Bu şəxslər əfv oluna bilər - Novella Cəfəroğlu adlar açıqladı
23-05-2024, 16:17
Prezidentin 28 May - Respublika Günü ərəfəsində böyük əfv sərəncamı imzalamasını həyəcanla gözləyirik. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyidir, ötən il Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam oldu. Bu münasibətlə daha çox insanın sərəncama şamil olacağına inanırıq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, siyahı böyükdür və bir sıra cəmiyyətdə tanınmış məhbusların adını göndəriblər:
"Blogerlər, jurnalistlər, siyasətçilər, o cümlədən sadə insanların da adlarını göndərmişik. Birinci Qarabağ müharibəsində iştirak edən OMON-çular, həmçinin dindarlar, ömürlük həbs cəzası alan şəxslərin adı siyahıda var. Bizə sadə insanlar da müraciət edir, onların da adlarını yazmışıq. Hazırda məhkəmə prosesi davam edən şəxslərlə bağlı müraciət etmək ixtiyarımız yoxdur. Amma məhkəməsi gedənlər, "Abzas Media"da çalışan, xüsusilə qadın jurnalistlərin adını ayrıca göndərmişik ki, onları da məhkəmədən buraxsınlar. Jurnalist Əvəz Zeynallının azadlıqda olmasını istərdim. Əminəm ki, çox adam buraxılacaq. Əfvə barəsində hökm oxunan şəxslər düşür, qeyd etdiyim kimi siyahıda məhkəmə prosesi davam edənləri də yazmışıq".