik ənənələri yarananadək bu təkamül davam edib. İndi bunlar necə 5 min il əvvəl “dövlət” yarada bilərdilər?

Ermənilər özlərini “böyük xalq” adlandırırlar. Adama sual verərlər ki, bu “böyük xalq” 1918-ci ilədək niyə dövlətlərini yarada bilməyib. Bu “böyük xalqın” dünyadakı sayı güclə 4-5 milyonun ətrafındadır. Qədim xalqların sayı onlarla milyonu ötüb keçir, siz isə 4-5 milyon arasında qalmısınız.

1918-ci ildə dövlət yaradılanda əvvəlcə “Ararat”, sonra “Hayastan”, Rusiyanın təkidindən sonra isə “Ermənistan” adlandırdılar, ərazisi də 9 min kvadratkilometr idi. SSRİ dönəmində qanunsuz yolla Zəngəzurun hesabına 10, Dərələyəzin hesabına 7-8, Göyçə mahalının hesabına yenə 7-8 min kvadratkilometr ərazi verildi. Beləliklə, tarixdə heç vaxt dövləti olmayan bu xalq üçün yaradılan dövlətin ərazisi Azərbaycan torpaqları hesabına 29 min kvadratkilometrə çatdırıldı.

Ətraflı
Ermənilər yaxşı bilirlər ki, biz bu faktları bilirik. Hələ ki haqqımız olsa belə, Zəngəzur, Göyçə və Dərələyəzə iddiamızı irəli sürmək fikrində deyilik. Amma Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bu ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu dedi. Prezident 1918-ci ildən tutmuş 1991-ci ilədək mövcud olan bütün xəritələri analiz edəcəyimizə işarə etdi.

Reallığı ayıq başla düşünməyə çalışan Paşinyan bundan sonra anladı ki, Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, eləcə də Ağrı dağı simvolunu gerbdən çıxarmadan bu iki ölkə ilə münasibətləri qaydasına salmaq mümkün olmayacaq. Ona görə də, Nikol bir az qorxa-qorxa və ehtiyatla bu məsələni gündəmə gətirir və referendum yolu ilə həyata keçirməyə çalışır.

- Hesab etmək olarmı ki, gələcək sülh müqaviləsinin dayanıqlı olması üçün Konstitusiyanın dəyişdirilməsi Bakının tələbidir?

- Bəli! Konstitusiya dəyişdirilmədən, orada yer alan sərsəm iddialar çıxarılmadan dayanıqlı sülh mümkün olmayacaq. Akt və Konstitusiyada yer alan “ən qədim xalq”, “ilk xristianlar” və sair kimi absurd iddiaların üstündən xətt çəkilməlidir. Anlamalıdırlar ki, bu kimi sərsəm iddiaları davam etdirməklə qonşu ölkələrlə münasibətləri sahmana salmaq mümkünsüzdür.

Buna görə də, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac yaranıb. Ermənistanın yeni Konstitusiyası bölgədəki mövcud reallığı əks etdirməlidir. Uydurma tarix Konstitusiyanın mətnindən çıxarılmalıdır.

- Konstitusiya dəyişikliyi Ermənistan daxilində Paşinyan üçün hansı riskləri yarada bilər? Artıq revanşistlər onu hədələməyə başlayıblar.

- Paşinyan indiyədək erməni cəmiyyətini dəyişdirmək üçün xeyli riskli addımlar atıb. Məsələn, Qarabağın Azərbaycan ərazisi olduğunu və bunun Almatı bəyannaməsində yer aldığını sübut edənədək xeyli əziyyət çəkdi. Artıq bir ildən çoxdur Konstitusiya dəyişikliyinin zərurət olduğunu deyir və bunu əsaslandırmağa çalışır. Bu əsaslandırmaya da ilk oradan başlayır ki, siz “Qərbi Ermənistan” deyə-deyə böyük və güclü Türkiyəyə 177 min kvadratkilometrlik ərazi iddiası irəli sürürsünüz, bu torpaqları sizə verən olmayacağını anlayırsınızmı, ümumiyyətlə, belə bir şey olmayıb, yoxdur.

Paşinyan qondarma erməni soyqırımı iddiasının davam etdirməsinin Ermənistana zərərlərinə də eyham vurub. Ermənistan baş naziri Qarabağı da Azərbaycan ərazisi kimi tanıdı, bunu Praqa bəyanatında təsdiqlədi.

Nikol Paşinyan öz ölkəsinin əsl tarixini və bununla bağlı gerçəkləri bilir, o, realist siyasətçidir. Paşinyan onu da yaxşı başa düşür ki, yenidən Azərbaycandan torpaq qoparmaq siyasəti karyerasının sonu ola bilər. Buna görə də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir, ermənilərin Qarabağa qayıdışı haqda könülsüz danışır. Amma sərhədin delimitasiyası ilə bağlı Azərbaycanın qəbul etmədiyi 1975-ci il xəritəsini irəli sürür.

Azərbaycanın bunda məqsədi indi Ermənistan ərazisi sayılan tarixi torpaqlarını geri qaytarmaq deyil. Sadəcə Azərbaycan Ermənistana başa salmağa çalışır ki, sənin üzərində dövlət yaratdığın torpaq mənim qədim əcdadlarıma məxsusdur, burada minillər yaşayıblar, buna görə də tarixlə ehtiyatlı davranın, qonşularınızla yaxşı olun, özünüzü təvazökar aparın, burnunuzdan yekə iddialar irəli sürməyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.