Coşqun Rəhimov kimdir? - Dəfələrlə ölüb-dirilən, qadın cildinə girən HACI
9-07-2024, 11:34
TEREF yazır ki, Lent.az “Bioqrafiya” rubrikasında hər obrazı ilə tamaşaçıları qəhqəyə qərq edən, oynadığı qadın obrazları ilə xüsusilə sevilən, “Bu şəhərdə” yaşayan, yaradan aktyor, Əməkdar artist Coşqun Rəhimovdan bəhs edir.
- Coşqun Rəhimov harada və nə zaman anadan olub?
- Coşqun Rəhimov 1972-ci ilin dekabr ayında Sumqayıtda anadan olub.
- Coşqun Rəhimov ailəlidir?
Coşqun Rəhimov çox tez, 21 yaşında qohumlarından olan bir xanımla ailə həyatı qurub. Ancaq ailə quracağı xanımın qohumu olduğunu bilməyib. Elçilik zamanı Coşqunun atası ilə gələcək həyat yoldaşının babası bir-birləri ilə rastlaşanda, məsələ məlum olub. Bu evlilikdən onların Günel adlı bir qızı, Allahverdi adlı bir oğlu dünyaya gəlib. Hazırda iki nəvəsi var.
- Coşqun Rəhimovun imkanlı aktyordur?
- Hazırda maddi imkanı yaxşıdır. Lakin bir zamanlar çox kasıbçılq çəkib. Ailə qurandan sonra maddi sıxıntılar yaşayan Coşqun dolanışıq üçün müxtəlif sahələrdə çalışıb. O, hətta bir müddət şəhərdəki restoranların birində ofisiant kimi də işləyib.
- Coşqun Rəhimovla Rafael İsgəndərovun əməkdaşlığı necə başlayıb?
Coşqun Rəhimov yeniyetməlik illərindən incəsənətə marağı olduğundan 1989-cu ildə İncəsənət Universitetinə daxil olub. Burada Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Şükufə Yusupova, Elmira Şabanova, Gülşad Baxşıyeva, Fuad Poladovdan dərs alıb. Coşqun elə universitet illərində həmkarı Rafael İsgəndərovla eyni qrupda oxuyub. Onlar hələ tələbəlik illərindən rejissor Hüseynağa Atakişiyevin yaratdığı Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyətə başlayıblar. Burada bir-birindən maraqlı teatr tamaşalarında çıxışlar ediblər.
1999-cu ildə o, həmkarı Rafael İsgəndərovla “Bu şəhərdə” adlı layihəni yaratmaq qərarına gəlirlər. Ancaq layihə üçün çıxış edə biləcəkləri məkan və efir tapılmır. Rejissor Mehriban Ələkbərzadənin köməkliyi ilə “Bu şəhərdə” layihəsi yaranır. Coşqunun sözlərinə görə, layihənin adını da Mehriban xanım qoyub.
- Coşqun Rəhimova teatrda mane olanlar olub?
Yolu vaxtilə Akademik Milli Dram Teatrından keçən aktyora ciddi maneələr yaradılıb.
Aktyor özü bu barədə deyir: “Heydər Əliyev adına saray təmir olunanda, biz “Azdrama”da məskunlaşdıq. Orda bizdən şikayət ərizəsi yazdılar, dedilər, burda belə şeylər eləmək olmaz, bura məbəddir. Bəs məbədin yeməkxanasında yer üstündə dava etmək, intriqa aparmaq olar? “Brüsseldən məktublar” tamaşasında Mirzə Fətəli Axundovun oğlu rolu üçün Coşqunu çağırmışdılar. Sonra şikayət olundu ki, niyə bizim öz aktyorlarımızı qoyub kənardan adam çağırırsınız. Həmin rol üzərində mən, Füzuli Hüseynov və Nurəddin Mehdixanlı işləyirdik. Bir rol üçün iki-üç dublyor olanda, o tamaşanın ömrü də az olur, sonu da uğursuzluqla nəticələnir. Onda mən özüm roldan imtina etdim. Gənclər Teatrında işləyəndə Şeksprin “Yay gecəsində yuxu” tamaşasında yarım saatdan sonra səhnəyə çıxacaqdım. Şleyfimin arxasını qayçı ilə doğramışdılar”- deyə o bildirib.
- Coşqun Rəhimov toylara tamada kimi dəvət alır?
Hər nə qədər cazibədar təkliflər gəlsə də, qrup toylara getməməyə qərar verib və bu sözə əməl edir.
- Coşqun Rəhimov dindardır?
Bəli. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkədə olub.
- Coşqun Rəhimov haqqında nə üçün dəfələrlə ölüm xəbərləri yayılıb?
Coşqun Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkən məşhurlardandır. Belə ki, 2010-cu ildə sənətçinin halı anidən pisləşir. Təcili müayinələrdən sonra o, əməliyyat olunur. 3 saatlıq planlaşdırılan əməliyyat düz 13 saat çəkir. Coşqunun boğazından və sinəsindən 120 şiş təmizlənir. 2013-cü ilin dekabr ayında və 2016-cı sentyabrında aktyor yenidən əməliyyat masasına uzanır. Xəstəliyi ilə bağlı onun haqqında dəfələrlə ölüm xəbərləri yayılıb.
- Coşqun Rəhimov bu xəbərlərə necə münasibət bildirir?
“Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Öldü deyə-deyə axırda məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir. Bu xəbərlər məni o mənada məyus etdi ki… Yaxınlarım, ailəm, dostlarım narahatlıq keçirdi. Məni ən əsas üzən bu oldu. Mənimlə bağlı yayılan belə məlumatlar birbaşa onlara təsir edir. Ailə üzvlərim, dost-tanışlar, qohumlar mənə görə narahat olurlar. Əlbəttə, mən bilirəm ki, sağam. Ancaq həmin an mənimlə əlaqə yarada biməyənlər nə hisslər keçirir?! Çox şərəfsiz, alçaq, mənəviyyatsız və vicdansız insandır bu xəbəri yayanlar. Bilmirəm bu yolla qazandığı pulu evinə, ailəsinə necə aparır. Bu adamın məqsədi nədir, bilmirəm, hansı məzhəbə qulluq edir? Söz tapa bilmirəm bu insanlar haqqında.
Belə məqamda dərhal yaxınlarımı düşünürəm. Yaxnlarımın, əzizlərimin, dostlarımın, sevənlərim və əziz tamaşaçılarımın narahatlığını başa düşürəm. Belə məqamda sevildiyimi, məni çox istədiklərini hiss edirəm. Başa düşürəm ki, tamaşaçılarım və dostlarım üçün dəyərliyəm. Bu mənə həm də onu göstərir ki, işimdə xırda da olsa, nəyəsə nail olmuşam. Bütün bunlara sevinə bilərəm. Ancaq yaxınlarımın keçirdiyi narahatlıq sevincimə mane olur. Qoy bu xəbəri yazan üzülsün ki, mən ölməmişəm.
Ölümlə zarafat etməzlər, axı. O şəxslər bilsin ki, mənim yaxınlarım, dost-tanışlarım bu məlumatı yayanları lənətləyir. Özlərinə lənət qazanırlar. Allah verən ömrü Allah da alır. Hamı nə vaxtsa öləcək...
- Coşqun Rəhimov kinoya çəkilib?
Aktyor “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Gəlinlər”, “Bomba”, “Məhəllə”, “Məşədi İbad-94”, “Tam məxfi” filmlərinə çəkilib.
- Çoşqun Rəhimov kimləri parodiya edib?
Coşqun Rəhimov “Bu şəhərdə” layihəsində işlədiyi dövrlərdə Elgiz Əkbəri, Əkbər Əlizadəni, Könül Kərimovanı, Rəhim Rəhimlini, Aygün Kazımovanı, Samiraldonu, Aybəniz Haşımovanı, Xumar Qədimovanı, Tünzalə Ağayevanı, Cavanşir Məmmədovu, və digər məşhurları parodiya edib.
- Coşqun Rəhimovun ən uğursuz parodiyası hansıdır?
O parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurun isə Könül Kərimova olduğunu vurğulayıb.
“Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and-aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə bu toy adamı olduğuna və yerinə düşdüyünə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi. Güc-bəla konsertə də gəldi, oturdu. Makiyajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodiya edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəmirdim. O qədər negativ enerji verdi ki, obraz alınmadı”,- deyə o bildirib.