“RUSİYANIN AZƏRBAYCANLA BAĞLI İŞTAHI ARTIB...” – “Seçim qarşısında qalarsa, Azərbaycan Türkiyəni seçəcək”

27-10-2024, 11:58           
“RUSİYANIN AZƏRBAYCANLA BAĞLI İŞTAHI ARTIB...” – “Seçim qarşısında qalarsa, Azərbaycan Türkiyəni seçəcək”
“Cinayəti basdırıblar torpağın altına, yağış da onu üzə çıxarıb”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində ABŞ Prezidenti Co Baydenin İlham Əliyevə məktubu, Gürcüstanda gedən siyasi proseslər, sülh sazişinə dair gələcək gözləntilər, eləcə də gündəmin başqa aktual mövzuları ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Pənah bəy, ABŞ Prezidenti Co Baydenin İlham Əliyevə məktubunda çox maraqlı mesajlar var idi. Xüsusən də, israrlı şəkildə COP29-a və ya ilin sonuna qədər Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına çağırış əks olunmuşdu. Bayden, saziş olarsa, regionla bağlı ABŞ-nin yeni təşəbbüslərinin olacağını bildirib. Birləşmiş Ştatların israrını nə ilə əlaqələndirirsiniz və sizcə Azərbaycanın buna cavabı necə olacaq?

- Düşünürəm ki, bu israr xeyli dərəcədə ABŞ-dəki prezident seçkiləri ilə bağlı idi. Hal-hazırda orada Baydenin də aid olduğu demokratların namizədi ilə respublikaçıların namizədi Donald Tramp arasında rəqabət başa-baş gedir. Belə bir məqamda şübhəsiz ki, bu cür təşəbbüslər bütövlükdə dünyadakı müəyyən silahlı konfliktlərin nizamlanması, yaxud hansısa bir irəliləyişin olması ABŞ seçkilərinin nəticələrinə təsir edə bilər. Bir anlığa təsəvvür edək ki, COP29 tədbirinə qədər ABŞ-nin vasitəçilyi ilə hansısa bir sənəd imzalanır. Bu, bütün ekspertlərin də qeyd etdiyi kimi, demokratların şanslarını artıra bilər.

- Yəni, xarici siyasətdəki uğur kimi qəbul olunacaq...

- Bəli. Bu, Bayden də daxil olmaqla, bütövlükdə demokratların şanslarını artırar. Əgər həmin sənəddə ermənilərin xeyrinə hər hansı qərar qəbul olunarsa, demokratlar bu zaman həm də ABŞ-dəki ermənilərin səsini qazanmış olarlar. Və ya əksinə, sənəddə erməniləri qane etməyən bir məsələ olarsa, onların səslərini itirə bilərlər. Açığı, mən ermənilərin səslərini elə də əhəmiyyətli hesab etmirəm. Digər tərəfdən, Bayden 30 ildir ki, ABŞ xarici siyasətində ciddi fiqurlardan biri olub. Onun dönəmində belə bir sənədin imzalanması Baydenin siyasi bioqrafiyası üçün də ciddi bir töhfə olardı. Eyni zamanda anlamalıyıq ki, Cənubi Qafqaz uğrunda bir savaş gedir. Bu, həm Rusiyanı regionda sıxışdırmaq, həm də ABŞ-nin və bütövlükdə Qərbin qlobal miqyasda hökmranlığının qorunub saxlanmasında mühüm addımdır. Bu baxımdan, sözügedən məsələ həm də ümumi strategiyanın tərkib hissəsidir.

Bildiyiniz kimi, hazırda Rusiya BRİCS-in möhkəmləndirilməsi istiqamətində iş aparır. Bu kontekstdə Azərbaycanın xarici siyasətində Rusiya amilinin artdığını görürük. Rusiya Azərbaycanla Ermənistan üzrəində mühüm rolu olduğuna dair iddiasından əl çəkməyib. Sülh sazişinin yalnz Rusiyanın təşəbbüsü ilə mümkün olacağına dair bəyanatlar davam edir. Yeri gəlmişkən, ABŞ rəsmisi Ermənistana da səfər edərək Prezident Baydenin məktubunu təqdim edib. Deyə bilərik ki, aşağı-yuxarı eyni məzmunlu məktublardır. Azərbaycan tərəfinin ilkin reaksiyası göstərir ki, burada Azərbaycanın prosesə marağını cəlb edəcək təkliflər yoxdur. Məsələn, bir anlığa xəyal edək ki, Bayden deyir ki, “Əgər bu sənəd imzalanarsa, mən də gəlib COP29 tədbirində iştirak edərəm”. İnandırıcı görünməsə də, belə bir təklif ola bilər. Belə bir şey baş versə, həqiqətən də tədbir daha maraqlı olar. Bilirsiniz ki, Azərbaycanın Ermənistandan müəyyən tələbləri də var. Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi əsas tələblərdən biri hesab olunur.

- Bakıdan bir sıra güzəştlər tələb olunur...

- Hər iki tərəfdən güzəştlər tələb olunur. Azərbaycan tərəfindən bu konstitusiya dəyişikliyi tələbindən geri çəkilmək, Bakıda həbsdə olan separatçıların azad olunması barədə güzəştlərdən ibarətdir. Ermənistan isə bunun əvəzində Qərbi azərbaycanlıların yurdlarına qayıtması istiqamətində fəaliyyətə başlayacağı ilə bağlı üzərinə öhdəlik götürə bilər. Dəqiq məlumatımız olmadığından, konkret nəsə demək olmur. Amma bütün bunlara baxmayaraq, ABŞ-nin bu məsələdə bir təşəbbüs yarışı içərisində olduğunu deyə bilərik. İndi görək, Rusiya tərəfi hansı təşəbbüsü edəcək.

- Qeyd etdiniz ki, Rusiyanın Azərbaycana qarşı təsirləri artıq ikitərəfli münasibətlərdə hiss olunmağa başlayıb. Buna paralel olaraq isə Türkiyə ilə münasibətlərdə müəyyən durğunluğun yaranması haqda idialar var. Durğunluq ümumilikdə Yaxın Şərqdəki münaqişə, sülh təşəbbüslərinə Bakının reaksiyası ilə əlaqələndirilir. Siz bu paradoksu necə görürsünüz və nə ilə izah edərdiniz?

- Hər halda ictimai rəydə və ekspertlər səviyyəsində bu barədə təhlillər, danışıqlar, şayiələr, mülahizələr var. Diqqət eləsəniz, ciddi bir şəkildə, məsələn, dövlət başçıları səviyyəsində də bu məsələyə nöqtə qoya biləcək açıqlamalar yoxdur. Məsələ o qədər mürəkkəbdir ki, bundan narahat olan müəyyən qüvvələr baş verənləri Azərbaycan və Türkiyə arasında soyuqluq kimi dəyərləndirirlər. Hətta bunu razılaşdırılmış oyun kimi qələmə verənlər də var. Hər halda fakt ondan ibarətdir ki, belə bir söz-söhbət mövcuddur. Səbəbləri barədə ən müxtəlif versiyalar səsləndirilir. Ən çox da İsraillə münasibətlər məsələsi gündəmdədir. Biz Türkiyə ilə bir çox, o cümlədən strateji xarakterli məsələlərdə əməkdaşlıq edirik. Bəzi məsələlərdə qeyri-müəyyənliyin olması münasibətlərdə, xüsusən ictimai rəydə və ölkədaxili siyasi çevrələrdə travmalara səbəb ola bilər. Əlbəttə, indi Azərbaycan müstəqil bir dövlətdir və bəzən qərarlarımız ən yaxın müttəfiqimiz, qardaşımız, bizə dost olan bir dövlətlə tam üst-üstə düşməyə bilər. Məncə, artıq bu məsələdə daha konkret bir mövqeyə ehtiyac var. Söhbət İsrailə olan münasibətdən gedir. Hər halda seçim anı gələrsə, Azərbaycan Türkiyə ilə bir yerdə olacaq. Bu barədə şübhə yaranmalı deyil. Yeri gəlmişkən qeyd edim ki, İsrail – Fələstin məsələsində mənim mövqeyim ondan ibarətdir ki, hər ikisi silahsızlaşdırılsın. İsrailin təhlükəsizliyinə ABŞ və onun müttəfiqləri qarantiya verə bilər. Fələstinlilərə isə hətta silahlı qüvvə səviyyəsində Türkiyə qarantiya verməlidir. Əks təqdirdə, bu konflikt hələ daha ciddi hadisələrə səbəb ola bilər.

Rusiya ilə münasibətlərə gəldikdə isə, Azərbaycan ictimai rəyində, hətta rusiyapərəstlər içərisində müəyyən bir narahatlıq görünür. Çünki bilirsiniz, müəyyən jestlər və taktiki manevrlər və s. öz yerində, amma BRİCS, Avrasiya İttifaqı, onun ardınca KTMT məsələləri müzakirə olunur. Yəni Rusiyanın Azərbaycanla bağlı iştahı artır. Bu kimi hadisələr ciddi narahatlıq doğurur.

- Suallardan bir də odur ki, Azərbaycan siyasi kursunun strateji hədəfi dəyişirmi?

- Azərbaycan və Türkiyə də daxil olmaqla, əsas strateji yol Türk Dövlətləri Birliyidir. Bu proseslərdə Türk Dövlətləri Birliyinin kölgədə qalması və bu istiqamətdə hansısa bir yeni irəliləyişlərin olmaması müəyyən narahatlıqların olduğu barədə təsəvvür yaradır. Çünki Rusiya ilə Türkiyə arasında gərginlik demək olmasa da, müəyyən anlaşmazlıqlar var. Türk Dövlətləri Birliyi deyərkən biz təkcə etnik türklərin üstünlük təşkil etdiyi dövlətləri nəzərdə tutmuruq. Məsələn, Pakistan kimi. Bu istiqamətdə Türk Dövlətləri Birliyinin müstəqil geopolitik güc mərkəzinə çevrilməsi istiqamətindəki kursun ciddi şəkildə davam etdirilməsini daha doğru sayıram. Hər halda gözləmək lazımdır. Çünki BRİCS görüşünün nəticəsi, COP29 tədbirinin necə effekt verəcəyini hələ bilmirik.

Əlbəttə, biz sülh nizamlanmasının tərəfdarıyıq. Amma Azərbaycanın maraqlarının zərərinə olan bir nizamlama olacaqsa, təzyiqlər də bu yöndədir, o zaman mən bunun əleyhinə olanlardanam. Burada Zəngəzur məsələsi bir kənara qoyuldu. Belə deyildi ki, sülh müqaviləsində bu məsələ göstərilməyə bilər. Amma onun ardınca Ermənistanın beynəlxalq məhkəmələrə müraciəti oldu. Hamısında da “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Prinsip etibarilə Zəngəzur məsələsinin özünün sülh müqaviləsindən kənarda qalmasını doğru saymıram. Ümumən isə deyə bilərəm ki, bu məsələlər həm də dünyada gedən proseslərin təsiri altında davam edir. Müstəqil bir proses deyil. Ukrayna - Rusiya savaşı, ABŞ-dəki seçki, İsrailin İrana cavabı kimi məsələlərin hər biri haqqında danışdıqlarımız və bizimlə əlaqəli məsələlərə strateji təsir edir.

- Yeri gəlmişkən, Türkiyə siyasi gündəmində yeni “Kürd açılımı” planı müzakirə olunur. MHP lideri Dövlət Baxçalı təklif edib ki, PKK-nın həbsdəki başçısı Abdullah Öcalan Məclisə gələrək silahı yerə qoyduqlarını, sivil müxalifətə keçdiyini bəyan etsə, onun sərbəst buraxılması məsələsinə baxıla bilər. Bu, kifayət qədər geniş müzakirə doğurub. Nə baş verir Türkiyədə?

- Bir çoxları üçün Baxçalının çıxışı sensasiya oldu. Amma bundan əvvəl Türkiyə Konstitusiyasının dəyişdirilməsi istiqamətində təkliflər gündəmə gətirilib. Türkiyə əslində çox ciddi təhdidlər və çağırışlar qarşısındadır. Türkiyənin Yaxın Şərqdə gedən proseslərlə bağlı təkcə müdafiə xarakterli yox, ümumiyyətlə, bu prosesin əsas aktoru olmaq şansı var. Bu, Osmanlı imperiyasının zəiflədiyi dövrdən sonra ən ciddi şanslardan biridir. Bu da vəziyyəti dəyişəcək. Kürd məsələsinin həlli ilə ölkənin daxilində gərginlik aradan qalxacaq. Bu zaman xarici gərginliyə adekvat cavab verə bilərlər. Türkiyə təkcə müdafiə olunmur. Türkiyə həm də genişlənməlidir. Türkiyə genişlənməsə, onu böləcəklər. Gələcəkdə dünyanın yenidən bölüşdürülməsi prosesi gedir və Türkiyə burada iştirak etməlidir. Söhbət, yenə deyirəm, köhnə, klassik mənada ərazi tutmaqdan və yaxud sərhəd genişləndirməkdən getmir. İndi təsir imkanları fərqli şəkildə həyata keçirilir. Türkiyənin ən azı müəyyən tarixi dövrdəki öz sərhədlərinə qayıtmaq cəhdləri var - Avropada, Şimali Afrikada, Ərəb coğrafiyasında və Cənubi Qafqazda. Belə bir məqamda ölkə daxilindəki terror gərginliyinin aradan qalxması çox vacibdir. Baxçalının Məclisdə DEM partiyadan olan deputatların əllərini sıxaraq, “biz 85 milyon bir arada olmalıyıq” ifadəsini işlətməsi də buna yönəlib. Məncə, alınsa, doğru addım olar. Hələ terrorçu qrupların buna hansı cavabı verəcəyi məlum deyil. Şübhəsiz ki, hadisələrin Türkiyə dövləti və milləti üçün uğurlu sonluqla bitməsini istəyərdik.

- Qonşu Gürcüstandakı proseslər baradə də suallarımız var. Proses Azərbaycanda da ciddi şəkildə izlənilir. Geosiyasi bir çəkişmənin olduğunu görürük. Nə baş verəcək, sizin gözləntiniz nədir?

- Bizdə hakimiyyət yönümlü mətbuatda sanki bir İvanişvili təəssübkeşliyi var idi. Son dönəmlər bu azalıb, daha neytral şərhlər gəlir. Gürcüstanda rejimin dəyişib-dəyişməyəcəyi açıq sual olaraq qalır.

- Nə qədər ehtimal verirsiniz?

- Ümumiyyətlə sorğularda bəziləri 20 faiz fərq göstərir. Amma müxalifət də deyir ki, onlar irəlidədir. Hazırda İvanişvili hakimiyyətdədir və ona görə də müxalifət güclü bir ictimai etiraz təşkil etməsə, seçkini saxtalaşdırmaq imkanları daha çox olacaq. Hakimiyyəti bu baxımdan bir sarsıntı gözləyir. Məsələni dramatikləşdirən nüans odur ki, proses Rusiyanın zərərinə gedərsə, müdaxilə istisna edilmir. Rusiya çoxlu mesajlar verdi ki, konfederativ bir dövlət olsun. Düzdür, bunu hətta İvanişvili də rədd elədi ki, belə bir məsələ müzakirə predmeti deyil. Amma Osetiyanın və Abxaziyanın yenidən Gürcüstana birləşməsi kimi mesajlar verildi ki, seçkidə İvanişvilinin mövqeləri möhkəmlənsin. Bu məsələ geopolitik bir savaşa çevrilib. Hesab edirəm ki, Gürcüstandakı dəyişiklik Azərbaycanın strateji xarakterli stabilliyini pozmayacaq. Əlbəttə, Gürcüstandakı hadisələr burada idarəetmədə dəyişikliklərə və islahatlara təkan verə bilər. Bu baxımdan, mən Gürcüstanda hakimiyyət dəyişikliyi istəyirəm. Gürcü xalqı həqiqətən kimə səs verəcəksə, o da qalib gəlsin.

- Bakıda yağan güclü yağışdan sonra şəhərdə yaranmış fəlakətli durumla bağlı da fikirlərinizi bilmək istərdik. Cəmiyyətdə, sosial şəbəkələrdə dövlət qurumlarının yarıtmaz fəaliyyətinə görə çox ciddi şikayətlər var. Bakıda çay, göl yoxdur, amma iki nəfər yağış sularında boğuldu. Bu, çox ciddi korrupsiya faktlarını ortaya çıxartdı...

- Bakıdakı problemlərin bir çoxu artıq dönməz xarakter alıb. Yəni ənənəvi üsulla investisiya ayırıb, guya şəhərin yeni baş planını tərtib etməklə bu problemləri həll etmək mümkün deyil. Paytaxt elə bir hala salınıb ki, istənilən təbii fəlakət fəsadlara səbəb ola bilər. Bunun qarşısının alınması üçün isə hansısa bir konseptual, fundamental tədbir görülmür. Problem artıq Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsini keçib. Hər kəs insan itkisi olub deyə Sabunçudakı hadisədən danışır. Amma həmin gün Yeni Yasamalda bütün yağış suları küçələrə axırdı. Niyə? Çünki binalar tikilib, onların kanalizasiya boruları köhnə borulara yönəldilib. 2000-ci illərin əvvəlindən Bakının su-kanalizasiya sisteminə doqquz milyard dollar vəsait qoyulub. Həmin vaxt Milli Məclisin üzvü idim. Bu, neftdən sonra ən böyük investisiya idi. İndi məlum oldu ki, buradakı boruların diametri aşağı olub, bir çoxları da köhnədən qalıb. Faktiki cinayəti basdırıblar torpağın altına, yağış da bunu üzə çıxarıb.

Bu mövzunu qoyub o biri tərəfə keçək. Bakının şimal girişində - 20 Yanvardakı beynəlxalq avtovağzalın düz kənarında supermarket tikiblər. Bakının nəqliyyat probleminin aktual olduğu bir dönəmdə şəhərin şimal girəcəyində, küçəyə bitişik supermarket açılırsa, onun qabağında dayanacaq qoyulursa, bu hansı vəziyyətdə olduğumuzu göstərir. Bu sahibkar kimdirsə, o, ən yüksək səviyyədə himayə olunur...

Mətbuatdan oxuyuram ki, iki nəfərin öldüyü tuneli tikən şəxsin oğlunun Almaniyada 40 milyon avroluq oteli var. Axı bu necə ola bilər? Bunun cavabdehi hansısa yerli icra hakimiyyətinin başçısı deyil. Hökumət və onun başçısıdır. Buna siyasi qiymət verilməlidir. Eldar Əzizov deyir ki, “Biz yığışacağıq, danışacağıq və kim günahkardırsa, məsuliyyəti varsa, o halda biz tədbir görəcəyik”. Nə görüləcək? Heç nə!...

Burada beynəlxalq təcrübəyə ehtiyac var. Mən Avropanı, Amerikanı, inkişaf etmiş ölkələri nəzərdə tutmuram. Türkiyə təcrübəsini öyrənək deyirəm. Bu gün Bakı kimi milyonlarla əhalinin yaşadığı şəhərdə real olaraq bələdiyyə yoxdur. Mən bilmirəm dünyanın harasındasa ikinci belə bir şəhər varmı? Bu gün İstanbulun, Ankaranın, Moskvanın, Tbilisinin, İrəvanın belə bələdiyyəsi var.

Hesab edirəm ki, ölkədə real seçki olmayana qədər belə problemlər davam edəcək. İndi də deyirlər ki, “Sinqapur modelinə keçək”. Sinqapurun özü korrupsiyalaşmış bir ölkədir. Axı bu problemi kökündən həll edə bilməz. Oranın ərazisi və əhalisi də tamam fərqlidir. Qeyd etdiyim kimi, xüsusi fövqəl bir şeyə ehtiyac yoxdur, dünyada təcrübədən keçmiş metodlar tətbiq olunmalıdır.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.