“NAZİR MÜAVİNİ 500 MANATLIQ KİTAB YIĞDI, ÖDƏNİŞ ETMƏDİ...” – Tanınmış naşir rəsmi şəxslərə çağırış etdi
4-10-2024, 12:14
"Beynəlxalq Kitab Sərgisi başlayıb. Hardadı nazirliklərimiz? Hardadı böyük şirkətlərimiz? Bağça uşaqlarını kitab sərgisinə gətirməklə hesab edirsiniz ki, işinizi bitirdiniz? Yox, belə olmur".
"AzPolitika" xəbər verir ki, bunu "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu "Facebook" səhifəsində yazıb.
Xatırladaq ki, Bakı Ekspo Mərkəzində oktyabrın 2-8-də Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılıb.
Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edirlər.
Ş.Xuduoğlu dövlət rəsmilərini kitab sərgisinə dəvət edib: "Cənab daxili işlər naziri, sizi sərgidə görmək istəyirəm. Cənab baş prokuror, sizi sərgidə gözləyirəm. Milli Məclisin sədri, Sahibə xanım, siz intellektual insansınız, niyə sərgiyə gəlmirsiniz?
Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir". 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi. Yenilikçi Mikayıl müəllim, sizi də sərgiyə dəvət edirəm. Səfirlər, diplomatlar, böyük şirkətlər, komitə rəhbərləri – kollektivinizlə sərgiyə gəlin. Bu sərgi sizlər üçündür. Azərbaycan kitabı sizi gözləyir!"
"AzPolitika.info"