Fəzail Ağamalı: “Çalışırlar ki, ölkəmizi cəzalandırsınlar”

26-09-2016, 09:42           

“Ölkə prezidenti Avropa İttifaqının həmin anti-Azərbaycan qüvvələrinə ciddi qulaqburması verdi”
Ötən həftə Avropa Parlamenti Azərbaycanla münasibətləri normallaşdırmaqla bağlı addım atdığı halda, Venesiya Komissiyası ilə Bakının münasibətləri qəfildən gərginləşdi. Görünən budur ki, rəsmi Bakı da bu situasiyanı gözləmirmiş və verilən reaksiyalar da bunu deməyə əsas yaradır. AVP sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ilə söhbətimizdə Bakı ilə Qərb təşkilatları arasındakı münasibətlərdən danışdıq.

- Fəzail bəy, Azərbaycan hökuməti ilə Qərbin bəzi dairələri arasında “savaş”ın yeni konturları görünməkdədir. Sizcə, bu dəfə nə baş verir?

- Bütün bunlar Azərbaycana qarşı təzyiqin, təhdidin yeni variantlarıdır. Uzun illər ərzində ən ciddi siyasi hadisələr ərəfəsində Azərbaycana buna bənzər təzyiqlər olub, gələcəkdə də bunun olmasını istisna etmirəm. Bəli, Avropa Parlamentinin Azərbaycana qarşı uzun illərdən bəri davam edən qərəzli münasibətinə Azərbaycan həm prezident, həm də parlament səviyyəsində özünün adekvat cavabını verdi. Ancaq Azərbaycan dövlətinin Avropa İttifaqına daxil olan ölkələrlə intensiv xarakter daşıyan ikitərəfli, hətta üçtərəfli münasibətləri yüksələn xətlə inkişaf edirdi və bu gün də inkişaf edir. Avropa İttifaqının ağıllı insanları başa düşdülər ki, Azərbaycanla diktə dilində danışıb onu təcrid etməklə, ondan uzaqlaşmaqla, ona təhdid xarakterli münasibət bəsləməklə ölkəmizlə münasibətlərdə çox ciddi problemlər yarada bilərlər, bunu dərk etdilər.

Ona görə də həmin ağıllı insanlar, həm Avropa Parlamentindən, həm də Avropa İttifaqından nümayəndə heyəti ilə Azərbaycana gəlməyi zəruri hesab etdilər. Ölkə prezidenti də çox yüksək səviyyədə, konkret faktlarla, arqumentlərlə Avropa İttifaqının həmin anti-Azərbaycan qüvvələrinə ciddi qulaqburması verdi, onlara dərs keçdi, sübut etdi ki, siz Azərbaycana qarşı çox ədalətsiz mövqedəsiniz. Eyni zamanda Azərbaycan dövlətinin iradəsini ortaya qoydu ki, ölkə prezidenti ilə bir şəklinə görə Şahtaxtinskinin diplomatik missiyasına son qoyulur, buna adi bir məsələ kimi baxılır. Onda Azərbaycan dedi ki, yaxşı, belədirsə, sənin buradakı ofisinə nə ehtiyac var, buyurun, ofisinizi burdan götürün, aparın! İndi isə ölkə prezidenti dedi ki, buyurun, Şahtaxtinskinin hüquqlarını bərpa edin, ondan sonra gəlin, burada ofisinizi açın! Çünki bunun şəcərəsi, nəsli Azərbaycana çox böyük töhfələr verib, sıradan bir insan deyil. Lap sıradan bir insan da olsaydı, Azərbaycan əsillidirsə, Azərbaycan dövləti bu cür insanların yanında olmalıdır, necə ki, oldu. Bu, Azərbaycan dövlətinin gücü deməkdir. Beləliklə, hər zaman hücuma məruz qalanda Azərbaycan geri çəkilmir, adekvat addım atır.

İndi nə üçün son vaxtlar Venesiya Komissiyası referendumu bəhanə edərək anormal, ağlasığmayan bir rəylə mövqeyini ifadə etdi? Təbii ki, bunun bizimçün heç bir əhəmiyyəti olmayacaq, referendum keçiriləcək, xalq öz iradəsini ortaya qoyub buna müsbət rəyini bildirəcək, buna şübhəm yoxdur. Demək, onların dedikləri kağız üzərində qalacaq. Bundan başqa, BMT-nin insan hüquqları ilə bağlı qurumun Azərbaycandakı nümayəndəsi cənab Mişelin hesabatı da qərəzli münasibətini gördük. Yenə də Azərbaycana təzyiq var. Digər tərəfdən, ABŞ-da anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı dinləmələr keçirir və bu dinləmələrdə eyni zamanda Dağlıq Qarabağdakı qondarma rejiminin nümayəndəsi orda iştirak və çıxış edir, anti-Azərbaycan mövbqeyi ilə fərqlənən amerikalılar bu prosesdə aparıcı rol oynayır. Eyni zamanda çox qəribədir, Azərbaycanda antimilli qüvvələrin içində yer alan Xədicə İsmayılova yenə də öz fəaliyyəti ilə ermənilərin yanındadır. Azərbaycanı ittiham edir, ölkəmizə obyektiv münasibət bəsləyənlərin üzərinə hücuma keçir. Əli Kərimli öz oğlunu Azərbaycanla bağlı dinləmələrə göndərir, anti-Azərbaycan qüvvələrinin içərisində yer alır. Buyurun, mənzərə budur!

- Bu basqıların səbəbləri nədir?

- Azərbaycan bir müddət öncə özünün çox əhəmiyyətli bir təşəbbüsünü reallaşdıra bildi. Rusiya-Azərbaycan-İran üçlüyünün yaradılması və bununla bağlı üç prezidentin Bakıdakı görüşündə ortaya iradə qoyulması, “Şimal-Cənub” dəhlizinin açılması və Azərbaycanın İran və Rusiya arasındakı münasibətlərin daha yüksək səviyyədə qurulmasında, eyni zamanda Azərbaycanın dövlət maraqlarının burada yer almasında oynadığı rol ABŞ-ı son dərəcədə qıcıqlandırır. Açıq şəkildə edə bilmir, Kozlariç və digərlərinin əli ilə bizə qarşı təzyiq edir, BMT nümayəndəsinin Azərbaycana qarşı qeyri-obyektiv məruzəsini ortaya qoyur, Venesiya Komissiyasının vasitəsilə referenduma özünün anormal mövqeyini ifadə edir. Bütün bunlar hamısı siyasi sifarişlərdir. Məqsəd budur ki, Azərbaycanın bu gün regionda atdığı addımlar ABŞ-ın strateji maraqlarına uyğun gəlmədiyi üçün çalışırlar ki, ölkəmizi cəzalandırsınlar.

“Azərbaycanın neft pullarının kifayət qədər sığortası var və bu pula kiminsə yiyələnməsi istisnadır”


ABŞ-ın Rusiya və İrana münasibəti də bəllidir. İndi təbii ki, Azərbaycan bu iki dövlətin arasında öz maraqlarını önə çəkməklə, bir dəhliz yaradılırsa, bu dəhliz eyni zamanda Rusiya və İranla yanaşı, Azərbaycana böyük üstünlüklər gətirilirsə, bu, artıq ABŞ-ın maraqlarına ziddir. Ona görə də bir tərəfdən Rusiyaya qarşı sanksiya qərarları qəbul edilir, digər tərəfdən İran yeni sanksiyalarla təhdid edilir, həmçinin Azərbaycan hədəfə alınır. Məncə, məsələnin mahiyyətində bu dayanır.

- Neft gəlirlərinin azaldığı bir zamanda Azərbaycan təbii ki, Dünya Bankından, digər qurumlardan kreditlər almaqda maraqlıdır. Bəzi ekspertlər hesab edir ki, iqtisadi problemlərin mövcudluğu şəraitində dünyadan təcrid olunmaq baha başa gələ bilər. Elə isə beynəlxalq təşkilatlar və aparıcı güclərlə konfrontasiya şəraiti ölkəmizi ağır situasiya ilə üz-üzə qoya bilərmi?

- Bu gün beynəlxalq aləmdə böyük güclərin qarşı-qarşıya durması və yuxarıda bəhs etdiyim situasiya Azərbaycan və Azərbaycan kimi ölkələrə xeyir gətirmir. Azərbaycan çox ciddi bir strateji məkanda yerləşir, ölkəmizin geosiyasi vəziyyəti bu iri dövlətlərin toqquşmuş olduğu mərkəzlərdən biridir. Şükürlər olsun ki, prezidentimiz kifayət qədər ağıllıdır, böyük təcrübəsi var, dünyada gedən bütün prosesləri yüksək səviyyədə təhlil edib nəticə çıxara bilir və bu çətinliklərin Azərbaycandan yan keçməsi üçün konkret addımlar atır. Təsadüfi deyil ki, məhz bunun hesabına Azərbaycan dövləti gəlib yüksək inkişaf səviyyəsinə çıxmaqdadır. Ancaq beynəlxalq aləmdə yaranmış olan xoşagəlməz durum, dövlətlər arasındakı münasibətlərin gərginliyi, eyni zamanda son zamanlar Türkiyə ilə bağlı baş vermiş olaylar ABŞ-la Rusiya və İranın maraqlarının bölgədə ciddi şəkildə toqquşması, Yaxın Şərqdə, “qulağımızın dibində” gedən müharibələr əlbəttə, bizim xeyrimizə deyil və bizə xoş məqamlar vəd etmir. Ona görə də vəziyyət kifayət qədər mürəkkəbdir. Ancaq mən ümidvaram ki, Azərbaycan dövləti özünün indiki siyasəti, müstəqil xətti, ilə ikitərəfli dövlətlərarası münasibətlərlə yaranmış olan son dərəcə gərgin beynəlxalq vəziyyətdə indiyədək olduğu kimi, bundan sonra da özünü xoşagəlməz situasiyalardan, kataklizmlərdən sığortalayacaq.

Çünki Azərbaycanın həyata keçirtdiyi xarici siyasət çoxqütblüdür və balanslaşmış siyasətə söykənir. Ona görə də dünya artıq qəbul etməyə başlayır ki, Azərbaycan müstəqil siyasət yeridir, gəlin bu müstəqil siyasəti qəbul edək, ona hörmətlə yanaşaq.

- Bu da bir gerçəklikdir ki, böyük maliyyə resurslarına malik olan dövlətlər və hakimiyyətlərlə bağlı hər zaman çeşidli planlar hazırlanıb, həyata keçirilib. İran şahının varidatının taleyi indiyədək məlum deyil, Liviya, Misirin keçmiş prezidentlərinin milyardlarının da taleyi bəlli deyil. Azərbaycanın da böyük neft vəsaitləri var və bu pullar ölkə xaricindəki banklarda saxlanılır. Bu mənada ölkəmizə qarşı bənzər planlar hazırlana, hakimiyyətlə bağlı ssenarilər işə salına bilərmi?

- Bunlar istisna olunmur. Bəli, belə bir təcrübə var. Bu, Liviyada, Misirdə, Yəməndə də oldu. Başqa təcrübələr də var. Səddam Hüseynlə bağlı olaylarda da bu, özünü göstərdi. Çox təəssüf ki, bu qanqster siyasəti beynəlxalq hüquqda ciddi yer almaqdadır. Dövlətin pulunu mənimsəyirlər, bunu da ayrı-ayrı şəxslərin adı ilə bağlayırlar. Əgər konkret olaraq o fərdlərin adına pul varsa, bu, başqa məsələdir. Ancaq əgər dövlətin pulu ayrı-ayrı ölkələrin banklarında dövriyyəyə buraxılıbsa və o, dövlətin, xalqın puludursa, buna əl atmaq beynəlxalq səviyyəli cinayətdir. Məncə, Azərbaycanın neft pullarının kifayət qədər sığortası var və bu pula kiminsə yiyələnməsi istisnadır. Nəzərə almalıyıq ki, Azərbaycan dövlətinin başçısı ilə, prezidentlə Azərbaycan xalqının çox sıx birliyi var. Əslində Azərbaycana qarşı bu cür cəhdlər artıq tətbiq olunmaqdadır. Radikal dini cərəyanların vasitəsilə, Milli Şuranın və AXCP-nin rəhbəri kimi Əli Kərimli, leyla yunuslar, xədicə ismayıllar, sosial şəbəkələr, jurnalistlər, ictimai fəallar, antimilli insanlar vasitəsilə Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar. Lakin xalqla dövlətin, prezidentin sıx birliyi həmin layihələrin həyata keçməsinə imkan vermir, bundan sonra da verməyəcək.
Azərbaycan xalqının mütləq əksəriyyəti bu gün dövlətin və prezidentin yanındadır. Hətta özünü radikal müxalifət hesab edən bəzi partiyaların üzvlərinin də bu baxımdan mövqeyi tamamilə onların rəhbərlərindən fərqlənir. Təsadüfü deyil ki, onlar həmin partiyaları tərk edirlər. Bu gün AXCP və Müsavat Bakıda bir ofis partiyasına çevrilib. Onların sosial dayaqları regionlarda demək olar ki, yoxdur. Onlar Azərbaycan mühitində belə siyasi qüvvə kimi yoxdurlar. Ona görə də xalqımızın iradəsi, dövlətimizin gücü, prezidentimizin müdrüklüyü həmin antimilli, Azərbaycan dövlətinə zərbə vura biləcək, istiqlalımıza təhlükə yarada biləcək o layihələrin həyata keçirilməsinə imkan verməyəcək.

- Fəzail bəy, referendumdan sonrakı Azərbaycan haqqında nələr düşünürsünüz?

- Ciddi, mütərəqqi xarakter daşıyan dəyişikliklərdir. Bu dəyişikliklər Azərbaycanda dövlətçiliyimizin güclənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, onun konkretləşməsinə, vətəndaşla məmurlar və dövlət arasındakı münasibətlərin daha yüksək səviyyədə və sivil formada qurulmasına, insan hüquq və azadlıqlarının daha da dərinləşməsinə, sahibkarlığın dövlət tərəfindən himayə olunmasına çox ciddi töhfələr verə biləcək bir dəyişiklikdir. Mən tamamilə əminəm ki, xalqımızın müsbət rəyindən sonra dediyim bütün istiqamətlərdə ciddi dəyişikliyin şahidi olacağıq və Azərbaycan həmin sahələrdə yeni bir mərhələyə adlayacaq, buna qətiyyən şübhə yoxdur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.