Məmməd Talıblı: Dövlət borclamaları 30 milyard manat səviyyəsinə qədər yüksələcəkdir
12-10-2024, 15:14
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son zamanlar dövlət borclarının artmasının səbəblərindən danışıb.
Amerikanın Səsi: Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu 2025-ci lldə 25 milyard manatdan çox olacaq. Sizcə Azərbaycanın on milyardlarla dollar valyuta ehtiyatı olması qarşılığında dövlət borcunun artırılmasının səbəbləri nədir?
Məmməd Talıblı: Təbii ki, dövlət borclarının artmasının müxtəlif səbəbləri ola bilər. Borclamaların artması ehtiyacla bağlı ola bilər. Bir də xərcləmə istəyi ilə bağlı ola bilər. Amma Azərbaycan höküməti daha çox xərcləməyə meyilli olduğu üçün həm Neft Fondundan büdcəyə edilən transferlər vasitəsilə xərcələmləri artırır. Digər tərəfdən isə hər hansı bir müxtəlif layihələrin maliyyələşməsi hesabına borclamalar həyata keçirilir. Ona görə də, hər zaman nə qədər resursunuz olsa da, ona ehtiyac duyulur. Ona görə də bu bir tərəfdən ehtiyacla bağlıdırsa, digər tərəfdən isə daha çox xərcləmə istəyi ilə bağlı məsələdir.
Amerikanın Səsi: Azərbaycanın xarici kreditlərin artırılması siyasəti ölkədə idarəertmə islahatlarına və ya iqtisadi islahatlara təkan verə bilərmi? Bu kreditlərin hansı istiqmətlərdə xərclənməsi proqnozlaşdırılır?
Məmməd Talıblı: Fikrimcə kreditlər alınaraq daha çox islahatların aparılmasına sərf olunmaqdandırsa islahatların aparılması üçün kreditə ehtiyac duyulması daha doğru və rasional yol hesab oluna bilər. Ona görə də sizin xərcləmə istəyiniz çoxdursa, lakin cibinizin hər hansı bir pul xərcləməsi ilə bağlı problemi varsa, və yaxud qazandığınız pulu xərcləməklə bağlı problem yaşayırsınızsa o zaman sizin nə qədər pul qazanmanızın heç bir önəmi yoxdur. Ona görə də pulu ümumiyyətlə dövlət borclamalarında daha çox xərclənməsi, eyni zamanda onun necə əldə olunması ilə bağlı məsələdir. Kreditlə əldə olunması əslində özlüyündə qəbahətli hal deyil. Amma, əgər bu kreditlər həm təyinatlı, həm şəffaf, səmərəli istifadə olunursa bu zaman problem olmur. Yox əgər əks vəziyyətdədirsə daha çox narahat olmağa dəyər.
Amerikanın Səsi: Azərbaycanın dövlət borcunun ümumdaxili məhsula nisbəti necədir? Sizcə beynəlxalq standartlarda dövlət borcunun təbii resurslarla zəngin olan ölkələrdə və təbii resurslarla zəngin olmayan ölkələrdə ümumidaxili məhsula nisbəti necədir?
Məmməd Talıblı: Dünya Bankı dövlət borclamalarının əldə olunması ilə bağlı ölkələri iki qrupa ayırır. Mülayim borca düşmə səviyyəsi, kritik borca düşmə səviyyəsi vardır. Amma Azərbaycanda dövlət borclamaları ÜDM-nin 2024-cü ilin yarım illik göstəricilərinə görə, 21 faiz səviyyəsindədir. Amma gözlənilən odur ki, hökümətin müxtəlif sənədləri ilə tanış olanda və xərcləmək istiqamətlərini müəyyənləşdirəndə görürük ki, 2025-ci ilin dekabr ayına qədər dövlət borclamaları 30 milyard səviyyəsinə qədər yüksələcəkdir. Bu isə ÜDM-nin gözlənilən 23 faiz səviyyəsində deməyə imkan verir. O ki qalda dövlət borclamalarının strukturuna, diqqət yetirəndə görürük ki, dövlət borclamalarının xarici mənbələr hesabına borclanması 9 milyard manat səviyyəsindədir. Daxili dövlət borclamaları isə 21 milyard manat səviyyəsində göstərilir.
Amerikanın Səsi: Bir sıra təhlilçilər ölkənin xarici borcunun artırılmasının təbii resurslardan gələn gəlirlərin azalması ilə izah edir. Siz necə hesab edirsiniz?
Məmməd Talıblı: Təbii ki bir tərəfdən dövlət gəlirlərinin azalması, xüsusilə resurs gəlirlərinin azalması fonunda maliyyə mənbələri axtarışındadır. Borclanma həm də bununla bağlıdır. Digər tərəfdən isə işğaldan azad olunmuş bölgələrdə təmir-tikinti, infrastrukturun yenilənməsi də burada rol oynaya bilər. Ona görə də, təxminən bu ilə qədər təmir-tikinti, infrastrukturun yaradılması məqsədilə işğaldan azad olunmuş bölgələrimizdə xərclənmiş vəsaitin məbləği 19 milyard manat səviyyəsindədir. Növbəti 2025-ci ildə 4 milyard manatın da bu istiqamətdə xərclənməsi nəzərdə tutulur. Görürük ki, Azərbaycanda dövlət borclamaları resursların azalması fonunda, eyni zamanda işğaldan azad olunmuş bölgələrdə təmir -tikinti işlərinin həyata keçirilməsi ilə də bağlıdır.
Amerikanın Səsi: Sizcə təbii resurslardan gələn gəlirlərin xərclənmələri ölkədə davamlı iqtisadi və sosial sabitliyi saxlamağə nə qədər xidmət edir? Təbii resurslardan əldə olunan gəlirlərin nə qədəri gələcək nəsillər üçün saxlanıla bilər?
Məmməd Talıblı: Ümumiyyətlə hər bir ölkədə həm iqtisadi islahatların aparılması, həm sosial, iqtisadi, maliyyə dayanaqlığının ən vacib şərtlərindən biri davamlı maliyyə qaynaqları ilə təmin olunması səviyyəsindən aslıdır. Lakin Azərbaycan iqtisadiyyatının konstruktiyası elə qurulub ki, valyutanın əldə olunması, dövlət gəlirlərinin artırılması mənbəyi daha çox resursların ixracatından asılıdır. Ona görə də bizdə yaranmış vəziyyət belə bir şərait yaradıb ki, daha çox ölkədə iqtisadiyyatın konstruksiyası sanki səhv qurulub. O ki qaldı resursların daha çox xərclənməsi məsələsinə, hələlik hökümətin müxtəlif sənədləri var. Bu sənədlərdən biri də, neft və qaz gəlirlərinin idarə olunması üzrə strateji sənəddir. Deməli həmin strateji sənəddə qeyd olunur ki, ölkədə neft gəlirləri özünün ən pik həddinə çatarsa, maxsimum 75 faiz xərclənəcəkdir. Amma 25 faizi gələcək nəsil üçün yığım olaraq saxlanılacaq. Amma indiki halda bizdə dövlət xərcləməsinin belə sürətlə artması fonunda şəxsən mənə şübhəli gəlir ki, biz növbəti illərə qədər hasilatın azalması, neft qiymətində dünya bazarında konyuktur səviyyəsinin aşağı düşməsi fonunda resurslardan bu qədər dayanıqlı gəliri necə təmin edə bilərik? Ona görə də bir tərəfdən borclanma labüd hala çevrilir, digər tərəfdən isə bizim xərcləmələr artmağa doğru gedir.