Robert Sekuta: ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə sadiq qalır

27-10-2024, 15:54           
Robert Sekuta: ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə sadiq qalır
ABŞ -ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kazanda BRİKS sammiti çərçivəsində keçirilən görüş, ABŞ prezidenti Co Baydenin Azərbaycan prezidentinə məktubu və Birləşmiş Ştatların iki ölkə arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində səylərini şərh edib.

Amerikanın Səsi: Mənim ilk sualım prezident Əliyevlə baş nazir Paşinyan arasında Kazanda BRİKS sammiti çərçivəsində keçirilən görüşlə bağlıdır. Prezident Əliyev tərəflərin sülh sazişi və sərhəd məsələləri də daxil olmaqla, sülh gündəminin irəli aparılmasını müzakirə etdiklərini bildirib. Baş nazir Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsinin 80-90 faiz razılaşdırıldığını qeyd edib. İki ölkə arasında sülh sazişinin perspektivləri barədə sizin fikirləriniz nədən ibarətdir?

Robert Sekuta: Məncə, perspektivlər yaxşıdır, amma çətinlik bu sonuncu 20-10 faizlə bağlıdır. Bu, uzun zamandır mövcud bir şeydir. Mən səfir Əmirbəyovun “hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb” dediyi bəyanatları xatırlayıram. Mən bunu hökumətdə ticarət müqavilələrindən tutmuş ikitərəfli sazişlərə, regional sazişlərə, Böyük 20-lər, Böyük 7-lər və s. bəyannamələrinə qədər öz təcrübəmdən bilirəm.

İlk növbədə bəzi məqamları qeyd etmək istərdim. Prezident və baş nazirin görüşməsi yaxşı haldır. Onların arasında möhkəm münasibət vacibdir. Bu, deyilməsi lazım olan şeyləri demək üçün bir imkandır. Bəzən bunun üçün “mən bu prosesi irəliyə aparmağa çalışmalıyam” kimi nələrinsə deyilməsinə ehtiyac var.

Daha bir məqam müzakirələrin davam etdiyinin vurğulanması ilə bağlıdır. Bunlar asan məsələlər toplusu deyil. Biz bunu bilirik. Amma mən Ermənistanın təsis sənədlərinin mətni ilə bağlı narahatlıqların olduğu ilə bağlı bəzi məsələlərin olduğunu bilirəm. Eyni zamanda, mən erməni tərəfdə dostlarımdan eşitmişəm ki, onlar “bu, Azərbaycanın son istəyidirmi, yoxsa Azərbaycan daha nəsə irəli sürə bilər” deyə soruşurlar. Bunlar hər halda yoluna qoyulması mümkün şeylərdir.

Mən düşünürəm ki, səfir Karpenterin bu yaxınlarda Yerevana və Bakıya səfəri bunun bir hissəsidir. Lakin razılıq Azərbaycan və Ermənistan arasında əldə olunmalıdır və bu, hər iki tərəf üçün məqbul razılaşma olmalıdır. Əgər bu, məcburən qəbul etdirilən razılaşma olsa, o, uzun sürməyəcək və uzun sürməyəcəksə, o zaman konflikt olacaq. Buna görə də bu, asan deyil, bunun üçün təmkin lazımdır. Bu, dövlətçilik bacarığı tələb edir. Hər iki liderdən böyük gözləntilər var. Mən düşünürəm ki, prezident Əliyev prezident olaraq onilliklər kimi təcrübəyə malikdir. Baş nazir Paşinyan [prosesi] çox qətiyyətlə davam etdirə bildi. Mən hesab edirəm ki, həqiqətən də razılığın yekunlaşdırılmasının vaxtıdır.

Amerikanın Səsi: Bu həftə ABŞ prezidenti Bayden prezident Əliyevə məktub göndərərək Ermənistanla sülh sazişini yekunlaşdırmağa çağırıb. Prezident Bayden baş nazir Paşinyana göndərdiyi oxşar məktubda Vaşinqtonun Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyib. O həmçinin bildirib ki, administrasiyası “sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslərə” hazırdır. ABŞ-ın davamlı və ləyaqətli sülhə nail olmaq səyləri haqqında bizə nə söyləyə bilərsiniz? Administrasiya hansı təşəbbüsləri təklif edə bilər?

Robert Sekuta: Burada bir neçə məqam var. Hər şeydən əvvəl, mənim fikrimcə, bu, Birləşmiş Ştatların prezident Baydenin rəhbərliyi altında Ermənistan və Azərbaycana iki ölkə arasında münasibətlərdə nəhayət sülh yolu ilə, davamlı və ədalətli həllin taplımasında kömək etməyə sadiq qaldığını vuğurlayır. Mən təkcə Qarabağdan danışmıram. Mən iki ölkə arasında münasibətlərdən danışıram.

Mən sizə o zaman vitse-prezident Baydenlə işlədiyim və o, senator olanda onu tanıdığım vaxtlarda öz təcrübəm əsasında deyə bilərəm. O, sülh yolu ilə həll yollarını tapmaq üçün beynəlxalq nizama çox sadiqdir. O bunun üzərində işləyib. Mən 2016-cı ildə səfir olduğum dövrü xatırlayıram. O, bir neçə dəfə Prezident Əliyevlə və o zaman Ermənistanın prezidenti olan Sarkisyanla danışmışdı. O, qlobal vəziyyətə diqqət yetirən, beynəlxalq vəziyyəti anlayan biridir.

Mən həm də səfir Karpenteri yaxşı tanıyıram. Mən səfir olduğum zaman biz sıx əməkdaşlıq edirdik. O, prezident Baydenlə çox yaxından işləyən, prezidenti çox yaxşı tanıyan və prezidentin etimadını qazanan biridir. Beləliklə, bu, cavabın birinci hissəsidir.

Cavabın ikinci hissəsi ondan ibarətdir ki, bu cəsarətli təşəbbüslər hansılardır? Burada cəsarətli təşəbbüslərin yazılmadığı aşkardır. Əgər siz Yerevan və Bakıda mətbuatın məlumatlarını oxusanız, səfir Karpenterin bunları iki liderlə müzakirə etdiyini görərsiniz. Mənə görə, bu, təkliflərin və bizim görməyə çalışdığımız işlərin ciddiliyinə işarədir. Biz göstəri yaratmağa çalışmırıq. Biz hər iki tərəfə həll yolu tapmağa kömək etməyə çalışırıq. Bəzən belə danışıqları aparmaq çətin ola bilər, amma hər şeyi ictimailəşdirməmək taktikası məncə, burada əldə etdiklərimizin ciddiliyinə işarədir.

Burada mən üçüncü məqama toxunmaq istəyirəm, Fikrimcə, biz bu haqda əvvəllər də danışmışıq. Səfir olduğum vaxt məni ən çox məyus edən şeylərdən biri Vaşinqtonu həqiqətən də işə cəlb edə bilməməyim idi.

Buna görə də hesab edirəm ki, hazırda gördüklərimizin başa düşülməsinin lazım olduğunu düşünürəm. Bu da ondan ibarətdir ki, ABŞ-ın heç bir administrasiyası, heç bir ABŞ presidenti ciddi olmadıqları və real həll üçün potensialın olduğunu görmədikləri haqda bu kimi danışıqlarda iştirak etməzdilər. Onlar bunu sadəcə vaxt itirmək və ya görünüş yaratmaq xatirinə etmirlər. Onlar bu səylərə prezident səviyyəsində kapital qoyurlar və mən prezident Əliyevin və baş nazir Paşinyanın bunu anladığını bilirəm.

Buna görə də düşünürəm ki, bu, hər iki tərəfin - Azərbaycan və Ermənistanın istifadə etməli olduğu və “risklərin ola biləcəyini” başa düşdüyü görünməmiş bir məqamdır. Həyat risklərlə doludur. Amma mən eyni zamanda deyərdim ki, razılaşmanın yekunlaşdırıılmaması riski daha böyükdür. Növbəti imkanın nə vaxt əldə ediləcəyi, həll yolunu kimin tapmağa çalışacağı baxımından risk daha böyükdür. Onlar Birləşmiş Ştatlar kimi bəzi məsələlərdə maraqlı olacaqlarmı? Mən onu nəzərdə tuturam ki, bizim ərazi iddialarımız yoxdur. Biz nüfuzumuzu artırmağa çalışmırıq. Biz bu məsələdə həqiqətən də yaxşı, ədalətli vasitəçi olmağa çalışırıq.

Üçüncü narahatlıq ondan ibarətdir ki, əgər hər şey dağılsa, sözün əls mənasında insanlar ölə bilər. Mən bunu ciddi söyləyirəm. Buna görə də mən hesab edirəm ki, burada potensialın olduğunu tanımaq, bu qarşılıqlı əlaqəni tanımaq, taktikaların prezident Baydenin irəliyə getməyə kömək etmək üçün şəxsən bununla məşğul olduğunu göstərdiyini anlamaq həqitətən də olduqca mühümdür. Dövlət katibi Blinken bununla məşğul olub. Lakin hazırda Birləşmiş Ştatlar prezidenti həll yolu tapmağa çalışır. Mən ümid edirəm ki, Ermənistan və Azərbaycan bu imkandan yararlanacaq.

Amerikanın Səsi: Prezident Bayden məktubu Azərbaycan BMT-nin mühüm iqlim konfransı olan COP29-a hazırlaşdığı vaxt göndərib. Prezident Bayden Prezident Əliyevə məktubunda deyib: “Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda sizin qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün unikal imkanınız var”. ABŞ-ın bu mərhələdə Azərbaycandan gözləntiləri nədir?

Robert Sekuta: Mənim burada gördüyüm prezident Baydenin COP-un qeyri-adi dərəcədə yüksək səviyyəli beynəlxalq tədbir olduğunu qeyd etməsidir. Qlobal temperaturun 1.5 C dərəcədən yuxarı qalxmasını necə əngəlləyə bilərik? Karbon qazı tullantılarının qarşısını necə ala bilərik? Dünyada insanların ehtiyacı olduğu enerjini mədən yanacağı deyil, ekoloji cəhətdən daha təmiz şəkildə necə əldə edəcəyik? Biz bunu necə maliyyələşdirəcəyik? Bütün bunlar olduqda aktual məsələlərdir.

Bundan başqa, COP olduqca qeyri-adi bir tədbirdir. Mən unikal sözünü işlətmək istəməsəm də, amma bu halda həqiqədən də unikal bir tədbirdir, çünki bu, təkcə hökumətlərarası tədbir deyil. Hökumətlər sazişlər üzrə danışıqlar aparır, lakin şirkətlər, vətəndaş cəmiyyəti, alimlər, ekspertlər və danışıqlar aparan tərəflərin rəylərinə ehtiyacı olduğu şəxslər tərəfindən çox fəal iştirak var. Buna görə də bu, Azərbaycanın bundan əvvəl ev sahibliyi etdiyi digər yüksək səviyyəli tədbirlərdən fərqlənir, çünki burada iştirakçıların dairəsi çox genişdir.

Bu isə o deməkdir ki, Böyük 20-lər və mənim uzun illər fəaliyyət göstərdiyim bu kimi tədbirlərə əhəmiyyət verməyən insanlar burada daha çox diqqət mərkəzində olacaqlar.

Buna görə də Azərbaycan diqqət mərkəzində olacaq. İnsanlar deyəcəklər ki, “baxın bura Bakıdır, gözəldir, görün necə bir yerdir”. Xəritədə Azərbaycan haqqında ölkə olaraq daha çox bilgi əldə etməyə çalışacaqlar. Amma bu həm də Azərbaycanın konfransa yardım, COP-a qənaətbəxş həllə nail olmaqda kömək etmək baxımından nə edə biləcəyi və nə etməli olduğuna dair gözləntiləri artırmaq üçün bir imkandır. Lakin eyni zamanda, “Ermənistanla bağlı problem nə üçün hələ həll olmayıb, nə üçün bunu etmək mümkün deyil” kimi suallar da olacaq. Buna görə də bu, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir məqamdır. Mənim fikrimcə, prezident Baydenin bu məktubunda əsas məqam ondan ibarətdir ki, “prezident Əliyev, dünya sizə və Azərbaycana baxır. Buna görə də bu məqamdan istifadə edin. Gəlin bundan yararlanaq”. ”

Amerikanın Səsi: ABŞ-da seçkilərə iki həftədən az qaldığı vaxt sizin fikrinizcə, ABŞ-ın növbəti administrasiyasının Cənubi Qafqazla bağlı siyasəti necə olacaq? Administrasiya üçün əsas prioritetlərin nədən ibarət olacağını düşünürsünüz?

Robert Sekuta: Buna cavab vermək çox çətindir və hətta deyərdim ki, cavab vermək mümkün deyil, çünki birinci sual budur ki, ABŞ-ın növbəti prezidenti kim olacaq? Biz bilirik ki, administrasiya dəyişikliyi olacaq, hətta vitse-prezident Harris seçilsə belə Demokratların rəhbərliyində kimin harada olması baxımından dramatik dəyişikliklər olacaq. Biz bunu daha əvvəl Corc H. Buş prezident olanda gördük. Reyqan dövründən dəyişikliklər oldu. Aydındır ki, Donald Tramp seçilərsə, daha da böyük dəyişiklik olacaq. İki namizəd arasında beynəlxalq məsələlərə münasibət, problemlərə yanaşma baxımından çox böyük fərq var və bu mənada onların çevrəsində olan insanlar da çox fərqlidir.

Mən Demokratların Ağ Evi saxlaya biləcəyini bilmirəm. Burada kifayət qədər diqqət verilməyən bir məsələ də Senat və Nümayəndələr Palatasına seçkilərdir, bu iki orqana kimin nəzarət edəcəyidir. Onlar birbaşa siyasəti müəyyən etmirlər. Lakin büdcəni müəyyən edirlər və kursun və prioritetlərin müəyyənləşməsində söz sahibidirlər. Bu da nəzərə alınmalı daha bir məqamdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.