Yaxın Şərq böyük müharibə astanasında: savaş riski durmadan artır
27-08-2024, 08:38
Analitik: “İran İsraili düşmən hesab etsə də, birbaşa hərbi əməliyyatlardan çəkinir, çünki Tehran bunun nəticəsinin nə olacağını bilir”
Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərazimi ərəfəsində öldürülməsi Yaxın Şərqdə gərgin olan vəziyyəti daha da şiddətləndirdi. “Qisas” sözü verən İran bir aya yaxındır ki, İsrailə qarşı hansısa hərbi addım atmayıb. Amma İrana bağlı olduğu deyilən silahlı qruplaşmaların İsrailə qarşı silahlı hücumları davam edir. Məsələn, bu günlərdə radikal Hizbullah hərəkatı tərəfindən İsrailin aerodromlarına raket zərbələri endirildi. Rəsmi Təl-Əviv isə xəbərdarlıqlarını etməkdədir: cavab amansız olacaq.
İsrail İrana qarşı tərəfdaşlarından dəstək alsa da, Qərb Təl-Əvivin eskalasiyaya getməməsini, məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edir. Qərbdən, xüsusilə, ABŞ-dan İrana da çağırış edilir: eskalasiya bölgənin zərərinədir və bundan çəkinmək lazımdır.
Digər yandan Qətər, Misir, ABŞ-ın vasitəçiliyi ilə İsraillə HƏMAS arasında Qəzzadakı vəziyyətin danışıqlarla həll edilməsi danışıqları nəticə vermir. HƏMAS İsrailin tələblərini qəbul etmir. Belə bir vəziyyətdə Yaxın Şərqdəki böyük müharibə ehtimalı aktuallığını qoruyur.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Əli Orucov AYNA-ya bildirib ki, İranla İsrail arasında münasibətlər müharibə həddində olsa da, geniş eskalasiya gözlənilmir:
- Məsələ burasındadır ki, Haniyənin Tehranda öldürülməsi ilə İranın imicinə böyük zərbə dəyib və Tehran buna qarşılıq vermək üçün yollar axtarışındadır. İranın cavab verməkdən başqa yolu da qalmayıb. Faktiki olaraq, İran dilemma qarşısında qalıb. Yenə deyirəm, HƏMAS lideri Haniyənin Tehranda qətlə yetirilməsi İranın regiona və beynəlxalq nüfuzuna ciddi zərbə vurduğundan və proksi qüvvələrinin güvəninə xələl gətirdiyindən cavab tədbiri görmək məcburiyyətindədir. İran həm də İslam liderliyinə iddialı ölkə olaraq dünya müsəlmanlarının da gözündən düşmək istəmir. Ancaq İran rəhbərliyindəkilər İsrailə birbaşa hücumun ciddi nəticələri olacağının də fərqindədirlər. Bundan əvvəlki hücum effektli və təsirli olmamışdı. İran diplomatlarının İsrailin hücumu nəticəsində qətlə yetirilməsinə sərt cavab verəcəyini bəyan edən Tehran rejiminin raketləri və dronları hədəfə çatmadan zərərsizləşdirildi.
- Effektivsizliyin səbəbi nə idi?
- İranın gurultulu təbliğatına baxmayaraq, hərbi arsenalında İsraili çəkindirəcək və dağıdıcı gücə malik silahları yoxdur. Bir müddət əvvəl İran Parlamentinin üzvünün İranın nüvə silahına malik olması barədə verdiyi bəyanat İsraili və Qərbi çəkindirici məqsədlər daşısa da, heç nəyi dəyişmədi. HƏMAS siyasi qanadının liderinin qətlindən xeyli müddət keçib, İran hələ də real addımlar atmaqdan, İsrailə vəd etdiyi dağıdıcı zərbələr endirməyə tələsmir. Hələ ki təbliğat müharibəsinə üstünlük verir.
Məsələn, fikirlər səsləndirilir ki, İran ordusu Xəzər dənizində hərbi təlimləri ilə İsrailə zərbəyə hazırlaşır. Amma məncə, bunun İsrailə aidiyyəti yoxdur. Coğrafi baxımdan da bu, mümkün deyil. Məncə, bu hərbi təlimlər güc nümayişi və mahiyyət etibarı ilə hədədən başqa bir şey deyildi.
- Tehranın hədələrinə Qərbin, Amerikanın reaksiyası kifayət qədər sərtdir...
- İranın Qərbi İsrailə hücum etməklə hədələməsi İsrailə və ABŞ-a fürsət verir ki, regiona əlavə hərbi qüvvələr cəmləşdirsin, İsraili silahlandırsın, müdafiə qabiliyyətini gücləndirsin. Artıq ABŞ İsrailə 20 milyard dollarlıq silah tədarük edəcəyini bəyan edib və həmin silahların ilk partiyası təhvil verilib. Bura hərbi təyyarələr, hərbi texnikalar və öldürücü silahlar, həmçinin müdafiə sistemləri də daxildir. Eyni zamanda Səudiyyə Ərəbistanına indiyədək satışına icavə vermədiyi silahların da satışına icazə verilib. İranın İsrailə təhdidləri fonunda Yaxın Şərq regionu sürətlə silahlanır ki, bunun özü də ciddi risklər yaradır.
Bütün hallarda isə, dediyim kimi, İran İsraili düşmən hesab etsə də, birbaşa hərbi əməliyyatlardan çəkinir, çünki Tehran bunun nəticəsinin nə olacağını bilir. Bundan əvvəlki hücumlarında İsrail itkilər verməsə də, Tehran özgüvən qazana bildi. Ancaq bu dəfə Təl-Əviv İrana bu fürsəti vermək fikrində deyil. Həm də ona görə ki, İranın nüfuz qazanması onun proksi qüvvələrini cəsarətləndirər ki, bu da arzuolunan deyil. Ən çox ehtimal olunan odur ki, İsrailə birbaşa zərbələr endirmədən çox İranın dəstəklədiyi qüvvələrin vasitəsilə vəziyyəti gərginləşdirə bilər. Necə ki, bu günlərdə Hizbullah İsrail ərazilərini raket atəşinə tutdu.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. İsrailin İranın hücumuna cavab zərbələri endirəcəyi barədə verdiyi bəyanatın həyata keçməsi daha çox ABŞ-ın buna necə yanaşmasından asılı olacaq. Həm İranı, həm də İsraili qane edəcək hücum baş verməsə, bu, region üçün deyil, qlobal təhlükəsizlik problemlərinə yol açar. Hələ bizə tam məlum deyil ki, İsraillə İran arasında eskalasiya baş verərsə, Ərəb coğrafiyasının və Türkiyənin, Pakistanın mövqeyi necə olacaq. Regiondakı ərəb ölkələrinin İranla münasibətləri soyuq olsa da, İsraillə müharibə həm ölkələrin cəmiyyətlərində birmənalı qarşılanmaz. Bu da rahatlığa öyrəşmiş ərəb ölkələri liderlərini narahat etməyə bilməz.
Təbii ki, genişmiqyaslı müharibə olmayacaq. Amma İran proksi qüvvələri tərəfindən İsrailə zərər yetirməyə davam edəcək. Qəzza ilə bağlı danışıqların nəticəsiz qalması, gərginliyin davam etməsi HƏMAS, Hizbullah kimi təşkilatların ara-ara hücumlarına rəvac verəcək. Qəzza ilə bağlı danışıqların nəticəsindən çox şey asılıdır. Əgər razılıq əldə olunarsa, oz zaman Yaxın Şərqdə gərginlik nisbətən azalacaq.
Müəllif: Anar Bayramoğlu