Kreml rəhbərini Bakıya gətirən ehtiyac və ya çoxşaxəli müzakirələrin pərdəarxası SIYASƏT

22-08-2024, 08:18           
Kreml rəhbərini Bakıya gətirən ehtiyac və ya çoxşaxəli müzakirələrin pərdəarxası SIYASƏT
Analitik: “Rusiya Prezidenti Bakının güc balansını saxlaması istəyi ilə münasibətləri yerində yoxlamaq istədi”

Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-u Azərbaycanda səfərdə olması, Bakıda Prezident İlham Əliyevlə görüşlərdə səsləndirdiyi mesajlar öz aktuallığını qoruyur və müzakirə mövzusuna çevrilib. Rusiya lideri ilə Azərbaycan lideri arasında Bakıda bir çox məsələlər – Yaxın Şərq, Cənubi Qafqaz, nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan arasındakı sülh sazişi ilə bağlı məsələlər müzakirə olunub.

Analitiklər hesab edirlər ki, Ukraynaya qarşı müharibənin indiki həssas mərhələsində Putinin Azərbaycana səfəri sıradan deyil və Kreml rəhbəri Bakıdan yardım istəyib. AYNA mövzunu siyasi icmalçı Asif Nərimanlı ilə inkişaf etdirib. Analitik müsahibəsində deyib ki, Putinin Azərbaycana səfərinə çoxları ona görə təəccüblənir ki, Rusiya Prezidenti Ukrayna ilə müharibə başladıqdan sonra xarici səfərlərini məhdudlaşdırıb:

- Putin 3 ilə yaxındır ki, xarici səfəri çox az olub. Amma indi, Ukrayna ilə müharibənin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Rusiya liderinin Bakıya bir sutkalıq səfəri Kreml üçün son dərəcə vacib idi. Putinin məhz Bakıya üz tutmasını Cənubi Qafqazda qlobal mövqe savaşı şərtləndirir. Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik sferasını əhatə edən regional planını bir neçə aspektdə dəyərləndirmək lazımdır. Birincisi, NATO ilə cənub sərhədlərində güc balansının əleyhinə dəyişməsi perspektivi var ki, Moskva bunu önləmək niyyətindədir. Ermənistan Rusiya üçün həm də NATO-nun cənub sərhədlərində təhlükəsizlik buferi rolunu oynayıb. Ermənistandakı 102-ci bazanın missiyyası budur. Qərbin Ermənistanda Rusiya mövqelərini sıxışdırdığı vaxtda Moskvanın təkcə bölgədəki təsir imkanları zəifləmir, eyni zamanda, cənub cəbhəsində NATO-nun önü açılır.

İkincisi, Rusiya Avrasiyanın nəqliyyat şəbəkəsində - Orta Dəhlizin ikinci habında payçılardan biri olmaq istəyir. Vaşinqtonun Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Çin və Rusiyanın iştirakı olmadan nəqliyyat marşrutunu açmaq cəhdləri Moskvanı hərəkətə keçirən əsas amillərdəndir.

Üçüncüsü isə Ukrayna müharibəsindən sonra üzləşdiyi iqtisadi blokadadan çıxış yollarının axtarışı Putini Bakıya gəlməyə sövq etdi. Enerji resurslarını Azərbaycan və Türkiyə üzərindən – Cənub Qaz Dəhlizi – bazara çıxarmaq, ikincisi, Fars körfəzi və Cənub-Şərqi Asiyaya, xüsusilə Hindistana çıxış əldə etmək məqsədlərdən biridir.

- Rusiya iqtisadi blokadadan Cənubi Qafqaz vasitəsilə çıxa biləcəkmi?

- Enerji resursların bu və ya digər formada çıxışını təmin etmək imkanları mövcuddur. Cənub-Şərqi Asiya bazarına çıxışı təmin edəcək Şimal-Cənub nəqliyyat layihəsinin önündə isə müəyyən əngəllər var. Putinin ötən ay Kremldə Hindistanın Baş naziri Narenda Modi ilə görüşü, ardınca Rusiya Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqunun Tehrana və Bakıya səfəri Şimal-Cənub nəqliyyat layihəsinin yaxın perspektivdə işə düşməsi istəklərindən xəbər verir. Layihənin İran hissəsi tamamlanmayıb, hazırda texniki işlərdən daha çox, təhlükəsizlik problemi aktualdır.

- Məlumata görə, Yaxın Şərqdə baş verənlərin Cənubi Qafqaza təsirləri də müzakirə olunan məsələlər sırasında olub...

- Əlbəttə, səfərdə məqsəd həm də bu barədə müzakirələr idi. İran-İsrail qarşıdurması və bunun Cənubi Qafqaza təsiri, Qərbin bölgəyə müdaxiləsi fonunda yarana biləcək təhdidlər, güc balansının Rusiyanın əleyhinə dəyişəcəyi halda gözlənilən risklər kimi məsələləri Putin yerində - Bakıda müzakirə etmək niyyəti ilə Azərbaycana səfər etdi. Şoyqunun Tehrana, ardınca Bakıya gəlişi də Putinin səfərindən öncə bu məsələləri müzakirə etmək və gündəliyi razılaşdırmaq məqsədi daşıyırdı.

Məsələ burasındadır ki, Cənubi Qafqazda yaranan risklər və Rusiyanın bölgə ilə bağlı planlarında Azərbaycana ehtiyacı var. Çünki regionun iki ölkəsi – Ermənistan və Gürcüstan üzərindəki mübarizədə müəyyən qədər “əl dəyişikliyi” olsa belə, Bakının güc balansını dəyişmək, yaxud tarazlamaq rolu daha böyükdür. Putin də Bakının güc balansını saxlaması istəyi ilə münasibətləri yerində yoxlamaq istədi. Yəni ki, problemlərin regional müstəvidə həll edilməsi, regiondankənar oyunçuların bölgədəki fəaliyyətinin qəbul edilməzliyi, “3+3” formatının inkişaf etdirilməsi, Azərbaycan-Ermənistan sülh danışıqlarının ikitərəfli formatda aparılması, zərurət yaranarsa, region ölkələrindən platforma kimi istifadə edilməsi məsələlərinə müzakirələrdə əsas ağırlıq verildi.

- Ermənistanla sülh danışıqları demişkən, Putin Rusiyanın vasitəçilik təklifini yenilədi. Bunun perspektivi nə qədərdir?

- Azərbaycan Prezidenti İlham Əliyevlə Putinin mətbuata bəyanatlarında diqqətçəkən əsas məqamlardan biri də məhz Azərbaycan-Ermənistan danışıqları ilə bağlı idi. Azərbaycan Prezidenti bəyanatında bu məsələyə toxunmadı. Çünki rəsmi Bakı İrəvanla danışıqlarda ikitərəfli formata üstünlük verir. Rusiya isə Bakı-İrəvan xəttindəki bütün danışıqlara – sülh sazişinin imzalanmasına, uzunmüddətli proses olan delimitasiya prosesinə, kommunikasiyanın açılmasına və digər humanitar məsələlərə qoşulmaq istəyir. Putin bəyanatında bunu dilə gətirdi. Əlbəttə, bunun Moskvanın regional maraqlarından qaynaqlandığı bəllidir. Lakin Rusiya da daxil olmaqla, istənilən üçüncü tərəfin müdaxiləsi bölgədə maraqlı olan bütün oyunçuların prosesə qoşulmasına, nəticədə sülh danışıqlarının geosiyasi mübarizəyə çevrilməsinə səbəb olur. Son 4 ilin təcrübəsi bunu təsdiq edib. Bu isə Bakının maraqlarına uyğun deyil. Əliyevin məsələyə toxunmaması və üzərindən səssiz keçməsi də bununla bağlı idi.

Mövcud vəziyyətdə Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, əksinə, bu gün Azərbaycanın özü Rusiya və Ukrayna arasında vasitəçilik edə, danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər. Bunun üçün lazım olan hər şeyə - hər iki tərəflə münasibətlərə, tərəflər arasında körpü olmaq potensialına və qlobal danışıqlara ev sahibliyi etmək təcrübəsinə malikdir.

- Yəni Rusiyanın vasitəçiliyə dönüşünün perspektivi görünmür?

- Putin Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması, eləcə də sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında təşəbbüsü yenidən ələ almaq niyyətini açıq şəkildə bildirdi. ABŞ-ın təşəbbüslərinə qarşı əks-həmlə olan bu gedişin baş tutub-tutmayacağı hadisələrin inkişafında bəlli ola bilər. Yenə deyirəm, mövcud vəziyyətdə Putinin bəyanatı daha çox vasitəçiliyə növbəti dəfə yiyələnmək məqsədi daşıyır.

Belə situasiya, yəni ABŞ və Rusiya arasında təşəbbüs mübarizəsi sülh danışıqlarına, eləcə də ikitərəfli formata zərər verir. Rəsmi Bakı isə hadisələrin yenidən bu istiqamətdə inkişafında maraqlı deyil. Əliyevin danışıqlar məsələsinə toxunmaması da bundan qaynaqlanırdı. Lakin Putin Bakıda olarkən xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” nəşrinə müsahibəsində Bakının “Moskva masasına” açıq olduğunu bildirdi.

Bu açıqlama o demək deyil ki, Azərbaycan Ermənistanla ikitərəfli formatdan imtina edir, əksinə, Bakı Moskvaya “yox” demədən topu İrəvanın meydançasına göndərir. Ermənistan isə Zəngəzur dəhlizinin də daxil olduğu üçtərəfli razılaşmalara istinad edildiyi Rusiya masasında iştirak etmək istəmir. Eyni zamanda, Ermənistanın belə bir istəyi bölgədəki planlarını onun üzərindən həyata keçirən Qərb ölkələri tərəfindən qəbul edilməyəcək. Bakı da İrəvanın bu təklifdən imtina etmək ehtimalının böyük olduğunu nəzərə alaraq, Rusiyanın diqqətini Ermənistana yönəltmək, həm məsuliyyəti üzərinə götürməmək, həm də Moskva-İrəvan xəttində yaranmış çatları dərinləşdirmək gedişi edir. İndi top Ermənistandadır və Putin Bakıda dediyi kimi, Paşinyanla danışanda Rusiyanın vasitəçiliyinin qəbul edilməsinə çalışacaq.

- Bəs İrəvandan bu təşəbbüsə müsbət cavab gələrsə...

- Ermənistan danışıqların Moskvada davam etdirilməsinə razı olarsa, Azərbaycan ciddi risklərlə üzləşməyəcək. Çünki “Moskva masası”nda bizim əleyhimizə olan Qarabağ məsələsi artıq həll edilib. İki əsas məsələ - kommunikasiyanın açılması və sərhədin delimitasiyasında Bakı və Moskvanın gündəliyi yaxındır. Çünki kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini Rusiya da istəyir. Həmçinin Azərbaycan danışıqların “Moskva masası”na köçürülməsi və regiondankənar oyunçuların uzaqlaşdırılması qarşılığında Naxçıvana yolun dəhliz məntiqi üzərindən açılması ilə yanaşı, sərhədin delimitasiyasında Rusiyada mövcud olan xəritələrin əsas götürülməsinə nail ola və SSRİ dövründə ermənilərə verilən əraziləri gündəmə gətirə bilər. Yəni ki, bütün variantlarda Ermənistan çətin vəziyyətdə qalır.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.