Aliment məsuliyyətini dərk etməyənlər - Valideyn özündən əvvəl övladını doyurmalıdır

22-08-2024, 00:10           
Aliment məsuliyyətini dərk etməyənlər -
Ədliyyə Nazirliyi bu ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarının daxil olduğunu açıqlayıb.

İcraatda olan aliment işləri üzrə 4 259 nəfərin axtarışda olduğu, inzibati qaydada həbs olunan şəxslərin sayının 1 051, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayının isə 98 nəfər olduğu bildirilib.

Rəqəmlər kifayət qədər çoxdur. Hər müraciətin arxasında ən azı bir uşağın hüquqlarının pozulduğunu nəzərə alsaq, bu rəqəmlər minlərlə uşağın hüquqlarının pozulmasından xəbər verir.

Bu sahədə olan problemlərin azaldılması üçün müvafiq qurumlar müxtəlif işlər aparır, müəyyən təkliflər səslənir. Amma problem yenə də minlərlə insanın həyat keyfiyyətinə təsir edir. Valideynlərin münaqişəsi uşaqlara təkcə iqtisadi deyil, psixoloji problem olaraq geri dönür.

Aliment problemini qismən azaltmaq üçün hansı tədbirlər həyata keçirilir və ya keçirilə bilər?

Ümumiyyətlə, problem nə qədər aktualdır? Bu sahədə azalma, yoxsa artım müşahidə olunur?

Bu sahədə qaydaların sərtləşdirilməsinə ehtiyac varmı? Hansı üsulların tətbiqi gözlənilir?

Problemlə bağlı TNS-in suallarını cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə bir sıra məqamlardan bəhs edib.

Komitə rəsmisi bildirib ki, ailələr arasında boşanma mərhələsi bitdikdən sonra quruma olan müraciətlərin yarısından çoxu alimentin ödənilməməsi məsələsi ilə bağlı olur.

Alimenti ödəməkdən boyun qaçıran, icra məmurunun tələblərini yerinə yetirməyən valideynlərin 500-1000 manat miqdarında cərimə olunduğunu, yaxud da onlara bir ay müddətində inzibati həbs tətbiq olunduğunu deyən T.Hüseynzadə bu məsələnin narahatlıq yaradan tərəflərindən danışıb: “Alimenti ödəməkdən imtina edən insanın 1000 manat cərimə olunması məntiqli sayılmır. Həmin insanın öz məsuliyyətini vaxtında dərk etməsi daha yaxşı olardı. Çünki cərimə ödəməkdənsə, məbləği uşağa verə bilər. Rəsmi iş yerləri olanlar üçün alimenti ödətdirmək daha asandır. İş yerindən sorğu olunur, gəlirləri müəyyənləşdirilir və aliment birbaşa gəlirindən tutulur. Belə olduqda problemi həll etmək rahatdır. Bir də heç yerdə işləməyənlər tərəfindən alimentin tutulması məsələsi var. Bilirsiniz ki, bizdə bir uşaq üçün yaşayış minimumu müəyyən olunur. Hər il də məbləğ artırılır. Ən son bu məbləğ 235 manat müəyyən olunub. İnsan tamamilə gəlirsiz olanda aliment həmin yaşayış minimumuna uyğun tutulur. Heç bir iş yeri olmayan şəxs aliment ödəmək iqtidarında olmayanda adına mülk varsa, aliment ora yönləndirilib alına bilər. Adına heç bir mülkiyyət olmayan insanlar da aliment verməkdən imtina edə bilmir. Bir yerdə yetkin insanın hüququ ilə uşaq hüququ kəsişirsə, uşaq mənafeyi üstün sayılır. Bu o deməkdir ki, şəxs bir manat belə qazanırsa, özü doymamışdan əvvəl uşağın alimentini ödəməlidir”.

Komitə rəsmisi bildirib ki, aliment məsuliyyətinin dərk edilməməsi, ödənilməməsi problemlərini azaltmaq üçün bu sahədə qaydaların sərtləşdirilməsinə ehtiyac var: “Biz bu məsələni araşdırmaq üçün bir sıra beynəlxalq təcrübələrə baxırıq. Məsələn, aliment öhdəliyi, borcu olan adamın sürücülük hüququnu məhdudlaşdıran ölkələr var. Qazaxıstan, Belarus, Gürcüstan, Latviya kimi ölkələr aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçıran adamların sürcülük hüququnu məhdudlaşdırır ki, insan məsuliyyətini dərk etsin. Hazırda bizim ölkədə bunlar yoxdur. Biz müzakirəsini aparmaq üçün müsbət nümunələrə baxırıq. Adını çəkdiyim ölkələr bizə daha yaxın ölkələrdir ki, biz onların tətbiq mexanizmini ölkəmizdə istifadə edə bilərik”.

Tural Hüseynzadə ölkəmizdə aliment öhdəliyini yerinə yetirməyənlərə qarşı hansı üsulla yanaşıldığını açıqlayıb: “Əgər, komitəyə valideynlərin uzun müddət yığılmış aliment öhdəliyi ilə bağlı müraciət varsa, biz Ədliyyə Nazirliyinin İcra baş idarəsinə məktub ünvanlayırıq. Alimentin ödənilməməsi, eyni zamanda, uşağa qarşı iqtisadi zorakılıq hesab olunur. Bundan başqa, Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti tərəfindən formalaşmış qrup çərçivəsində məktub hazırlanır və Ədliyyə Nazirliyinin İcra baş idarəsinə göndərilir və ehtiyac olan məbləğin ödənilməsi üçün işlər həyata keçirilir, lazım olarsa, məhkəməyə cəlb olunur. Bu da bizim hazırda bu müstəvidə apardığımız işdir”.

O qeyd edib ki, son illərdə alimentlə bağlı müraciətlər stabildir, hətta artır: “Ailə münasibətləri bitdikdən sonra daxil olan müraciətlərin demək olar ki, 50 faizindən çoxu alimentlə bağlıdır. Hətta bəzi valideynlər alimentdən boyun qaçırmaq üçün öz maaşlarını aşağı göstərirlər. Halbuki, bonus və əlavələri olur və onları gizlədirlər. Bu zaman həmin insanın yaşayış səviyyəsinin aldığı maaşla uyğun gəlib-gəlmədiyi araşdırılır.

Məntiqli və vicdanlı yanaşılan məhkəmə mübahisəsi bunun sorğusunu aparmalıdır. Əlavə gəlirlərin olduğu müəyyən edildikdən sona deyək ki, 300 manatdan irəli gələn aliment məbləğini deyil, daha yuxarı gəlirdən irəli gələn aliment məbləğini müəyyən etməlidir. Bizim icraatımızda bu cür təcrübələr olub. Boyun qaçırmaq üçün aşağı maaş göstərildiyi müəyyən olunub. Araşdırılıb və iki uşağa görə 1000 manata qədər aliment alan valideynlər olub. Aliment bir uşağa görə ümumi qazancın dörddə biri şəklində müəyyən olunur. Deyək ki, şəxs 5 min qazanırsa, 1250 manat aliment verməlidir. İki uşağa görə qazancın üçdə biri, yəni 900 manat alırsa, 300 manat, 3 və daha çox uşaq olanda gəlirin yarısı aliment məbləği tutula bilər. Xüsusu hallar var ki, icraat haqqında qanuna görə gəlirin 70 faizə qədəri aliment kimi tutula bilər. Bu gəlir gizlədilməsi, borcların yığılması və s. hallarda ola bilir”.

Müsahibimiz bildirib ki, bu sahədə müzakirə mövzusu olan aliment fondu məsələsi tək bir qurumun yanaşmasından irəli gələn məsələ deyil: “Aliment fondunun bizim hüquq sisteminə uyğunlaşdırılıb-uyğunlaşdırılmaması məsələsi ətrafında müzakirələr aparılır, amma hazırki vəziyyətdə gündəmin aktiv mövzusu deyil. Amma sürücülük hüququnun məhdudlaşdırılması, şəxsin ölkədən çıxışına qadağa qoyulması kimi məsələlər bu sahədə qaydaları sərtləşdirməyə başlayar.

Elə insanlar var ki, alimenti qəsdlə ödəmir, prinsip aparır, intriqa yaradır. Onlar da lazım olduğu qədər məsuliyyətə cəlb olunur. Alimentin ödənilməsi məsələsində problemin cinsiyyəti yoxdur. Bəzi qadınlar özləri uşaqdan imtina edir. Aliment müəyyən olunduqda “mən qadınam, nə üçün pul ödəməliyəm?” deyənlər olur. Alimentin tərəfə yox, uşaq üçün ödənildiyini qarışdırır. Amma uşaqlar çox vaxt analarının yanında qaldığı üçün aliment problemi daha çox kişilərlə bağlı olur”.

Komitə rəsmisi alimentdən sui-istifadə iddiasına da aydınlıq gətirib: “Bizə kişilər müraciət edir və qadının alimentə görə boşandığını iddia edir. Amma əgər aliment ödəyən tərəf öz hüquqlarını yaxşı bilərsə, ödədiyi alimentin uşaq üçün xərclənib-xərclənmədiyinə nəzarət edə bilər. Belə ki, müvafiq qurumlara uşağın vəziyyətinin araşdırılması tələbi ilə müraciət edə bilər. Ödədiyi aliment məbləğinin uşağa hansı formada xərcləndiyini araşdıra bilərlər”.

Aygün İbrahimli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.