Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı-MÜSAHİBƏ
5-10-2024, 11:34
Sürix Universitetini ideal təhsilin ünvanlarından biri kimi dəyərləndirmək olar?
- Əslində bunun üçün Google-da Dünyanın ən nüfuzlu 100 universiteti yazsanız, görəcəksiniz ki, ilk 10-luqda universiteti qərarlaşıb. Nəticələr öz sözünü deyir.
Orada dərslərin keçirilmə metodikası hansı üsulla aparılır?
- Bütün sistem elektron üsulla aparılır. Dərslərin keçirilməsi, tapşırıqların verilməsi və yoxlanılması, hər biri elektron üsulla keçirilir. Düzünü desəm, bu sistem mənə çox rahatdır. Bundan başqa heç bir şifahi dərs soruşma metodikası yoxdur. Yəni dərs ərzində mövzu hamı ilə müzakirə olunur, amma hər hansı paraqrafı öyrən və gəl danış kimi tapşırıqlar yoxdu. Tez-tez quizler ve imtahanlar olur. Hər dərs üçün tapşırıqlar da əsasən, elektron olur
Təhsil aldığınız ölkəyə uyğunlaşmaq sizin üçün çətin oldu?
- Bu sualın cavabını bircə cümləylə deyim ki, İsveçrədə sanki öz evimdəki kimi rahat və xoşbəxtəm.
Azərbaycan və İsveçrə müəllimlərinin fərqi cəhətlərini də vurğulaya bilərsiniz:
-Azərbaycan və Avropa müəllimlərini, ümumiyyətlə təhsil sistemini müqayisə etsək, çoxlu maraqlı nüanslara toxuna bilərik: Avropalı professorlar tədrisdə müasir metodlardan, texnologiyanın imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışırlar. Avropada mühazirələrin əksəriyyəti diskussiya şəklində, tələbə-professor arasında fikir mübadiləsi formasında aparılır. Yeni dərsi elə sinifdəcə mənimsəmək olur. Azərbaycanda isə bəzən 90 dəqiqəlik mühazirənin hamısı qeyd aparmağa, sovet üsulu ilə yeni mövzunu yazmağa həsr edilir. Bu da dərsin sıxıcı və yorucu olmağına səbəb olur.
Xarici müəllimlər tələbələrə sərbəstlik verirlər. İtaliya və İspaniyada dərsdə iştirak etmək məcburi deyil, davamiyyət yoxdur. Lakin bununla belə yenə də boş auditoriya tapmaq çətindir. Avropa tələbəsinin düşüncə tərzi təkcə imtahandan keçmək yox, həmin fənnin biliklərinə yiyələnmək, gələcəkdə ondan istifadə potensialı yaratmaq, yüksək balla ili başa vurmaqdır. Təsəvvür edin ki, Azərbaycanda davamiyyət yoxlanılmır. Bu zaman yəqin ki auditoriyada tələbə tapılmaz. İlk növbədə tələbələrin dərslərə, imtahana, ümumilikdə universitetə yanaşma formasını dəyişmək lazımdır”.
Xarici ölkələrdə kitabxana mədəniyyəti necədir?
Azərbaycanla müqayisədə xarici ölkələrin kitabxana mədəniyyəti də fərqlidir. Azərbaycanda 4 il bakalavr təhsili aldım, ancaq nə mən, nə də digər qrup yoldaşlarımın kitabxanadan istifadə etdiyini görmədim. Bəlkə də çox nadir hallarda kitabxanalardan istifadə edirdim. Lakin İtaliya, İspaniyada bizim bütün vaxtımız kitabxanada keçir. Bəzən səhər 9-dan kitabxana bağlanana qədər orada oluruq. Elə zamanlar da olur ki, kitabxanada oturmağa belə yer tapılmır. Avropa tələbəsi üçün kitabxana hər şeydir. Bütün bunlar, Avropa müəlliminin tələbkarlığından, dərsin ciddiliyini dərk etməkdən irəli gəlir.
Bəs görəsən, Vüsal Hümbətzadə necə düşünür, Məhz Azərbaycanın orta və ali təhsilindəki əsas çatışmazlıqlar nələrdir?
- Boşluqlar sırf müəllim, direktor yaxud professorlardan qaynaqlanmır. İlk növbədə şagird və tələbələrin təhsilə olan yanaşma tərzini, baxışını dəyişmək lazımdır. Tələbə universitetə getməyi problem kimi yox, həyatının bir hissəsi kimi görməlidir. Əsas məsələ universitetə qəbul olmaq yox, universiteti hansı şəkildə bitirməkdir. Tələbə nə qədər tələbkar olarsa, müəllim də bir o qədər inkişafa meyil edər.
Boşluqlardan digəri isə Azərbaycanda tələbə və şagirdlərin lazımsız materiallarla yüklənməsidir. Bunu minimuma endirmək, daha faydalı və tələbənin gələcək ixtisası üçün yararlı fənləri tədris etmək məqsədəuyğun olar.
Son illərdə təhsil sahəsindəki islahatları da müsbət qiymətləndirmək olar. Bir çox universitetlərimizdə artıq elektron təhsil modelinə keçid edilib. Ümid edirəm təhsilin keyfiyyətinin artırılması istiqamətində də işlər sürətlənər.
“Maraqlıdır, İsveçrədə tələbələrə həftədə neçə saat iş izni verilir? Həmin ölkələrdəki tələbələr əsasən hansı sahələr üzrə işləyirlər?” sualımızı da Əliəşrəfə ünvanlayırıq:
-İtaliya və İspaniyada tələbələrə verilən iş saatları haqqında dəqiq məlumatım yoxdur. Dərslər o qədər çətin və ardıcıl olur ki, işləməyə də vaxt qalmır. İsveçrədə xarici tələbələr demək olarki işləmir, yerli tələbələr isə daha çox təcrübə keçməyə üstünlük verirlər”.
Gənclərə tövsiyyələriniz nələrdir?
Xaricdə təhsil almaq istəyənlərə bu yolda uğurlar arzulayıram. Xaricdə təhsil almaq arzusunda olanlar əsla geri çəkilməsinlər. Gənclərimiz heç bir çətinlikdən qorxmasınlar və daim hədəfinə doğru irəliləsinlər.
Ümumiyyətlə, cəsarətli, optimist, inamlı olmaq lazımdır. Hər gün hədəfinizə doğru irəliləməlisiniz. Avropada oxumaq sadəcə hədəfin yarısıdır, təhsili uğurla başa vurub ixtisasınıza uyğun gözəl bir iş tapmaq isə əsl hədəfdir. Hər kəsə bir daha bol-bol uğurlar arzu edirəm.
Müsahibəni aldı: Aparıcı Nanə Ağamalıyeva
TEREF