Eks-deputat deputatla razılaşmadı: - “Mənfi hərəkətlər etməsin, onu da çəkməsinlər”
17-02-2025, 16:15

“Bəhruz Məhərrəmovun fikirləri ilə razı deyiləm”.
Bunu “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev bildirib.
O, Milli Məclisdə həmkarı olmuş deputat Bəhruz Məhərrəmova etirazını bildirib.
Xatırladaq ki, bu günlərdə parlament üzvü əcaib görünəcək bir təklif səsləndirib: kənd məktəbində müəllimlərin mübahisəsinin, yaxud bir müəllimin hər hansı pozuntu törətməsinin ənənəvi və sosial mediada yayımlanmaması. Guya bu, cəmiyyətə heç nə vermir, ancaq müəllim kimliyini yerlə-yeksan edir.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Etibar Əliyev bildirib ki, müəllimllərin peşə etikası hansısa sənədlə deyil, onun öz məsuliyyəti ilə tənzimlənməlidir:
“Müəllimlərin etik davranış qaydaları var. Bu, Təhsil Nazirliyinin Kollegiyasının 6 noyabr 2014-cü il tarixli, 1/2 nömrəli qərarı ilə təsdiq edilib. Amma söhbət bundan getmir. Bu sənədlə tənzimlənəsi məsələ deyil.
“Müəllim” anlayışı ən yüksək anlayışdır. Müəllim öyrədən, tərbiyə edən, şagirdini düz yola çəkən şəxsdir. Müəllim etikası, müəllim mədəniyyəti bu peşəni seçən şəxsin özündə olmalıdır. Yəni bu hər hansı bir sənədlə tənzimlənəsi deyil. Bir şəxs əgər müəllim peşəsini seçirsə, o, mədəniyyəti, etikası ilə seçilən biri olmalıdır. Bunun üçün o, kifayət qədər mütaliəli olmalı, pedaqogika elmini bilməlidir. Öz davranışlarına fikir verməlidir. Gələcək nəslin yetişməsi məhz müəllimdəki bu kimi keyfiyyətlərdən asılıdır.
Biz öz dövrümüzdə müəllimlərimizə bənzəmək istəyirdik. Əgər müəllim kobuddursa, heç bir etik qaydalara əmək etmirsə, şagirdi nəinki onun özünə, keçdiyi fənnə də pis münasibət göstərəcək. Bu baxımdan, mən Bəhruz Məhərrəmovun fikirləri ilə razı deyiləm. İnformasiya əsrində yaşayırıq. İnformasiyanı ötürmək alətləri çoxsayılıdır. Müəllim mənfi hərəkətlər etməsin, onu da videoya çəkməsinlər”.
Etibar Əliyev qeyd edib ki, hazırda məktəblərdə olan bir sıra hallar müəllim etikasının pozulmasına gətirib çıxarır:
“Müəlllim elə bir şəxs olmalıdır ki, evdən çıxıb məktəbdəki dərs prosesinin sonuna qədər özü özünü tənzimləməlidir. Öz hərəkətlərinə qiymət verməlidir. Söhbət kənd, rayon, yaxud şəhər məktəblərinin müqayisəsindən getmir. Bölgələrdə fəaliyyət göstərən müəllimlərin daha çox qeyri-etik hərəkət etməsi ilə bağlı hansısa tədqiqat varmı? Bu gün yuxarı sinif şagirdlərinin tam əksəriyyəti məktəbə getmirsə, davamiyyət həddən artıq aşağı səviyyədədirsə, valideynlər uşaqları əlavə hazırlığa cəlb edirsə, burada nizam-intizam pozulur. Bütün bunların heç biri məktəbə xas olan etik qaydalara uyğun gəlmir. Bizim məktəblərdə gələcək nəsillərin formalaşması üçün müəllim davranışı və etikasının rolu mütləq şəkildə özünü düzgün şəkildə göstərməlidir”.