Qurban Qurbanovla nə düşmənçiliyiniz var?
23-04-2024, 10:16
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket
Son günlərdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı bir çox xarici klubla hallanır.
Ən çox da Türkiyənin “Beşiktaş” klubunun azərbaycanlı mütəxəssislə maraqlandığına dair xəbərlər tirajlanır. Hətta bəzi azarkeşlər və futbol ictimaiyyətinin əksər nümayəndələri Qurban Qurbanovun Avropada klub çalışdırmasını istəyirlər. Onlar, artıq bir həmyerlimizin baş məşqçi kimi xaricdə uğur qazanmasını arzulayırlar.
Bəs Qurban Qurbanov indiki vəziyyətdə “Qarabağ”dan getməlidirmi?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, Azərbaycan futbolunun mövcud vəziyyətinə görə yığmaya və klublara uğur qazandıra biləcək məşqçi tapmaq üçün az qala bütün Avropanı ələk-fələk edirik:
“Amma 16 il ərzində sabiq AFFA prezidenti və komandası buna nail ola bilmədi. Nə yığma, nə də SOCAR-ın nəzarətində olan “Neftçi” inkişaf etdi. İndi də tendensiya davam edir. SOCAR-ın Avropadan “Neftçi”yə gətirdiyi məşqçi “Qarabağ”a məğlubiyyətdən sonra fəxrlə belə deyir: “Heç bir komanda “Qarabağ”a bizim kimi müqavimət göstərə bilməyib”.
Və belə durumda, yaxşı məşqçi tapa bilmədiyimiz halda əlimizdə olan yeganə mütəxəssisin də başqa ölkəyə getməsini istəyirik? Hansı məntiqlə? İndi Qurban Qurbanovun “Qarabağ”da etdikləri Azərbaycan futbolunun inkişafı üçündür.
Klub reytinqimiz qalxır, futbolumuzu az-çox Avropada ciddiyə qəbul edirlər. Yalnız bir komandanın və bir şəxsin sayəsində – “Qarabağ” və Qurban Qurbanovun. Amma birdən durub deyirik ki, yox, bunlar bizə lazım deyil, Qurbanov gedib Türkiyədə çalışsın, “Beşiktaş”ı xilas etsin. Türkiyə futbolunun imicini qaldırsın”.
Mütəxəssis hesab edir ki, Qurban Qurbanov “Qarabağ”dan ayrılmamalıdır:
“Yoldaşlar, birdəfəlik başa düşmək lazımdır ki, “Qarabağ” Qurban Qurbanovdur. Tam əmin olun, o getsə, “Qarabağ” olmayacaq. Çünki bu “Qarabağ”ı quracaq ikinci mütəxəssis hələ ki, Azərbaycanda yoxdur. Olsaydı, SOCAR “Neftçi”ni o səviyyəyə çatdırardı.
Üstəlik, Türkiyə futbolunda durumun necə olduğu bəllidir. Ora bataqlıqdır. Dünyanın adlı-sanlı məşqçilərini gətirib orada batırıblar. Türkiyə futbolunda peşəkarlıq yoxdur, şou var. Qurban Qurbanovu bu bataqlığa niyə sürükləməliyik? Nə düşmənçiliyimiz var onunla?
Hesab edirəm ki, Qurban Qurbanov heç vaxt Türkiyədən gələcək təklifi qəbul etməz. Çünki yaxşı bilir ki, uzaqbaşı bir ildən sonra onu oradan qovacaqlar. Qurbanovun hələ Azərbaycan futbolunda görəcəyi çox iş var. İcazə verin, bu şəxs əvvəlcə özümüzə umac ovsun, sonra göndərərik gedib başqalarına əriştə kəsər”.